KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İranın 6 “Zülfüqar” mesajı

İranın 6 “Zülfüqar” mesajı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
332 0

Tehran İŞİD-in yeni “paytaxtını” hədəfə almaqla kimlərə hansı mesajları verdi?

Bazar günü axşam İran ilk dəfə öz ərazisindən Suriyadakı İŞİD mövqelərini vurub. Yerli agentliklərin məlumatına görə, İranın qərbində Kirmanşah əyalətindən atılan 6 raket təxminən 600 kilometr məsafədə Suriyanın şərqində Deyr əz-Zor şəhərində İŞİD mövqelərini hədəfə alıb. İran istehsalı orta mənzilli “Zülfüqar” adı verilmiş yer-yer tipli raketlər Deyr əz-Zorda İŞİD qərargahı və silah anbarlarını vurub.

İran rəsmiləri raketlərin hədəfi vurduğunu, təyin olunan nöqtəyə düşdüyünü bildirib. Eyni zamanda bildirilib ki, bu zərbələr İŞİD-in iyunun əvvəlində Tehranda həyata keçirdiyi terrora görə cəzadır. Konstitusiyaya Nəzarət Şurasının baş katibi, SEPAH-ın sabiq komandiri Möhsün Rezayi raket zərbələrinin başlanğıc olduğunu, İŞİD-ə daha ağır zərbələr vuracaqlarını deyib.

Əlbəttə, zahirən İranın İŞİD-i raket atəşinə tutması üçün göstərdiyi səbəb yetərlidir. Ancaq aydın məsələdir ki, raket zərbələrinin məhz indi həyata keçirilməsi, atəş nöqtəsi, hədəfə alınan bölgə hamısı, necə deyərlər, mesaj daşıyır. Məsələ ondadır ki, raket zərbələri terrordan 10 gün sonra həyata keçirilib. SEPAH məhz İranın kürdlər yaşayan Kirmanşah bölgəsindən İŞİD-in Raqqadan sonra özünə paytat seçdiyi və yerləşməyə çalışdığı Deyr əz-Zoru hədəfə alıb. Yeri gəlmişkən, 7 iyunda Tehranda terror törədən İŞİD üzvləri İran vətəndaşı olan kürdlər olub. Raket zərbələri isə məhz iyunun 18-də ABŞ aviasiyasının Raqqa yaxınlığında Suriya ordusuna məxsus təyyarəni vurduqdan sonra həyata keçirilib.

Belə görünür ki, Tehranın yeni nəsil orta mənzilli “Zülfüqar” (Həzrət Əlinin (ə) məşhur qılıncının adı – K.R.) raketlərini Suriyada İŞİD üzərində sınaqdan keçirməsi Təl-Əvivə və onun müttəfiqi ABŞ-a mesaj idi. Eyni zamanda İraq üzərindən Deyr əz-Zoru vuran İran ordusunun bir mesajı da körfəzdəki ərəb qonşularına oldu. İran ordusu nümayiş etdirmək istədi ki, indi artıq köhnə zamanlar deyil, İran öz istehsalı olan raketlərlə 600 km məsafədə də hədəfləri vurmağa qadirdir.

