KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İslam həmrəyliyi varmı?

İslam həmrəyliyi varmı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
381 0

Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı ilə oktyabrın 25-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində “İslam həmrəyliyi və Qarabağ” mövzusunda elmi praktik konfrans keçirildi. Konfransda məruzəçilər arasında mən də var idim. Məruzəm “Qarabağ münaqişəsinin həllində İslam amili” adlanırdı.

“Azərbaycan İsraildən aldığı silahlar hesabına işğaçlı Ermənistana təzyiqini artırır” fikrim bəzi iştirakçılar arasında etiraza səbəb oldu. İştirakçıların bir qismi İsrailin Fələstin torpaqlarını işğal etdiyini xatırladaraq İsrailin Azərbaycana dost ola bilməyəcəyinə eyham vurdular.

Azərbaycan Rusiyadan da silah alır. Ancaq Rusiya Azərbaycanın dostu deyil. Çünki Rusiya Azərbaycana silahı satır, işğalçı Ermənistana həmin silahı isə pulsuz verir və ya silah almaq üçün bu dövlətə kredit ayırır. İsrail Ermənistana pulsuz silah vermir. Qərbdən ala bilmədiyimiz silahı İsraildən alırıq. Əlbəttə, Azərbaycan Fələstinin müstəqilliyi ideyasını dəstəkləyir. Ancaq bu faktor Azərbaycanın İsraillə əməkdaşlığına mane olmur. Azərbaycan torpaqlarını Ermənistan işğal edib. Ancaq bu faktor da İran və ya Qətərin Ermənistanla əməkdaşlığına mane olmur. Hər bir dövlətin təhlükəsizlik maraqları fərqlidir. Bunun özü İslam həmrəyliyinin hansı vəziyyətdə olduğunu göstərir.

Konfransda islam həmrəyliyi haqqında müxtəlif fikirlər səsləndi. Fikrimcə, hazırki dünyada islam həmrəyliyi yoxdur. Ayrı-ayrı dövlətlər arasında ittifaqlar var. Bəzən islam ölkəsi təhlükəsizlik maraqları naminə xristian dövlətlə də tərəfdaş ola bilir. Məsələn islam dünyasının əsas ölkələrindən biri sayılan İran Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qurub. Çünki Rusiya ilə tərəfdaşlıq İranın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, İran Qərbdən ala bilmədiyi müasir silahları Rusiyadan almaq imkanına malikdir. İkincisi, İran və Rusiya SuRiyada bir-biri ilə sıx əməkdaşlıq edirlər.

Konfransda bəzilərinin dediyi kimi İslam həmrəyliyi olsaydı Suriya, İraq və Yəməndə müharibələr olmazdı və ya İranla Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər formalaşmazdı. Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı soyuq münasibətlər də İslam həmrəyliyindən xəbər vermir.

İslam Əməkdaşlıq Təşkilatının bütün zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən onlarla qətnamə qəbul olunub. Ancaq bu qətnamələrin biri də yerinə yetirilmir və Ermənistan bu qətnamələrdən heç birindən narahatlıq keçirmir. Çünki Ermənistanda bilirlər ki, İslam aləmində fərqli maraqları olan ölkələr var və həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də əməldə bunun icrası üçün fəaliyyət göstərməyəcəklər. Məsələn İslam Əməkdaşlıq Təşkilatının son zirvə toplantısında Qarabağ münaqişəsinin həlliylə bağlı Təmas Qrupu yaradıldı. Bu qrupun fəaliyyətindən xəbər yoxdur.

İslam ölkələrinin Azərbaycanla ən böyük həmrəyliyi müsəlman ölkələrinin işğalçı Ermənistanla diplomatik münasibətlərinə son qoyması olardı. Son zamanlar Azərbaycan rəsmiləri bu məsələni gündəmə gətirməyə çalışırlar. Prezident İlham Əliyev son toplantılarda belə bir fikir səsləndirir: “Azərbaycanda məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Əslində bu Ermənistanla münasibətləri olan müsəlman ölkələrinə çağırışdır. İlham Əliyev demək istəyir ki, müsəlman ölkələri Dağlıq Qarabağda məscidləri dağıdan ölkə ilə münasibətlərinə yenidən baxmalıdırlar. Ancaq həmin müsəlman ölkələrin siyasətinə yenidən baxacağına ümid azdır. Azərbaycan Minsk Qrupunun həmsədrlərindən mədət ummadığı kimi İslam həmrəyliyinə də bel bağlamamalıdır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir