KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Aİ-nin mülki missiyasından təxribat üçün istifadə edilməməlidir

Kənan Novruzov: Aİ-nin mülki missiyasından təxribat üçün istifadə edilməməlidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
194 0

Azərbaycan Xarici İşlər Nazirliyi Aİ Şurasının Ermənistanda missiya yaratmasına münasibət bildirib. Qeyd edilib ki, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.
Bəyanatda göstərilib ki, Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb: “Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib”.
Məlum olduğu kimi, Aİ Şurası Ermənistanda 2 illik mandata malik missiyasının yaradılması barədə qərar qəbul edib. Əlbəttə, bu, hər şeydən əvvəl həmin qurumun regiondakı mövcudluğunun artırılmasına hesablanıb.
Əslində Brüsellə Bakının normal münasibətləri var. Həmçinin nəzərə almaq lazımdır ki, müşahidəçilər silahsız olacaq və Ermənistan ərazisində yerləşəcəklər. Onların fəaliyyəti xeyrimizə ola bilər. Ən azından ona görə ki, rus sülhməramlılarının ərazidəki ehtimal edilən təxribatlarının, həmçinin onların Qarabağda 2025-ci ildən sonra da qalmaq cəhdlərinin qarşısı alına bilər.
Aİ başa düşür ki, Azərbaycan Cənubi Qafqazın aparıcı siyasi aktorudur. Deməli, bu qurum regionla bağlı siyasətini həyata keçirmək mütləq maraqlarımızı nəzərə almalıdır. Bunun əksi mümkün deyil. Brüsselin Bakının maraqlarına zidd addımlar atacağını düşünmürəm. Belə olsa, həmin qurum özü uduzar.
XİN-in bəyanatı da məhz bununla bağlıdır. Yəni Aİ mülki missiyadan təxribat üçün istifadə etməməli və Ermənistanın da ehtimal edilən provokasiyasına, o cümlədən sülh gündəliyindən yayınmasına imkan verməməlidir. Əgər belə olarsa, qurum qazandığı etimadı itirmiş olar.
Şübhəsiz, İrəvan da bunu nəzərə almalı, sülh gündəliyindən uzaqlaşmamağa cəhd etməməlidir. Unutmaq olmaz ki, regionda yeni reallıqlar çoxdan yaranıb. Və bu reallıqların müəllifi Azərbaycandır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir