Kənan Novruzov: ABŞ Suriyada səfirlik açdı: Mühüm Türkiyə və İsrail faktoru
ABŞ Suriyada səfirliyini açdığını elan edib. Belə ki, ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tomas Barak Suriya xarici işlər naziri ilə birlikdə Dəməşqdəki səfir rezidensiyasında ABŞ bayrağını qaldırıblar.
Bu addım Vaşinqtonun uzun illərdən sonra Suriya ilə diplomatik münasibətlərdə yeni mərhələyə keçdiyini göstərir.
Ümumiyyətlə, ikitərəfli münasibətlər kifayət qədər gərgin və dinamik olub. Belə ki, 1967-ci ildə Suriya Ərəb-İsrail müharibəsindən sonra ABŞ ilə diplomatik əlaqələrini kəsib. Münasibətlər 1974-cü ildə bərpa edilib. 1979-cu ildə Suriya ABŞ-nin terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edilib, eyni ildə ona qarşı iqtisadi sanksiyalar tətbiq edib.
1990-2001-ci illərdə ABŞ və Suriya bəzi regional mövzularda əməkdaşlıq edib, lakin 2003-cü ildə münasibətlər yenidən pisləşib. 2009-cu ilin əvvəlində ABŞ Suriyadakı siyasətini ölkədəki və bölgədəki dəyişikliklər fonunda yenidən nəzərdən keçirməyə başlayır və bu da iki ölkənin yenidən regional məsələlərin həllində işbirliyinə başlamasına səbəb olub. 2011-ci ilin mart ayında Dəra şəhərində bir qrup suriyalı tələbə evlərin divarlarında siyasi yazılar yazdıqlarına görə həbs olunublar. Bundan sonra şəhərdə etirazlar başlayıb. Suriya hökuməti etirazçılara güc tətbiq edərək reaksiya göstərib və nəticədə ölkə daxilində üsyanlar başlayıb. Bu da genişmiqyaslı vətəndaş müharibəsinə səbəb olub. ABŞ hökuməti dəfələrlə keçmiş prezident Bəşər Əsədi istefaya getməyə və keçid hökuməti qurma imkanı verməyə çağırıb. ABŞ-nin Suriya rejiminə qarşı sərt sanksiyaları Avropa, Asiya və Ərəb dünyasındakı ölkələrlə koordinasiyalı şəkildə həyata keçirilib.
Bundan başqa, 2004-cü ildə Suriya ABŞ tərəfindən iqtisadi sanksiyalara məruz qalıb və ABŞ məhsullarının əksəriyyətinin bu ölkəyə ixracı qadağan olunub. 2008-ci ilin avqust ayında ABŞ şirkətlərinin artıq Suriya neftinin istehsalında iştirak edə bilməyəcəyi yeni sanksiyalar paketi tətbiq edilib. 2011-ci ilin aprelində ABŞ hökuməti insan haqlarının pozulmasında və Əsəd rejiminə dəstək verən şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu gün isə tamamilə yeni reallıqlar yaranıb. Hakimiyyət dəyişiklikyindən sonra Türkiyənin Suriyada “əli güclənib”. Buna müvafiq olaraq ərazidə həm Rusiyanın, həm də İsrailin imkanları zəifləyib.
ABŞ-nin Suriyada səfirlik açması bu ölkənin yeni hakimiyyətini tanıması deməkdir. Bu, o dəməkdir ki, Vaşinqton Ankaranın Suriya ilə bağlı maraqlarını nəzərə alır.
İkinci bir tərəfdən, xüsusilə Qəzzadakı əməliyyatlarla bağlı olaraq son zamanlar ABŞ- İsrail münasibətlərində soyuqluq müşahidə olunur. Belə bir vaxtda ABŞ-nin Suriyada səfirlik açması həm də rəsmi Təl- Əvivə mesaj kimi qiymətləndirilə bilər.
Hazırkı mənzərə Türkiyənin maraqlarına cavab verir. Yəqin ki, Ankara bundan sonra Vaşinqtonun Dəməşqlə münasibətlərini inkişaf etdirməyinə çalışacaq. Bu isə yenə də Türkiyənin maraqlarına uyğun İsraillə münasibətlərə mənfi təsir edə bilər.
Kənan Novruzov
Share this content:
Yorum gönder