SƏRKİSYANIN İSTEFASINDAN KEÇƏN 1 İLDƏ YENİ DETAL NƏDİR?

Rusya’nın yıldız oyuncusu: Türkler dünyanın en iyi taraftarları!

AB KARŞITI İKEN AVRUPA PARLAMENTOSU İÇİN YARIŞMAK

Ukrayna’da, Poroşenko devlet başkanlığı koltuğunu kaybetti

İranla Amerika arasında “savaş meydanı” – Bağdad

Gündem 19 Mart 2019
39

Tehran və Vaşinqton İraq uğrunda qollarını çırmayıb – qalib kim olacaq?
İraq İran və ABŞ arasındakı rəqabətin yeni ünvanına çevrilib. Bu, özünü İran prezidenti Həsən Ruhaninin martın 13-də İraqa səfəri zamanı da göstərdi. Baxmayaraq ki, cənab Ruhaninin İraqa səfəri İran-İraq münasibətlərinin daha da yaxşılaşması, əlaqələrin genişləndirilməsi məqsədi daşıyırdı.

Ancaq Bağdada yola düşən H.Ruhani hələ Tehrabad hava limanında ABŞ prezidentinə mesaj göndərdi. İran prezidenti ABŞ-ın ünvanına tənqidi fikirlər səsləndirdi, bəzi ölkələrin işğalçılıq fəaliyyətləri yürütdüyü, buna görə də indi İraqa gecə vaxtı xəlvət gəldiyini qeyd etdi. Ruhani ötən ilin dekabrında ABŞ prezidentinin İraqa səfərini qəsd edirdi. Həmin vaxt təhlükəsizlik səbəbi ilə Trampın təyyarəsi Bağdada işıqlarını söndürərək enmişdi. Bu faktı bir neçə gün əvvəl ABŞ prezidenti özü də təəssüflə qeyd etmişdi. Hətta bu səfər zamanı Tramp İraq rəhbərliyi ilə də görüşməmişdi.

Ancaq ABŞ prezidentindən fərqli olaraq İran prezidenti İraqa çox rahat səfər etdi. İraqda 3 gün qaldı, Bağdaddan sonra ölkənin dini “paytaxtı” Nəcəfə səfər etdi və burada İraqın qeyri-rəsmi söz sahibi Ayətullah Seyid Əli Sistani ilə görüşdü.

Yeri gəlmişkən, səfər zamanı viza rüsumlarının götürülməsi, eləcə də ticarət, iqtisadiyyat sahəsində bir sıra anlaşmalar imzalanıb, iki ölkə arasında ticarətdə milli valyutalardan istifadə olunması barədə razılaşma əldə olunub.

Maraqlıdır ki, Ruhaninin səfəri İraqda siyasi-strateji sahədə də ciddi hərəkətlilik yaradıb. Ölkənin nüfuzlu siyasətçilərinin bir qismi ABŞ ordusunun İraqdan tamamilə çıxarılması, lazım gəlsə əlaqələrin məhdudlaşdırılmasını tələb edir.

Təbii ki, bu tələblər, ümumilikdə son hadisələr ABŞ üçün o qədər yaxşı bir vəziyyət deyil. ABŞ 2003-cü ildə İraqı işğal edərək Səddam Hüseyn rejiminə son qoyub. Rəsmi olaraq 2010-cu ildə ABŞ ordusu İraqı tərk etsə də, hazırda İraqda 5 min amerikalı hərbçi var. Bağdad isə hələ də qeyri-rəsmi də olsa Vaşinqtonun təsiri altındadır. İraqın hazırkı mövcud siyasi idarə sistemini amerikalılar hazırlayıb və ölkə üzərində dominant təsir Vaşinqtona məxsusdur. Eyni zamanda Vaşinqton ötən 16 ildə İraqda hərbi xərclərə və ölkənin yenidən qurulmasına yüz milyardlarla dollar pul xərcləyib. Təkcə gələnilki dövlət büdcəsində İraq ordusuna İŞİD-lə mübarizə üçün 700 milyon dollar pul ayrılıb. Hər il İraq ordusunun qurulması, eləcə də digər sahələrə ABŞ böyük vəsaitlər ayırır.

Lakin bütün bunların qarşısında indi İran İraqda ABŞ-la rəqabətə girişib. Əlbəttə, İraqın indi İranın təsir dairəsində olduğunu demək olmaz, lakin fakt budur ki, bəzi məsələlərdə Tehranın sözü Bağdadda daha yaxşı eşidilir, nəinki Vaşinqtonun.

Yeri gəlmişkən, Ruhaninin İraq səfərindən 3 gün keçməmiş Səudiyyə Ərəbistanı investisiya və ticarət naziri Məcid əl-Qasbi İraqa səfər edib. Bağdadda İraq prezidenti Berham Saleh və baş nazir Adil Əbdülmehdi ilə görüşüb. Görüşdən sonra yayılan açıqlamada qeyd olunur ki, prezident Saleh “bölgə ölkələrinin maraqlarının bir nöqtədə birləşməsi”, həmçinin Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgə ölkələri ilə ortaq iqtisadi maraqların mexanizmini yaratmaq istəyirlər. Eyni zamanda bölgədə qarşıdurma və çəkişmələrdən uzaq, sabitliyin təmin olunması üçün region ölkələri ilə uzlaşma əldə etməyə çalışdıqlarını bildirib. Əl-Qasbi isə sərhəd üzərindən ticarət həcmini daha da yüksəltmək istədiklərini deyib. Eyni zamanda məlum olub ki, İraq baş naziri yaxın zamanda Səudiyyə Ərəbistanına səfər edəcək.

Qeyd edək ki, İraq və Səudiyyə Ərəbistanı arasında daha əvvəl soyuq olan münasibətlər son iki ildə sürətlə istiləşməyə başlayıb. Ötən il baş nazir Heydər İbadi, eləcə də 2018-ci il parlament seçkilərində qalib gələn siyasi koalisiyanın lideri, şiə din adamı Müqtəda əs-Sədr ər-Riyada səfər edib. 2017-ci ildə isə iki ölkə arasında “İraq və Səudiyyə Ərəbistanı Koordinasiya Şurası” yaradılıb.

Aydın məsələdir ki, Səudiyyə Ərəbistanının İraqda son illərdə nəzərəçarpacaq dərəcədə fəallaşmasının əsas səbəbi İrandır. ABŞ və onun əsas bölgə müttəfiqi olan Səudiyyə Ərəbistanı İranın İraqdakı təsirini azaltmağa çalışır. Hətta iraqlılar üçün Həcc və Ümrə ziyarəti zamanı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində müəyyən güzəştlər həyata keçirilir ki, daha əvvəl bunlar olmayıb. Son illərdə bir sıra iraqlı siyasilərin dini deyil, etnik amili ərəb milləti fikirlərini daha çox qabartması da bununla izah olunur.

İraq bölgədə İran üçün əsas ölkələrdən biridir. Həm dini mərkəz olması, eləcə də dünyada İran və Hindistandan sonra ən böyük şiə icmasının İraqda yaşaması İraqın İran üçün əhəmiyyətini artırır. Üstəlik, ötən ildən başlayaraq Vaşinqtonun artan embarqoları qarşısında İraq indi İran üçün əsas “nəfəslik”lərdən biridir. Eyni zamanda Yaxın Şərqin ən böyük neft ehtiyatlarından birinə sahib, əhali sayı və strateji əhəmiyyəti baxımdan İraq İranla yanaşı ABŞ üçün də böyük önəmə sahibdir.

Ehtimal olunan savaş zamanı da İrana əsas təhlükə İraq üzərindən ola bilər. Çünki İranın əsas quru sərhədləri İraqladır. Doğrudur, ABŞ-ın indi Yaxın Şərqin əksər ölkələrində, o cümlədən Bəhreyn, Qətər, Əfqanıstanda da çoxlu sayda hərbi bazaları var. Lakin aydın məsələdir ki, İranın mərkəzinə ən yaxın olması və coğrafi imkanları baxımdan İraq daha üstündür. Digər tərəfdən, Vaşinqton İrana qarşı əsas təhdid ünsürləri olan kürd və ərəb separatçı terror təşkilatlarını məhz İraq üzərindən dəstəkləyə bilər. Və nəhayət, hazırkı İran hakimiyyəti üçün əsas siyasi-hərbi müxalifət hesab olunan və ya Vaşinqtonun əsas olaraq gördüyü qrup “Xalqın Mücahidləri” Təşkilatının əsas mərkəzi İraqdır. Doğrudur, bir neçə il əvvəl İran hakimiyyəti İŞİD-ə qarşı mübarizənin aktiv dövründə yaranmış fürsətdən istifadə edərək Bağdadın “Xalqın Mücahidləri”ni ölkədən çıxarmasına nail oldu. Lakin indi qruplaşmanın yenidən İraqa qayıtması haqda fikirlər var.

Görünən odur ki, indi İraq ABŞ və İran arasında əsas savaş meydanıdır. İraq İranın Yaxın Şərqə açılan “qapısı” və eyni zamanda əks cəbhənin İrana qarşı əsas “səngəridir”. Son dövrlərdə Vaşinqton iqtisadi sahədə, xüsusən də embarqolar mövzusunda müəyyən qədər yumşalsa da, siyasi cəbhədə İrana qarşı təzyiqlərin daha da artacağını düşünmək olar. Əsas “savaş meydanı” isə Bağdaddır.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar