KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İTALİYA AZƏRBAYCANA SİLAH SATACAQMI?

İTALİYA AZƏRBAYCANA SİLAH SATACAQMI?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
430 0

İtaliyanın prezidenti Sercio Mattarella iyulun 18-də Azərbaycana səfər etdi. Bu İtaliya prezidentinin Azərbaycana ilk səfərdi idi. İtaliya prezidenti əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdü. Prezidentlərin görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu. İki ölkə arasında müxtəlif sənədlər imzalandı. Bundan sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər.

İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir:

Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq.

İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı: “İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək”.

Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarının bu açıqlamasına cavab olaraq “əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq” ifadəsini səsləndirdi.

İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını proqnozlaşdırmaq çətindir. İtaliyadan əvvəl digər dövlətlər də ATƏT-ə sədrlik ediblər. Həmin dövlətlər İtaliya kimi Azərbaycanın strateji tərəfdaşlarıdır. Ancaq həmin dövlətlər də münaqişənin həllinə nail ola bilmədilər. Səy göstərdilər, ancaq alınmadı. Buna baxmayaraq, İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır.

İkincisi, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb.

Üçüncüsü, Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur.

Dördüncüsü, TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. İtaliya prezidenti Bakıdakı açıqlamasında Xəzər dənizinin qazının Avropa üçün çox önəmli olduğunu bildirdi.

İtaliya prezidentinin bu açıqlamasına baxmayaraq, İtaliyanın yeni hökumət üzvləri TAP layihəsi ilə bağlı bəzən ikibaşlı açıqlamalar verirlər. Bu boru xəttinin ekologiyaya zərər vuracağını söyləyənlər də var İtaliyada. Ona görə də vacibdir ki, İtaliyanın baş naziri və digər hökumət üzvləri də TAP layihəsi ilə bağlı qəti mövqe bildirsinlər. İtaliyanın hazırki hökuməti isə populist partiyaların koalisiyasından formalaşıb.

Beşincisi, İtaliya prezidenti Bakıda başqa maraqlı fikir də söylədi: “Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər”.

Müdafiə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərə yeni səhifə aça bilər. Ancaq bu məsələdə əsas söz sahibi yenə İtaliya prezidenti deyil, hökumətdir. Ona görə də İtaliya prezidentinin Azərbaycanla bağlı dediklərinin bu ölkənin baş nazirinin də təsdiqinə ethiyac var. Bu baxımdan İtaliyanın baş nazirinin də Azərbaycana rəsmi səfərə gəlməsi və deyilənləri təsdiq etməsi zəruridir.
Elhan Şhinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir