ABŞ-Çin münasibətlərinin perspektivi: Bir – biriləri üçün “başağrısı” olmağa davam edəcəklər
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ronald Reyqan adına prezident fondu tərəfindən təşkil edilmiş forumda bildirib ki, Çin ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və istəyinə malik olan yeganə ölkədir. “Bu, hərbi, iqtisadi və diplomatik sahələrdə ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və açıq desək, məqsədinə malik olan yeganə dövlətdir. Biz bunun heç vaxt baş verməməsi üçün qətiyyətliyik”, – o qeyd edib.
Sallivanın sözlərinə görə, Çin növbəti 25 il üçün ABŞ-yə çağırışdır və Amerika hakimiyyəti buna hazırdır.
C.Sallivanın açıqlamasında ən diqqətçəkən məqamlardan biri Rusiya və İranın adının çəkilməməsidir. Çünki bu gün adı çəkilən dövlətlərin hər ikisi ABŞ-dan zəifdir. Rəsmi Vaşinqton həm Tehranı, həm də Moskvanı idarəolunan hala gətirməyi bacarıb. C.Sallivan da açıqlamasında bu dövlətlərin adını çəkməməklə əslində demək istəyib ki, onlar artıq ABŞ üçün təhdid deyillər.
Çinə gəldikdə isə bildirməliyik ki, bu dövlət super geosiyasi oyunçulardan hesab olunur. Çinin iqtisadi və texnoloji imkanları onun hegemonluq potensialını gücləndirir. Bu gün Rusiya və İranın da arxalandığı elə Çinin imkanlarıdır. Bəlkə də, Çinin potensialı olmasa idi, Rusiya və İran çoxdan daha zəif hala gəlmişdi. Əslində zaman – zaman Pekinin Moskva və Tehrana dəstəyi elə bu konteksdən- onların Vaşinqtona müqavimət göstərə bilməsi nöqteyi – nəzərindən təhlil edilməlidir.
Çin qarşıdakı illərdə də öz imkanlarını artırmağa davam edəcək. Beləliklə, Pekin hegemonluq niyyətini davam etdirəcək.
Ümumiyyətlə, rəsmi Pekin öz xarici siyasətində yumşaq güc alətlərinə üstünlük verir. Bu, Çinin xarici siyasətinin əsas xüsusiyyətlərindəndir. Çin öz rəqiblərini məhz iqtisadi “rıçaklar” və texnologiya sahəsindəki həmlələrlə zəiflətməyə çalışır.
Çox güman ki, tərəflər arasında rəqabət hələ yaxın 5-10 ildə də davam edəcək. Əlbəttə, münasibətlərin inkişaf tendensiyası həm də xeyli dərəcədə ABŞ-dakı prezident seçkilərində qalib gələn Donald Trampın Çinə münasibətindən asılı olacaq. Bütün hallarda Pekin və Vaşinqton bir – biriləri üçün “baş ağrısı” olmağa davam edəcəklər.
Kənan Novruzov