KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan- Aİ yaxınlaşmalarına Rusiya necə reaksiya verəcək?

Kənan Novruzov: Azərbaycan- Aİ yaxınlaşmalarına Rusiya necə reaksiya verəcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
331 0

Son vaxtlar Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni mərhələ başlayıb. Xüsusilə Avropa İttifaqı ilə əlaqələrimiz genişlənir. Ümumiyyətlə, sözügedən qurumla münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən Aİ ilə bağlı 9 dəfə Brüsselə səfər edib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Aİ üzv dövlətlərindən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir. 2021-ci ilin iyun ayında Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin də vasitəçilik rolu olmuşdur. Bundan başqa, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə, regionda kommunikasiyaların açılması prosesinə də töhfə verə bilər.
Əlbəttə, bu, heç də Rusiyanın ürəyincə deyil. Çünki Bakı və İrəvanın Qərblə dialoqları Moskvanın Cənubi Qafqazdakı təsir qüvvəsinin azalması deməkdir. Xüsusilə Aİ- nin Qarabağdakı bərpa işlərində iştirak etməsi Kremlin torpaqlarımızla bağlı çirkin planlarının üstündən xətt çəkilməsidir.
Doğrudur, bizim Aİ ilə münasibətlərimiz uzun illərdir davam edir, yəni yeni deyil. Ancaq durum dəyişir. İndi Qərblə Rusiya arasındakı mübarizə daha amansızdır. Bölgənin dünya gücləri üçün əhəmiyyəti isə getdikcə artmaqdadır. Belə olan halda indidən təxmin etmək olar ki, Qərb regiona gəlməkdən ötrü əlaqələrin güclənməsində maraqlıdır. Lakin Rusiyanın Azərbaycan- Aİ, Ermənistan- Aİ münasibətlərinə səssiz yanaşacağını düşünmək sadəlövhlük olar. Şimal qonşumuzun hər iki tərəfə təzyiqləri artıracağı istisna deyil. Həmçinin Ermənistan ordusundakı ruspərəst qüvvələrin “əli ilə” təxribatlarına baş verməsi, beləliklə, ziddiyətin yaranması mümkündür. Moskva bilir ki, belə olsa, hər iki tərəf istər- istəməz, bütün hallarda üzünü Kremlə çevirəcək.
Lakin düşünürəm ki, Kremli fakt qarşısında qoymaqdan ötrü Qərblə əlaqələrimizi gücləndirməyə davam etməliyik. Hər halda Qərb iki pisdən daha az pisi olanıdır. Birincisi ona görə ki, Rusiya bizə daha yaxındır, təhdid imkanları daha çoxdur. İkincisi, hazırda Qarabağ məsələsində Qərbə nisbətən Rusiyanın təsir imkanları daha çoxdur. Bizim Aİ ilə yaxınlaşmağımız bu məsələdə balans yaradacaq, başqa sözlə, Moskvanın “rıçak”larını azaldacaq. Üçüncü bir tərəfdən isə qardaş Türkiyənin NATO ölkəsi olması Qərbdən gələn təhlükələr üçün “hava yastığı” ola bilər.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir