KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İrfan Kaya Ülger: Rusiya Qarabağı Azərbaycandan qoparmaq niyyətindədir – Abxaziya modelini qurmaq istəyir

İrfan Kaya Ülger: Rusiya Qarabağı Azərbaycandan qoparmaq niyyətindədir – Abxaziya modelini qurmaq istəyir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
330 0

10 noyabr Bakı vaxtı ilə saat 01:00-da separatçı Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş torpaqlarında 45 gün davam edən hərbi əməliyyatlardan sonra məğlub olduğunu elan etdi. Ağ bayrağı qaldırandan dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrin Ermənistanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəlini göstərən atəşkəs sənədini imzalamağa məcbur oldu.

Ancaq müqavilədəki bəzi maddələr bölgədə sülhməramlı qismində Rusiyaya daha çox üstünlük qazandırır.

Kocaeli Universitetinin müəllimi Prof. Dr. İrfan Kaya Ülger Eurasia Diary-ə eksklüziv müsahibəsində Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmasını dəyərləndirib.

Qarabağ müharibəsi Ermənistanın məğlubiyyəti ilə sona çatdı və Rusiya 5 il müddətinə iki dövlət arasında barışığa nəzarət edəcək. Rusiyanın Ermənistanı davamlı silahla təchiz edən dövlət olduğunu nəzərə alsaq, bu, Azərbaycan tərəfi üçün nə dərəcədə təhlükəsizdir?

– 2020-ci il sentyabrın 27-də erməni qüvvələrinin hücumu ilə Dağlıq Qarabağda təmas xəttində qarşıdurmalar başladı. İnanmıram ki, işğal altında olan bölgələrə nəzarət etməkdə belə çətinlik çəkən Ermənistan bu hücumu öz qərarı ilə həyata keçirmiş olsun. Bu hücum erməni qüvvələri arasındakı rusların təxribatı ilə həyata keçirilib. Başqa sözlə, mənim qiymətləndirməmə görə, Rusiya atəşkəs sərhədinə hücumlara başladı. Məqsəd, bir tərəfdən Ermənistanın qərbyönlü baş naziri Nikol Paşinyanı devirmək, digər tərəfdən, Rusiyanın Azərbaycana təsirini artırmaqdır. Rusiya ümumiyyətlə işğalı tamamilə və ya qismən sona çatdırmaq istəyib. Azərbaycanın erməni hücumlarına verdiyi cavabla işğal olunmuş ərazilərin hamısını və ya bir hissəsini boşaltmaq məqsədi daşıyırdı. Rusiyanın digər bir məqsədi Sovet modeli dövlət quruluşunun mirası olan Dağlıq Qarabağ bölgəsinə statusun verilməsi idi.

9 Noyabr 2020 tarixinə olan vəziyyətə görə Rusiyanın, onun vasitəçiliyi ilə imzalanan müqavilə ilə hədəfinə çatdığını görürük. Çünki atəşkəs razılaşmasına görə, rus əsgərləri sülhməramlı qüvvə kimi Dağlıq Qarabağda yerləşdiriləcək. Rus əsgərləri Dağlıq Qarabağ və Ermənistan arasındakı dəhlizdə, eləcə də Azərbaycanı Naxçıvanla birləşdirən Meğri dəhlizində yerləşdiriləcək. Müqavilənin maddələrini görmək hələ ki, mümkün olmayıb. Türk əsgərlərinin Dağlıq Qarabağda ruslarla yanaşı iştirak edəcəyi deyilir. Ancaq bu tam təsdiqlənməyib.

Razılaşmaya əsasən, Rusiyanın Dağlıq Qarabağdakı hərbi mövcudluğu beş il davam edəcək. Məqsəd mahiyyət etibarilə Rusiyanın bölgədəki üstünlüyünü gücləndirməkdir. Rusiya Zaqafqaziya ölkələrinin heç birində təsirini itirmək istəmir. Ölkələrin bu coğrafiyadakı konfliktlərinin həll olunmasını istəmir. Rusiyanın Cənubi Osetiya və Abxaziyada nə etdiyini gördük. Bu əraziləri Tbilisi hökumətindən qopardı. Eyni şeyi Dağlıq Qarabağda da etməyi planlaşdırır. Mövcud şərtlərdə bunu etməsi mümkün deyil. Ancaq bunu gələcəkdə sülhün gücü vasitəsi ilə, suverenliyini və bölgəyə təsirini artıraraq etmək istəyəcək. Buna görə də, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Bu, bölgədə əsas fiqur kimi görünmək üçün münaqişələrin sürdürülməsindən asılıdır. Əsas məqsədi Dağlıq Qarabağ bölgəsinin öz müqəddəratını təyinetmə çərçivəsində Dnestryanı bölgəyə bənzər quruluşuna nail olmaqdır. Hesab edirəm ki, Fransa və ABŞ kimi ölkələr də bu mövzuda eyni cür düşünür.

Prezident Əliyev son çıxışında Türkiyənin sülh danışıqlarında mütləq iştirak edəcəyini vurğuladı. Türkiyə bu danışıqlarda Qarabağ və Naxçıvan dəhlizi üzərində hərbi nəzarət baxımından nəyə nail ola bilər?

– Prezident Əliyev qətiyyətlə Türkiyənin ATƏT-in Minsk qrupunda başlıca rol oynamasını istəyib. Bu məqamda Türkiyəni xüsusilə masada görmək ədalətli və davamlı bir sülh üçün çox vacibdir. Ancaq Prezident Əliyev bu məsələdə Rusiyanın inadını qıra bilmədi. Türk qoşunları sülhməramlı olsaydı, bu danışıqlar prosesinin Azərbaycanın xeyrinə təsirini artırardı. Ancaq müqavilədə yalnız Rusiya əsgərlərinin Dağlıq Qarabağ və Naxçıvan arasındakı dəhlizi qoruyacağı barədə maddə var. Bu addım Türkiyənin bölgəyə təsirini məhdudlaşdırmaq məqsədi daşıyır.

Türkiyə ilə Rusiya arasında Suriya və Liviya mövzusunda fikir ayrılığı var. Eyni şəkildə, Türkiyə Krım məsələsində fərqli tərəfləri dəstəkləyir. Dağlıq Qarabağ məsələsində də vəziyyət eynidir. Rusiya bu mövzuda özünü necə ifadə etməsindən asılı olmayaraq, Ermənistanın tərəfindədir. Ermənistanın hərbi və iqtisadi cəhətdən ayaqda qalması hazırda Rusiyanın dəstəyi ilə tamamilə mümkündür. Rusiya atəşkəsdən sonra Ermənistana təsirini daha da gücləndirəcək. Düşünürəm ki, Paşinyan tezliklə devriləcək. Yəqin ki, onu rusiyapərəst bir baş nazir əvəz edəcək. Türkiyə burada baş verənləri bilir. Türkiyənin addımları Rusiya ilə birbaşa qarşıdurmaya girmədən Azərbaycana maksimum dəstək göstərməyə yönəlib.

Nəhayət, bu danışıqlar Azərbaycan üçün nə dərəcədə faydalıdır?

– Çox istərdim ki, Türkiyə bu münaqişəni həll etmək üçün bu danışıqlar prosesində aparıcı rol oynasın. Ancaq təəssüf ki, əvvəl də qeyd etdiyim kimi, bu və ya digər səbəbdən Türkiyənin bu məsələdə tam iştirakına məhdudiyyət var və bu səbəbdən bu hazırda bu mümkün deyil. Lakin bu həm də Rusiyanın Qafqazda nüfuza sahib yeganə ölkə olmadığı anlamına gəlir. Türkiyənin bölgədəki bütün hadisələrə, eləcə də Gürcüstana təsirinin artmasını görürük. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan boru kəməri Türkiyənin 2005-ci ildəki böyük təşəbbüsü nəticəsində mümkün oldu. Bütün çatışmazlıqlarına rəğmən, müqavilə bir çox rayonlarda 28 ildir davam edən işğalı dayandırdı. Bu baxımdan, Azərbaycan ordusunu təbrik edirəm. Türk xalqı bu qəhrəmanlıq mübarizəsini dəstəkləmək üçün əlindən gələni edir.

Müəllif: Elnur Ənvəroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir