KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan üçün unikal imkan yaranıb: anti- terror əməliyyatına başlaya bilərikmi?

Kənan Novruzov: Azərbaycan üçün unikal imkan yaranıb: anti- terror əməliyyatına başlaya bilərikmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
377 0

Rusiya ilə Ukrayna arasında bir neçə gündür davam edən müharibə Azərbaycan və Cənubi Qafqaz üçün xüsusi əhəmiyyətlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləsə də, Donetsk və Luqanskın tanınmasına hələlik münasibət bildirməyib. Rəsmi Bakı neytrallığını qorumaqdadır. Əlbəttə, bu, anlaşılandır və ən düzgün mövqedir. Düzdür, biz də işğaldan əziyyət çəkmişik, separatizmin nə olduğunu bilirik. Amma Rusiya ilə də normal əlaqələrimiz, tərəfdaşlığımız var. Üstəgəl, rus hərbçilərinin Qarabağdakı mövcudluğu o deməkdir ki, istənilən an Azərbaycan üçün yeni təhdidlər yarana bilər. Deməli, hələlik ən məqsədyönlü strategiya məhz bitərəf davranmaq və proseslərinin inkişafını gözləməkdir.
Əlbəttə, Ukraynaya can yandırır, müharibənin tez bitməsini arzulayırıq. Digər bir tərəfdən isə, savaşın uzanması və nəticədə Kremlin zəifləməsi geosiyasi maraqlar baxımından bizə sərf edir. Bu, həm də Moskvanın Cənubi Qafqazdakı mövcudluğunun zəifləməsi deməkdir.
Son günlər Azərbaycan siyasi seqmentində bu məsələ ciddi müzakirə olunur: Rusiya ilə Ukrayna arasındakı toqquşmadan necə yararlana bilərik? Əlbəttə, söhbət Qarabağda yarımçıq qalmış işlərdən, o cümlədən erməni terrorçularının buradan çıxarılmasından gedir. Müharibədən bir gün əvvəl Bakı ilə Moskva arasında imzalanan Strateji tərəfdaşlıq haqqında saziş də məhz buna, Rusiyanın şərq cəbhəsindən arxayın olmasına hesablanmışdı. Amma həmin sənəd heç də bizə mane olmur. Əksinə, sazişdə 10 noyabr və 11 yanvar müqavilələrinə istinad edilməsi, həmçinin ərazi bütövlüyünün tanınması ilə bağlı yeni müddəa, terrorizmə qarşı birgə mübarizə bizə yeni imkanlar, yeni fürsətlər yaradır. Azərbaycan bir çox ekspertlərin də düşündüyü kimi, terrorçuların Qarabağdan çıxarılması barədə yaxın günlərdə Rusiyaya müraciət edə və tələbimiz ödənməyəcəyi təqdirdə yeni anti-terror əməliyyatına başlaya bilər. Məlumdur ki, indi Kremlin başı qarışıqdır və bizim potensial hərbi əməliyyatımıza müdaxilə imkanı minimumdur. Üstəgəl, son vaxtlar düşmənin cəbhənin müxtəlif istiqamətlərində təkrarladığı təxribatlar da anti-terror əməliyyatına start verməyimiz üçün kifayət qədər tutarlı əsasdır.
Nəzərə alınmalı başqa bir məqam regionda yeni səhifənin açılması, əməkdaşlıq platformasının qurulmasıdır. Terrorçuları Qarabağdan çıxarmaq üçün hüquqi əsasımızın olmasına rəğmən, anti-terror əməliyyatına başlanılması, bəlkə də, prosesləri müəyyən mənada ləngidə bilər.
İstənilən halda, bu müharibə fonunda Azərbaycan üçün unikal imkan yaranıb. Və biz Türkiyənin da siyasi dəstəyi ilə bu fürsətdən yararlana bilərik.
Kənan Novruzov,

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir