ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinin “The New York Times” nəşrinə yazdıqları məqalədə qeyd olunub ki, güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək. Yazıda bildirilir ki, ABŞ və digər müttəfiqlər Ukraynanı dəstəkləməyə davam etməlidir: “Beləliklə, tərəfdaşlar Rusiya ilə mümkün danışıqlarda Ukraynanın mövqeyini gücləndirməlidir”.
Onların fikrincə, Ukraynanın bu günə qədər qazandığı uğur böyük strateji nailiyyət olaraq qalır: “Rusiya isə ciddi dilemma ilə üzləşib. Müharibə başlayandan Rusiya 700 000-dən çox hərbçinin öldürüldüyünü və ya yaralandığını bildirib. İndi rəsmi Moskva çətin seçim qarşısındadır: ya minimal qazanclar üçün daxili xaosa səbəb olmaq, ya da müharibənin başa çatmasından ötrü Ukrayna ilə danışıqlara getmək. Rəsmi Vaşinqtonun Ukraynaya maliyyə və hərbi dəstəyi Kiyevə və ABŞ-nin növbəti administrasiyasına təsir imkanları verib. Bu vasitələr davamlı sülhə nail olmaq üçün istifadə edilməlidir”.
Nazirlərin məqaləsində diqqətçəkən bir neçə məqam var. Birincisi, onlar güc vasitəsilə sülhə nail olmağı xüsusi qeyd ediblər. Bu, Kiyevi Moskva ilə döyüşləri davam etdirməyə təhrik etmək deməkdir. Əks halda məqalədə həm Rusiya, həm də Ukrayna danışıqlara çağırılardı.
“Güc vasitəsilə sülhə nail olmaq” tezisi əslində Kiyevi danışıqlardan yayındıra və müharibənin uzanmasına səbəb ola bilər. Bu, indiki halda Ukrayna üçün arzuolunan deyil. ABŞ rəsmilərinin dediklərindən belə çıxır ki, Ukrayna strateji təşəbbüs qazanana qədər müharibəni davam etdirməli və yalnız bundan sonra danışıqlara başlamalıdır. Amma ən azı yaxın gələcək üçün güc balansının ciddi şəkildə Kiyevin xeyrinə dəyişilməsi ağlabatan deyil.
“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir” fikri, ola bilsin, həm də manipulyasiya cəhdidir. Mümkündür ki, Vaşinqton beləliklə, Kiyevi inandırmaq istəyir ki, müharibəni davam etdirmək ən ideal seçimdir.
Başqa bir məqam nazirlərin müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırmasıdır. ABŞ-nin hazırkı hakimiyyəti başa düşür ki, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən, yəni yanvarın 20- dən sonra Vaşinqtonun Kiyevə dəstəyi azala bilər. Beləliklə, Ukrayna Rusiya ilə danışıqlar masasına otuzdurula bilər. Odur ki, savaşın davam etməsində maraqlı olan Demokratlar müttəfiqlərə çağırış edərək dəstəyi davam etdirməyin və artırmağın labüdlüyünü ifadə ediblər. Bu, Demokratların müharibə ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyur: döyüşləri davam etdirmək.
Ukraynanın taleyinin ABŞ-nin təhlükəsizliyinə təsiri məsələsinə gəldikdə isə bildirməliyik ki, bu iki məqam, doğrudan da, bir- biri ilə əlaqəlidir. Belə ki, əgər Ukrayna uduzsa, Rusiya əvvəlkindən daha güclü olacaq. Beləliklə, Moskva Vaşinqtonun maraqları üçün daha ciddi təhdidlər yaradacaq. Ağ Ev bunun qarşısını almaq üçün Ukrayna vasitəsilə Rusiyanı mümkün qədər zəiflətməyə çalışır.
Rusiyanın mümkün iki seçiminə gəldikdə isə bildirməliyik ki, savaşın bitməsi xeyli dərəcədə Moskvadan asılıdır. Əsas məqamlardan biri məhz Rusiyanın danışıqlara hazır olub- olmaması ilə bağlıdır.
Əslində müharibə uzandıqca hər iki tərəfin işi çətinləşir. Buna baxmayaraq, Rusiya taktiki üstünlüyü qorumağı bacarır.
Hər iki ölkədə- həm Rusiyada, həm də Ukraynada hakimiyyətə qarşı narazılıq artır. Bu baxımdan ABŞ rəsmilərinin qeyd etdiyi kimi, savaşın uzanması ölkə daxilindəki qeyri- sabitliyi gücləndirəcək. Bununla belə, əgər Rusiya müharibəni davam etdirməyi seçərsə, qazancı heç də az olmayacaq.
Hər şeydən əvvəl rəsmi Moskva özünü dünyaya hamıdan güclü dövlət kimi təqdim edəcək. Buna haqqı da olacaq.
Müharibənin taleyi xeyli dərəcədə ABŞ-in yeni seçilmiş prezidenti Donald Trampın fəaliyyətindən asılıdır. Onun andiçmə mərasimindən sonra Ukraynaya dəstəyi azaldacağı gözlənilir. Bu, perspektivdə Kiyevi Moskva ilə danışıqlar masasına otuzdura bilər.
Bunu Ukraynada da başa düşürlər. Son zamanlar Ukraynanın Rusiyanın Kurks vilayətində fəallaşması təsadüfi deyil. Beləliklə, rəsmi Kiyev danışıqlara əli güclü getmək, ərazi mübadiləsinə nail olmaq istəyir. Bəlkə də, Tramp komandası ilə gizli danışıqlar nəticəsində bu barədə qərar qəbul edilib.
Əlbəttə, mümkün danışıqlarda Türkiyənin də mühüm rolu olacaq. Xüsusilə, Moskvanın danışıqlara razı salınmasında Ankara əhəmiyyətli rol oynaya bilər. Bu isə o deməkdir ki, mümkün danışıqlar prosesində Türkiyə və ABŞ koordinasiyalı davranacaq.
Beləliklə, Blinken və Ostin vəzifələrinin sonuna bir neçə gün qalmış vacib mesajlar verirdilər. Bu, onların Ukraynaya “son sözü” kimi də qiymətləndirilə bilər…
Kənan Novruzov