Ağ Evin nümayəndəsi Karolin Levitt brifinq zamanı deyib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.
“Prezident Donald Tramp aydın şəkildə bildirib ki, ona tam atəşkəs lazımdır”, – Ağ Evin nümayəndəsi qeyd edib.
K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Ukrayna münaqişəsinin həlli imkanı ilə bağlı hələ də nikbin əhvali-ruhiyyədədir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.
Məlum olduğu kimi, Tramp hakimiyyətə gələndən bəri müharibəyə son qoymaq üçün çalışır. Bunun üçün hər iki tərəflə təmasları davam etdirilir. Vaşinqton zaman – zaman həm Moskva, həm də Kiyevə təzyiq göstərir. Buna baxmayaraq, mövcud ABŞ hakimiyyəti hətta şərti mənada neytral olsa belə, Rusiyanın “əlinə oynayır”. Ukrayna isə ABŞ-dən istədiyini almır.
Hazırda atəşkəslə bağlı ən çətin məsələ Moskva və Kiyev mövqelərinin yaxınlaşdırılmasıdır. Əgər ABŞ Rusiya ilə tam razılıq əldə edə bilsə, Ukraynaya mümkün qədər təzyiq göstərməkdən də çəkinməyəcək. Amma görünən odur ki, Moskva və Vaşinqton hələ “dil tapa bilmirlər”.
Məsələ burasındadır ki, Tramp Rusiya- Ukraynaya müharibəsinə biznesmen təfəkkürü ilə yanaşır. O, ona görə Rusiyanın maraqlarına uyğun addım atır ki, Moskvadan da istədiyini alsın. Bu xüsusda qeyd olunmalı əsas məqam Rusiyanın Afrika və Suriyadan çəkilməsi ilə bağlıdır. ABŞ buna nail olsa Şərqi Avropada Moskvanın “əlini boş saxlamayacaq”.
Hazırkı məqamda Ukraynanın işi çətin, müharibənin taleyi isə kifayət qədər mürəkkəbdir. Kiyev Vaşinqtondan istədiyi dəstəyi almır. Avropa paytaxtları isə ABŞ-nin maraqlarına zidd davranaraq Ukraynanı savaşı uzatmağa sövq edirlər. Bu, Ukrayna üçün qeyri – müəyyənliyi daha da artırır və konkret qərar verməyi çətinləşdirir. Bu ehtimal az olsa da, perspektivdə Kiyev Moskva ilə birbaşa danışıqlara başlamaq istəyə bilər.
Həmçinin müharibə bitməzdən əvvəl Prezident Volodimir Zelenskinin bu və ya digər formada, o cümlədən öz istefası ilə hakimiyyətdən getməsi mümkündür.
Əsas versiyalardan biri də budur ki, Ukrayna bu və ya digər formada kapitulyasiyanı elan etməyə məcbur olacaq.
Kənan Novruzov