KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İstanbulda barış möhkəmləndi

İstanbulda barış möhkəmləndi

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
382 0

Oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başladı Tədbir 4 gün – oktyabrın 13-dək davam edəcək. Əsas diqqət Konrqesin açılışına idi. Çünki açılışa bir neçə dövlətin lideri qatılmışdı.
Adətən Enerji Konqresində dünya liderləri iştirak etmilər. Ancaq Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bu Konqres vasitəsilə rusiyalı həmkarı Vladimir Putini ölkəsinə dəvət etmək imkanı qazanmışdı. Öz növbəsində Rusiya prezidenti bu imkandan istifadə etdi. Bu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından və Ankaranın üzrxahlığından sonra iki liderin sayca 3-cü görüşü idi.
Vladimir Putinin İstanbula səfərində iki məqsədi var idi.
Putinin birinci məqsədi Konqresdə iştirakı və çıxışı vasitəsilə enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək idi.
Putinin ikinci məqsədi İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq idi.
Rusiya prezidenti hər iki məqsədinə nail oldu. Putin son iki ildir ki, Qərb ölkələrinə səfərlər edə bilmir. Ukrayna və Suriya siyasətinə görə Putini Qərb dövlətləri səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanın problemlərini artırır. Misal üçün Fransa prezidenti Fransula Olland bu ay Putini ölkəsinə dəvət edib. Ancaq Putinin Suriya siyasəti, Hələb şəhərinin bombalanması və bunun nəticəsində yaranan humanitar böhran, üstəgəl də Rusiyanın BMT Təhlükəsizlik Şurasında Fransanın Suriya ilə bağlı qətnaməsini veto etməsi Ollandı Putini ölkəsinə dəvət edib-etməmək dilemması qarşısında qoyub.
Türkiyə Putin üçün istisnadır. Rusiya prezidenti nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaqdı, İstanbulda keçirilən böyük enerji konfransında çıxış edəcəkdi. Putinin bu cür tribunaya ehtiyac var. İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var.
Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi. Sanki, iki dövlət arasında münasibətlər heç gərginləşməmişdi. Putinin Konqresdə çıxışının əsas qayəsini bu sözlər təşkil etdi: “Dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaq”. Bu Qərbə mesaj idi. Çünki, Qərb ölkələri son illər apardığı elmi tədqiqatları genişləndirirlər ki, neft və qazdan asılılıqlarını azaltsınlar. Ancaq Putinin sözlərindən çıxan nəticə budur ki, neft və qazı əvəz edəcək alternativ enerji yaxın onilliklərdə effektiv olmayacaq. Çətin ki, Avropa ölkələri bu qənaəti bölüşsünlər. Qərb ölkələri günəş və külək enerjisinin payını artırır, avtomobil yanacağını elektriklə əvəz etmək üzərində çalışmalarını genişləndirirlər.
Putinin İstanbula səfərini ikinci hissəsi Ərdoğanla ikitərəfli görüşə həsr edildi. Demək olar ki, iki ölkə arasındakı münasibətlər təyyarə vurulmamışdan öncəki strateji tərəfdaşlıq illərinə qayıtdı:
1. İstanbulda “Türk axını” sazişinə imza atıldı;
2. Rusiya Türkiyədə Akkuyu nüvə elektrik mərkəzini inşa edəcək;
3. Rusiya öz bazarını yenidən Türkiyənin kənd təssərrüfatı malları üçün açdı;
4. Hər iki ölkədə turizm sərgiləri keçiriləcək;
5. İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərləri əlaqəli şəkildə fəaliyyət göstərəcəklər;
6. İki ölkə Suriya probleminin sülh yolu ilə ətrafında dialoqu davam etdirəcəklər.
Bir səfər üçün bu çox böyük nəticədir. Üstəgəl Türkiyə rəsmiləri imki ölkə arasındakı ticarət mübadiləsini 100 milyard dollara çatdırmaq istəyini yenidən dilə gətirdilər. Halbuki, Rusiyanın ən yaxın tərəfdaşı olan Çinlə ticarət həcmi heç bu qədər deyil.
İstanbul Konqresində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı əhəmiyyətli idi. Azərbaycan prezidentinin Konqresdəki çıxışı iki hissədən ibarət idi.
İlham Əliyev birinci hissədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əhəmiyyətindən danışdı, bunun daimi olacağını bir daha xatılatdı və 15 iyulda çevriliş cəhdinin alınmasına görə Ərdoğanı və türk millətini təbrik etdi.
İlham Əliyev ikinci hissədə Azərbaycanla Türkiyənin bölgənin iki əsas enerji oyunçusu olduğunu bildirdi. Azərbaycan prezidenti icra edilən və planlaşdırılan layihələrin dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri diqqət çəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalının davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca manədir.
Aydnıdır ki, İlham Əliyev və ya Rəcəb Təyyub Ərdoğan İstanbulda rusiyalı həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyi haqqında fikir mübadiləsi aparmadılar. Çünki Enerji Konqresində prezidentlərin çıxışları və aralarındakı qısa fikir mübadilələri yalnız mövzuya aid idi. Buna baxmayaraq, Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir