Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığının Ərdoğanın Afrikadan qayıtmasından dərhal sonra baş tutması müzakirənin əhəmiyyətindən xəbər verir. Hətta, ola bilsin, Türkiyə liderinin Afrika səfərini yarımçıq qoymasının səbəblərindən biri də bu idi.
Rəsmi məlumata görə dövlət başçıları bir neçə məsələni müzakirə ediblər. Bunlardan birincisi Ermənistanla münasibətlərdir. Ola bilsin, Ərdoğan İrəvanla diplomatik münasibətlərin bərpası barədə Əliyevə müəyyən məlumatlar verib. Həmçinin regional əməkdaşlıq, Ermənistanla kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılması da istisna deyil.
Prezidentlərin müzakirə etdiyi ikinci məsələ Ukrayna ilə Rusiya arasındakı gərginlik olub. Məlum olduğu kimi, Ankara Moskvanın Donetsk və Luqanskı tanınmasının qəbuledilməz olduğunu demişdi. Rəsmi Bakı isə hələlik bu barədə mövqeyini bildirməyib, neytrallığını qorumağa davam edir. Ancaq hər iki dövlət- həm Azərbaycan, həm də Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Çox güman, yaxın günlərdə, bəlkə də, bu gün Bakı məsələyə rəsmi münasibət bildirəcək. Ola bilsin, sözügedən mövzu ilə bağlı dövlət başçıları arasında müəyyən məsləhətləşmələr aparılıb. Ərdoğan Əliyevin tərəddüdünü anlayır. Çünki ortada Qarabağ məsələsi var. Ümumiyyətlə, Ukrayna və Qarabağla bağlı atılan addımlar artıq bir- birindən asılıdır və biri digərinə təsir imkanına malikdir. Bunu Azərbaycanda da, Türkiyədə də, Rusiyada da bilirlər. Bu nöqteyi nəzərdən Ukrayna məsələsində daha qətiyyətli olmaq, Kremli geri çəkilməyə məcbur etmək üçün onun Cənubi Qafqaza təsir imkanını minimuma endirmək, ehtimal olunan təhdidlər üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Böyük ehtimalla Əliyev və Ərdoğan bu barədə də danışıblar.
Eyni zamanda rəsmi məlumatda göstərilməsə də, çox güman, Azərbaycan Prezidenti Moskva səfəri və Putinlə imzalanan “Strateji tərəfdaşlıq” haqqında sənəd barədə həmkarını məlumatlandırıb. Yəqin, dövlət başçıları həmin sənədin gələcək perspektivlərini də müzakirə ediblər.
Şübhəsiz, Türkiyə və Azərbaycan həmin sənəddən regionun mənafeyi naminə istifadə erməyə çalışmalıdır. Sənəddə 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına sadiqlik ifadə olunub. Bu, bizə sərf edir. İndi Bakı və Ankara İrəvandan istədiklərini almaq üçün bu “kart”dan istifadə edə bilərlər.
Rəsmi məlumatda diqqətçəkən daha bir məqam isə Azərbaycan və Türkiyənin koordinasiyalı addım atması barədə razılığa gəlmələridir. Doğrudur, bu məsələ onsuz da tərəflər arasında imzalanmış və artıq parlamentlərin ratifikasiya etdiyi “Şuşa Bəyannaməsi”ndə ehtiva olunub. Lakin bu, həm də Rusiyaya mesaj idi. Bakı və Ankara demək istəyirdi ki, Moskva ilə imzalanmış saziş heç də “Şuşa Bəyannaməsi”ndən daha çox əhəmiyyətli deyil.
Beləliklə, Əliyevlə Ərdoğanın telefon danışığı region və dünya üçün çox həssas bir dövrdə baş tutdu. Bu, bir daha göstərdi ki, Bakı ilə Ankara daim birlikdə, çiyin- çiyin olmaqla regional proseslərin əsas “oyunçusudurlar”.
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti