Rus milletvekilinden Türkiye’ye tavsiye: Boğazları Amerikan gemilerine kapatınız

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq?

Fas’taki Fetöcüler PKKlılar IŞİDci Türkler ve Türk mafyası!

Armenian prime minister wants face-to-face meeting with Trump – Washington Free Beacon

İsrailli ekspert: “Hərbi əməliyyatlar bərpa olunacaq, ermənilər terror törədəcək”

Azerbaycan, Ermenistan 23 Nisan 2016
794

İsrailli ekspert: “Hərbi əməliyyatlar bərpa olunacaq, ermənilər terror törədəcək”
avram
İsrailin Şərq Tərəfdaşlığı İnstitutunun prezidenti, beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Avraham Şmuleviçin Milli.Az-a müsahibəsi:
– Cənab Şmuleviç, hazırda Rusiyanın aktiv vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münasiqəsinin həlli məqsədilə danışıqlar aparılır. Necə hesab edirsiz, bu problem danışıqlar yolu ilə həll edilə bilərmi? Yəni Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını, heç olmasa əvvəlcə 5, daha sonra 2 rayonu azad etməyə razılaşacaqmı? Yoxsa bölgədə yenidən hərbi əməliyyatlar başlayacaq?
– Bəri başdan deyim ki, münaqişə zonasında hərbi əməliyyatlar mütləq yenidən bərpa olunacaq. Niyəsini də deyim. Bu sahədə əsas oyunçu Rusiyadır. Məlumdur ki, Rusiya Ermənistanı tamamilə əlində saxlayıb idarə edir, Ermənistanın nəqliyyat, turizm, energetika sisteminə və s. tam nəzarət edir. Ona görə də prinsipcə, Ermənistanın bu məsələdə nə edəcəyi Rusiyadan asılıdır. Çünki Ermənistanın Rusiyaya müqavimət göstərməyə gücü yoxdur. Rusiyanın da bu münaqişədəki maraqları aydındır. Rusiya Cənubi Qafqazdakı təsirini təkcə möhkəmləndirmək yox, onu ümumiyyətlə öz orbitinə daxil etmək istəyir ki, bütün Cənubi Qafqaz ölkələri Rusiyadan asılı olsunlar. Artıq Gürcüstan müəyyən qədər, Ermənistan isə Rusiyadan tam asılıdır. Amma təbii ki, əsas hədəf ös resurslarına, strateji və geosiyasi əhəmiyyətinə görə Azərbaycandır. Eynilə Dağlıq Qarabağ münaqişəsi vaxtilə, hələ sovet dövründə Moskva tərəfindən ilk növbədə Azərbaycana təzyiq aləti kimi yaradılıb. Moskvanın bu siyasəti indi də dəyişməyib.
Moskva “qamçı və kökə” siyasətindən istifadə edir. O, Bakıya münaqişənin Azərbaycanın xeyrinə həll edilməsini təklif edəcək. Sizin də qeyd etdiyiniz kimi, Kazan prinsiplərindəki “5+2” prinsipi bunu nəzərdə tutur. Lakin təbii ki, bunu havayı etməyəcək. O, Azərbaycan rəhbərliyindən böyük ehtimalla böyük qarşılıq – tamamilə Rusiyanın təsiri altına keçməyi tələb edəcək. Bu, xüsusilə Rusiyanın Türkiyə ilə qarşıdurma vəziyyətində olduğu dövrdə onlar üçün çox vacibdir. Əsas məsələ Azərbaycan tərəfinin özünü necə aparmasındadır. Mən düşünmürəm ki, Azərbaycan buna asanlıqla razılaşacaq. O zaman Azərbaycanı buna məcbur etmək üçün Ermənistan vasitəsilə hərbi üsuldan istifadə ediləcək. Çünki, son hərbi əməliyyatlardan öncə Rusiya Ermənistana 200 milyon dollarlıq hücum silahlarını demək olar ki, hədiyyə edib. Bu məbləği Azərbaycanın Rusiyadan aldıqlarının qiyməti ilə müqayisə etsək, görərik ki, Azərbaycan silahları dünyadakı bazar qiymətləri ilə alır. Ermənistana isə silahlar dünya bazarında olduğundan çox aşağı qiymətə verilib. Yəni əgər Azərbaycan həmin silahları alsaydı, ona daha baha başa gələcəkdi. Onlar hücum silahlarıdır və Ermənistanda müasir silah sistemlərinin peyda olması hərbi əməliyyatların başlaması üçün tətik rolunu oynaya bilər. Aydındır ki, Rusiya bundan sonra da bu üsullardan istifadə edəcək. Yəni əgər Azərbaycan Rusiyanın tələblərinə qarşı güzəşt nümayiş etdirməsə, ehtimal ki, bu tələblər irəli sürülür də, o zaman yenidən hərbi vasitələrdən itfadə olunacaq. Çünki bu münaqişənin həlli Rusiyanın maraqlarına uyğun deyil.
– Dediyiniz hərbi əməliyyatlar nə qədər müddətdən sonra yenidən başlaya bilər?
– Bu, hətta bir neçə həftədən də, ola bilər ki, bir neçə aydan sonra da baş verə bilər. Hər şey Rusiyanın hansı təklifləri irəli sürəcəyindən və Azərbaycan rəhbərliyinin buna necə cavab verməsindən asılıdır. Belə təkliflərin edildiyi isə şübhəsizdir. Üstəgəl, burada Türkiyə amilini də unutmaq olmaz. Azərbaycanla olan xüsusi əlaqələrin olduğunu nəzərə olaraq, böyük ehtimalla türklər də Azərbaycan rəhbərliyinə təzyiq edəcəklər. Düşünürəm ki, əgər yaxın vaxtlarda təkliflər dəqiq formada Azərbaycana təqdim olunsa və Azərbaycan güzəştə getməsə, o zaman bir neçə həftə ərzində hərbi əməliyyatların başlamasını gözləmək olar.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Ermənistan qeyri-simmetrik üsullardan da istifadə edəcək. Bilirsiz ki, ötən əsrin 80-ci illərində Türkiyəyə qarşı terror təşkilatları strukturundan istifadə edilmişdi. Eyni terror aktlarının Azərbaycanın xaricdəki maraqlarına qarşı da törədilməsini gözləmək olar. Bundan əlavə, erməni rəhbərlər birbaşa deyirdilər ki, Azərbaycanın enerji strukturuna zərbə vurmağa hazırdırlar. Bunların diversiya aktları şəklində edilməsi də tamamilə mümkündür. Məncə biz bunları yaxın zamanlarda görə bilərik. Bu aktlar həm Azərbaycanın enerji obyektlərinə, həm də xaricdəki maraqlarına qarşı baş verə bilər.
– Əgər hərbi əməliyyatlar bərpa olunsa, sizcə nəticə necə olacaq? Bu, daha çox kimin xeyirinə işləyəcək? Azərbaycan bu yolla öz torpaqlarını azad edə biləcəkmi?
– Qeyd edim ki, müharibə şahmat oyunu deyil. Burada əvvəlcədən nəyisə demək qeyri-mümkündür. Azərbaycan son hərbi əməliyyatlar zamanı göstərdi ki, onun çox müasir ordusu var. Erməni ekspertləri çox zaman mənə deyirlər ki, azərbaycanlılar silah alsalar da, döyüşə bilmirlər. Amma göründü ki, bu artıq belə deyil və Azərbaycan döyüşməyi bacarır. Lakin başa düşmək lazımdır ki, dağ şəraitindəki hərbi əməliyyatlar minlərlə, bəlkə də onminlərlə insanın ölümünə gətirib çıxara biləcək çox ağır müharibədir. Burada silahlanmadakı üstünlük də özünü çox da büruzə verməyə bilər. Yəni torpaqları çoxsaylı qurbanlara səbəb olan uzunmüddətli müharibə nəticəsində azad etmək olar. Amma düşünmürəm ki, Azərbaycan buna getsin. Buna necə deyərlər, dünya ictimaiyyəti də yol verməyəcək.
Bilirsiz ki, təsdiq olunmuş prinsiplərə görə, Qərb, ATƏT problemin qeyri-zorakı yolla həllinin tərəfdarıdır. Ona görə də qlobal müharibənin baş qaldırmasını və bir neçə ay davam etməsini istəməyəcəklər. Hərçənd, əgər hadisələr nəzarətdən çıxsa, hər şey ola bilər. Əgər Azərbaycan tərəfdən mülki əhali arasında çoxlu insan tələfatı olsa, o zaman Azərbaycan da qarşılıq verəcək. Onu da diqqətə almaq lazımdır ki, atəşkəs razılığı haqqında sənədin imzalanmasından dərhal sonra, elə həmin gecə Naxçıvanda, Azərbaycanın Ermənistanla beynəlxalq səviyyədə tanınmış sərhədində hərbi əməliyyatlar bərpa olundu və cəmi bir gecə davam etdi. Hesab edirəm ki, bu təsadüfi deyildi. Çünki bilirsiz ki, Qars müqaviləsinə görə, Türkiyənin Naxçıvanın müdafiəsi ilə bağlı xüsusi öhdəliyi var. Əgər Ermənistan ordusu geniş hücuma keçsəydi, o zaman Türkiyə də işə qarışacaqdı.
– Demək istəyirsiz ki, ermənilər özləri qəsdən bunu edib təxribat yaradırdılar?
– Ermənilərə indi Rusiyanı genişmiqyaslı müharibəyə sürükləmək lazımdır. Əgər Ermənistan qoşunları Naxçıvana girərsə, o zaman Türkiyə müdaxilə etməlidir. Rusiyanı bu müharibədə tammiqyaslı iştiraka təhrik etmək Ermənistana sərfəlidir. Ona görə də burada nə istəsən, gözləmək olar. Böyük ehtimalla bu əməliyyatlar qısamüddətli olacaq, amma heç nəyə zəmanət vermək olmaz. Onlar qlobal müharibəyə də çevrilə bilər.
– Siz artıq beynəlxalq ictimaiyyətin mümkün reaksiyası ilə bağlı verəcəyim suala öncədən qismən cavab verdiniz. Amma yenə də bizə maraqlıdır ki, dünya ictimaiyyəti nə edəcək və bu xüsusda İsrailin mövqeyi necə olacaq?
– Əvvəla deyim ki, İsrail Azərbaycana öz strateji müttəfiqi kimi yanaşır. Hərçənd, burada da bəzi anlaşılmazlıqlar var. Bilirsiz ki, Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur və İsraildəki bəzi ermənipərəst tənqidçilər, həmçinin erməni icmasının nümayəndələri bu “kozır”dan çox tez-tez istifadə edirlər. Bilirsiz ki, İsrail artıq Azərbaycana ən müasir silahlar təqdim edib. Düşünürəm ki, əgər hərbi əməliyyatlar yenidən başlasa, İsrail Azərbaycana hərtərəfli kömək edəcək.
Dünya ictimaiyyətinə gəlincə, NATO və Qərb istəyir ki, sərhədlərdə sakitlik olsun. Əgər Qərbin Rusiyanın Krımı ilhaqına və Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsinə olan reaksiyalarını müqayisə etsək, görərik ki, Rusiyaya qarşı reaksiya onqat sərtdir. Hərçənd, orada nə hərbi əməliyyatlar, nə etnik təmizləmələr, nə də bir milyon qaçqın olmuşdu. Qərb yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma onun təmin edilməsi üçün heç nə etmir. Ona görə də Azərbaycan diplomatiyası da maksimum ehtiyatlı olmalıdır ki, ilk olaraq hərbi əməliyyatları başladıqlarına görə ittiham olunmasın.
İlkin İzzət

Yorumlar