Aydın məsələdir ki, iranlılar 7 iyun terrorunun parlaq qisasını almağa çalışırlar. Çünki İŞİD məhz İranın paytaxtına qədər gələrək ölkənin iki əsas sütununu hədəfə almışdı. Bunun cavabı daha şiddətli və səs doğuran olmalı idi. Bunun üçünsə orta mənzilli “Zülfüqar” raketləri ilə uzaq məsafədən İŞİD mövqeləri vuruldu. Hədəfin Raqqa və digər şəhərlər deyil, Deyr əz-Zor olması da xüsusi seçilib. Məsələ ondadır ki, İŞİD kürd qüvvələri ABŞ hava qüvvələrinin aramsız hücumlarından sonra şəhəri tədricən boşaltmağa başlayıb. Artıq Raqqadan bir neçə hərbi maşın karvanı çıxıb və onların əksəriyyəti cənub-şərqə doğru Deyr əz-Zor şəhərinə yol alıb. Ehtimallara görə, Raqqanın faktiki olaraq mühasirədə olduğunu və itirdiyini anlayan İŞİD şimaldan və şərqdən kürdlərin, cənubdan hökumət qüvvələrinin mühasirəsinə düşməmək üçün nisbətən mərkəzə, daha yaxşı qorunan Deyr əz-Zor şəhərinə geri çəkilməyə çalışır. İranlıların məhz Deyr əz-Zoru hədəfə alması İŞİD-in yeni planından xəbərdar olduqlarını, hədəflərini dəqiq bildiklərini nümayiş etdirmək olub.

İranlıların terrordan dərhal sonra İŞİD-ə qarşı əməliyyatlara başlayacağı gözlənilirdi. Çünki əsas belə olur, terrorçuları cəzalandırmaq üçün hökumətlər cəza qüvvələri göndərirlər. Hətta Tehran terrorundan sonra iranlıların Suriyaya hərbi qüvvə göndərməsi də ehtimal olunurdu. Ancaq İran hökuməti, sadəcə, ölkə daxilində terror qruplarını zərərsizləşdirməklə kifayətləndi. Çünki İranı birbaşa İŞİD-lə qarşıdurmaya çəkmək Tehran üçün uğurlu taktika deyildi. Əslində İŞİD-in də məqsədlərindən biri İranı öz üzərinə çəkmək və Suriyada qarışıqlığı bir az da böyütmək idi. Ancaq Tehran daha səbirli davrandı, raketlə vurmaqla kifayətləndi. Digər tərəfdən, İran onsuz da 5 ildən çoxdur Suriyada və İraqda birbaşa, eləcə də dəstək qrupları ilə hərbi əməliyyatlarda iştirak edir. İranlı general Qasim Süleymani hər həftə Suriya və İraqın həssas bölgələrində peyda olur. Onun və komandasının hazırladığı silahlı qruplaşmalar İraq və Suriyada artıq 3 ildən artıqdır ki, İŞİD-lə savaşır.

Yeri gəlmişkən, ABŞ təyyarələrinin Suriya qırıcısını vurmasından sonra Rusiya və ABŞ ordusu arasında koordinasiya probleminin olduğu ortaya çıxıb. Amerikalılar Suriyadakı Rusiya hərbi hava bazasına xəbərdarlıq göndərdiklərini iddia edib. Ancaq bazar ertəsi günü ruslar bəyan edib ki, amerikalılardan heç bir xəbərdarlıq almayıblar. Rusiya Müdafiə Nazirliyi bu səbəbdən ABŞ ordusu ilə koordinasiya fəaliyyətini dayandırdığını bəyan edib. Suriyada halqa daraldıqca “vəkalət savaşı” aparan qüvvələr arasında qarşıdurma da qaçılmaz olur.
Ötən ay isə ABŞ aviasiyası iranlı zabitlərin və şiə qüvvələrinin olduğu avtomobil konvoyunu bombalayıb. Səbəb kimi, amerikanların olduğu düşərgəyə yaxınlaşmaları göstərilib. Görünən odur ki, bu cür toqquşmalar getdikcə daha da artacaq. Çünki Suriya ordusu və ABŞ-ın müttəfiqi kürd qüvvələri ilə daha intensiv şəkildə qarşılaşacaqlar.

Beləliklə, iranlılar Suriya müharibəsinin yeni, daha qaynar mərhələyə qədəm qoyduğunun mesajını verdilər. Bu mərhələdə indiyə qədər arxada dayanmağa üstünlük verən güclərin toqquşması baş verə bilər ki, bu da müharibənin şəklini dəyişə bilər.

Kənan RÖŞVƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir