KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan seçim etməli olacaq: İran, yoxsa İsrail?

Kənan Novruzov: Azərbaycan seçim etməli olacaq: İran, yoxsa İsrail?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
79 0

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrailin Livana ərazisinə hücumları, həmçinin İranla gərginliyin getdikcə artması belə düşünməyə əsas verir ki, müharibənin genişlənmə ehtimalı kifayət qədər çoxdur. İran göz görə – görə savaşa çəkilir.

Rəsmi Tehran riskləri real qiymətləndirir. Başa düşür ki, müharibəyə qoşulmasının nəticələri ağır olacaq. Ona görə də təmkinli, səbrli davranır və müharibəni mümkün qədər tez dayandırmağa, öz təhlükəsizliyini təmin etməyə çalışır.

İranın diplomatik təmasları intensivləşdirməsi də bu baxımdan qiymətləndirilməlidir.

Rəsmi Tehran özü müharibəyə sürüklənmədən savaşı dayandırmaq üçün bütün mümkün diplomatik imkanlardan istifadə edir. Amma bu cəhdlər fayda verməyə, Tehranla Təl- Əviv arasında genişmiqyaslı müharibə başlana bilər. Belə bir ssenari işə düşərsə, rəsmi Bakı hansı tərəfi dəstəkləyəcək?

Öncə onu deyək ki, belə bir müharibənin başlanması perspektivdə üçüncü dünya müharibəsinin elan olunmasına səbəb ola bilər. Çünki Yaxın Şərqdə toqquşan maraqlar kifayət qədərdir.

Yaxın Şərqlə bağlı əsas sual budur: İranla İsrail arasında müharibə başlasa, Azərbaycan hansı tərəfin yanında olacaq?

Ümumiyyətlə, belə bir ssenari rəsmi Bakının maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan hər iki tərəflə danışaraq, diplomatik imkanlardan istifadə edərək savaşın genişlənməsinin qarşısını almalıdır.

Məsələ burasındadır ki, Azərbaycanın hər iki dövlətlə normal əlaqələri var. İran Azərbaycanla qonşudur. Buna baxmayaraq, zaman- zaman rəsmi Tehran Bakıya qarşı qərəzli mövqe nümayiş etdirib, Ermənistanı müdafiə edib. Hazırda isə İranın yeni prezidenti olan Məsud Pezaşkian Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Bu, təsadüfi deyil. Çünki İran başa düşür ki, Azərbaycan hansısa mərhələdən sonra seçim qarşısında qala bilər. Odur ki, “keçmiş səhifələri bağlamaqla” bir növ “xal qazanmağa” çalışır.

İsraillə Azərbaycan arasındakı münasibətlər isə daha stabildir. Təl- Əviv İkinci Qarabağ müharibəsi dövründə Bakını dəstəkləyib, silah satıb.

Bunlarla yanaşı, beynəlxalq geosiyasi vəziyyəti də nəzərə almaq lazımdır: Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə açıq- aydın İsrailə qarşıdır. Müharibə başlasa, Türkiyə bu və ya digər formada İranı dəstəkləyəcək. Həmçinin Azərbaycanın ikinci strateji müttəfiqi olan Rusiya da İranın yanında olacaq.

Eyni zamanda məlumdur ki, İsrailin arxasında ABŞ dayanır. Vaşinqtonla Bakının münasibətləri isə tədricən pisləşir. Əlbəttə, bu da hansısa dərəcədə Azərbaycanın seçiminə təsir edəcək.
Ən vacib məqamlardan biri də budur ki, rəsmi Bakı Təl- Əvivi açıq- aşkar müdafiə edərsə, bu, Ankara və Moskva ilə münasibətlərdə narazılığa səbəb ola bilər. Azərbaycan, yəqin ki, bunu da nəzərə alacaq.

Beləliklə, Azərbaycan müharibənin daha çox genişlənməməsi üçün bütün mümkün vasitələrdən istifadə etməkdədir. Savaş daha geniş əraziyə keçsə, Bakı çətin seçim qarşısında qalacaq.

Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir