Azərbaycan Suriya ilə bağlı hansı addım atacaq: Ərdoğan bu ifadəsi ilə dedi ki…
Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 10-da Suriyadakı son durumla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır.
Eyni zamanda, Azərbaycanın Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Azərbaycan həmçinin 2020-ci ildən başlayaraq Türkiyənin ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.
Bu bəyanatdan əvvəl Azərbaycan Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla Suriyadakı durumu müzakirə edib. Telefon danışığı zamanı diqqətə çatdırılıb ki, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır.
Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Əvvəl də dediyimiz kimi, Bəşəd Əsəd rejiminin devrilməsindən sonra Suriyada “oyun qaydaları” dəyişdi. Beləliklə, beynəlxalq geosiyasi müstəvidə yeni reallıqlar yarandı. İndi əsas sual rəsmi Bakının bu reallıqlara necə münasibət göstərməsi ilə bağlıdır.
Məlum olduğu kimi, indiyədək Suriyada Rusiya ilə Türkiyənin maraqları toqquşurdu. Bəzilərinin fikrincə, Suriyadakı hadisələr, o cümlədən hakimiyyət dəyişikliyi Ankara- Moskva münasibətlərinə təsir edəcək. Əgər belə olarsa, rəsmi Bakı, həqiqətən, müvəqqəti olsa da seçim qarşısında qala bilər. Ancaq bunun belə olacağını düşünmürəm.
Məsələ burasındadır ki, Türkiyə Əsəd rejiminə son qoymaq üçün düzgün vaxtı seçdi. İndi Rusiyanın əsas prioriteti Ukraynadır. Odur ki, qoşunların Suriyadan çıxarılıb Ukraynaya cəlb edilməsinə razı oldu. Təsadüfi deyil ki, Rusiya Suriyadakı proseslərə ciddi müdaxilə etmədi.
Çox güman ki, Suriyada baş verənlər Ankara ilə Moskva arasında əvvəlcədən razılaşdırılmışdı. Ona görə də Əsəd rejiminin devrilməsindən sonra Ərdoğan çıxışlarının birində dünyada özü və rusiyalı həmkarı Vladimir Putin olmaqla iki liderin qaldığını dedi. Düşünmək olar ki, bu, Ərdoğanın Putinə jesti idi.
Əgər tərəflər arasında razılıq olmasa idi, Əsəd rejimin devrilməsi nəticəsində Ankara- Moskva xəttində gərginlik yaransa idi, onda Bakı seçim qarşısında qala bilərdi. İndiki halda isə belə bir vəziyyət yoxdur. Bu isə o deməkdir ki, Azərbaycan proseslərə soyuqqanlı yanaşacaq və Türkiyənin Suriya ilə bağlı siyasətini dəstəkləməyə davam edəcək.
Kənan Novruzov