“The Guardian” yazır ki, İrandan kənarda demək olar tanınmayan 56 yaşlı ruhani xadim ölkənin ən yüksək postunu tuta bilər.
Ebrahim Rəisi dünyada ən varlı müsəlman xeyriyyəsi Astane Qüds Rəzəfi fondunun başçısı və İranın ən müqəddəs dini ocağı – Məşhəd şəhərinin baxıcısıdır və bəzi məlumatlara görə 77 yaşlı ayətullah Əli Xameneyinin xələfi ola bilər.
Xameneyi artıq 25 ildən çoxdur ki, ölkənin ali rəhbəridir və onun hakimiyyət müddəti yalnız vəfatı ilə əlaqadar başa çata bilər, lakin ötən bazar başqa bir görkəmli dövlət xadimi Rəfsəncaninin ölümü ölkənin ən yüksək postunun vərəsəlik məsələsini yenidən gündəmə gətirib.
Xameneyi 2014-cü ildə prostat vəzinin əməliyyatından keçib, lakin onun səhhəti İranda qadağan olunmuş mövzulardandır.
“The Guardian” yazır ki, ali rəhbər vəzifəsinə namizədliyi barədə danışılan üç nəfər var. Bunlar keçmiş və hazırkı ədliyyə başçıları Haşemi Şahrudi və Sadeq Laricani və bir də hazırkı prezident Həsən Ruhanidir. Rəisi Xameneyinin yaxın çevrəsinə daxil olsa da, onun icra hakimiyyəti təcrübəsi yoxdur.
Rəisi daim qara əba geyinir ki, bu da onun seyid, yəni peyğəmbərin törəməsi olduğunun əlamətidir. Qum seminariyasından Mohsen Kadivar bildirir ki, təkcə bu fakt onun ali rəhbərliyə namizəd şanslarını 40 faizə çatdırır. Ayətullah Şahrudi də seyiddir.
Britaniya Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Hüseyn Rəssam bildirir ki, şiəliyin ən müqəddəs şəhərlərindən olan Məşhəddə İmam Rzanın məqbərəsinə baxıcılıq etməsi onun liderlik şanslarını xeyli yüksəldir. İmam Rzanın məqbərəsi hər il 30 milyon müsəlman tərəfindən ziyarət olunur.
Rəisi 1979-cu il İran İslam İnqilabı zamanı az qala yeniyetmə yaşlarında olsa da, dini rütbə və vəzifə nərdivanı ilə sürətlə yüksələ bilib.
O 1988-ci ildə İranda solçuların və dissidentlərin kütləvi edamları barədə hökm çıxaran dörd hakimdən biri olub.
Rəisi lap bu yaxınlaradək İranın baş prokuroru idi və hazırda ədliyyə sistemində mühüm post tutur. Onun rəhbərlik etdiyi şöbə şəriəti pozmuş ruhanilərin məsələsinə baxır.
Rəisi sərt xətt-hərəkət tərəfdarı olan ayətullahlardan birinin qızı ilə evlidir və bu ayətullah Xameneyinin Xorasan ostanındakı nümayəndəsidir.
Cənab Rassam deyir ki, Rəisinin şansını artıran həm də onun rəqibləri Şahrudi və Laricaninin adlarının korrupsiya iddialarında hallanmasıdır.
Rəssam diqqəti belə bir məqama da çəkir ki, Məşhədə baş çəkən ali rütbəli hərbiyyə komandanları səfər zamanı Rəisinin “ayağı altındakı” kürsülərdə otururlar.
Hazırda Parisdə sürgündə yaşayan siyasi fəal Mortəza Kazemian deyir ki, Rəisinin İnqilab Keşikçiləri, kəşfiyyat və Xameneyinin yaxın çevrəsi ilə, habelə Xameneyinin oğlu Moctəba ilə yaxınlığı da onu namizədlər arasında liderə çevirir.
Lakin Kazemian deyir ki, şanslar şans yerində, Xameneyinin öləcəyi gün qüvvələr balansının necə olacağı da onun varisinin müəyyən edilməsində az rol oynamayacaq.
Hazırda Duke Universitetində professor olan Kadivar deyir ki, mülahizələrdə bir qədər ehtiyatlı olmaq lazımdır.
“Xameneyinin nüfuzu o diri olduqca qüdrətlidir, onun öldüyü təqdirdə siyasi oriyentasiyalar dəyişə bilər” – deyir alim.
Alimin fikrincə təcrübəsi, islami bilikləri və mötəbərliyi daha çox olan hazırkı prezident Ruhaninin ali rəhbər vəzifəsinə şansları daha böyükdür.
İslami ədliyyənin qatı tənqidçisi olan Kadivarın dediyinə görə Xameneyinin prezidentlik postunu ləğv etmək istədiyini göstərən əlamətlər var. Bəzi mülahizələrə görə ölkədə baş nazir postu bərpa edilə bilər.
Kadivar deyir ki, İranda prezidentlər ali rəhbər üçün daha çox narahatlıq yaradan faktor olublar.
Baş nazir isə parlament tərəfindən təyin oldunduğuna görə daha az səlahiyyətlərə malik olacaq.
Başqa bir nəzəriyyəyə görə Xameneyi ali rəhbər vəzifəsinin müddətini 10 illə məhdudlaşdırmaq fikrindədir.
Bu isə ali rəhbərin alililiyini bir qədər azalda bilər.
Cənab Rəssam düşünür ki, Xameneyinin xarakteri nəzərə alınarsa, o öz xələfini hələ sağ ikən müəyyən etmək istəyə bilər. Bu halda Üləmalar Şurası bu istəyi sadəcə olaraq təsdiq edəcək.
Vəziyyət bu şəkil alarsa, Rəisi namizədlər arasında lider olacaq, – Rəssam deyib