Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
“Təklif Türkiyə tərəfinə çatdırılıb, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onu qəbul edib”, – o vurğulayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bir gün əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələlik razılaşdırılmayıb, bu istiqamətdə iş davam edir.
BRİCS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Məlum olduğu kimi, daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi bildirilmişdi. Hərçənd rəsmi Ankara hələ məsələyə münasibət bildirməyib.
İddiaya görə, rəsmi Ankara BRICS-i Avropa İttifaqına (Aİ) dəyişir.
Əvvəlcə onu deyək ki, son zamanlar yenidən gündəmə gələn və əhəmiyyətinin getdikcə artdığı hiss edilən təşkilatlardan biri də BRİCS-dir. BRİCS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Türkiyənin BRICS-in sammitinə dəvət olunması onu deməyə əsas verir ki, üzv dövlətlər rəsmi Ankaranın müraciətinə müsbət yanaşırlar. Əslində, bu, təəccüblü deyil. Çünki Türkiyənin üzv dövlətlərlə, xüsusilə Rusiya və Çinlə çox yaxşı münasibətləri var. Bu münasibətlər bir çox sahələri, o cümlədən iqtisadi sferanı əhatə edir. Yəni Türkiyənin perspektivdə BRICS-ə üzvlüyü təkcə namizəd dövlətin özü üçün deyil, həm də üzvlər üçün əhəmiyyətlidir.
Türkiyənin BRICS-ə mümkün üzvlüyü təkcə iqtisadi əhəmiyyətli məsələ deyil. Bu, həm də siyasi və təhlükəsizlik baxımdan əhəmiyyətlidir. Türkiyənin BRICS-ə üzvlüyü, şübhəsiz ki, təşkilatı daha da gücləndirəcək.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan bir müddət əvvəl, daha dəqiq desək, bu il avqustun 20-də sözügedən təşkilata üzvlüklə bağlı rəsmi müraciət edib.
Bundan əvvəl, iyulun 3-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Demək yerinə düşər ki, rəsmi Bakının təşkilata üzvlüklə bağlı müraciəti Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana dövlət səfərindən və həmkarı İlham Əliyevlə görüşdən sonrakı dövrə təsadüf etdi. Bu, İkinci Qarabağ Müharibəsindən sonra V.Putinin Bakıya ilk səfəri idi. Səfərin dövlət əhəmiyyətli olması bu hadisə ilə müəyyən gözləntilər yaradırdı. Düşünmək olar ki, Azərbaycanın BRİCS-ə üzvlüyü ilə bağlı müraciəti məhz Prezident İlham Əliyevlə rusiyalı həmkarının görüşü zamanı əsas müzakirə mövzularından olub.
Ehtimal etmək olar ki, avqustun 17-də və sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığında, habelə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 27-də Türkiyəyə işgüzar səfərində və həmkarı Hakan Fidanla telefon danışığında da bu məsələ geniş müzakirə olunub.
Yeri gəlmişkən, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi sabah – sentyabrın 4-də 12 ildən sonra ilk dəfə Türkiyəyə səfər edəcək. O, həmkarı R.T.Ərdoğanla görüşəcək. Rəsmi məlumata görə, liderlərin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Amma düşünmək olar ki, dövlət başçıları məhz Türkiyənin təşkilata üzvlüyü barədə də danışacaqlar.
Məlum olduğu kimi, Qahirə ilə Ankara arasında münasibətlər hələ ki sərindir. Ankaranın BRİCSƏ üzvlük məsələsi ilə Sisinin Türkiyəyə səfərinin eyni ərəfəyə düşməsi, böyük ehtimal, təsadüf deyil. Düşünmək olar ki, perspektivdə Türkiyənin təşkilata üzvlüyü Misirlə əlaqələrin inkişafı üçün müstəsna rol oynayacaq. Bundan qazanan isə təkcə Ankara yox, həm də Qahirə olacaq.
Ümumiyyətlə, Azərbaycan və Türkiyənin BRİCS-ə mümkün üzvlüyü təşkilatın özü üçün də əhəmiyyətlidir. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və təhlükəsizlik kontekstindən qiymətləndirilməli məsələdir. Unutmamalıyıq ki, Azərbaycan və Türkiyə regional və qlobal proseslərə yön verən iki aparıcı aktordur.
Azərbaycandan sonra Türkiyənin BRİCS-ə üzvlük üçün müraciəti həm də iki qardaş dövlət arasında münasibətlərin pozulması üçün bir bəhanə axtaranlara cavab oldu: bir daha göstərildi ki, Bakı və Ankaranın xarici siyasət kursunda heç bir ziddiyyət yoxdur.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı