KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İranda seçkilər: yeni prezidentlə savaş, yoxsa barış gələcək

İranda seçkilər: yeni prezidentlə savaş, yoxsa barış gələcək

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
387 0

İslam respublikasının 12-ci prezident seçkisi ölkənin və regionun gələcək taleyində mühüm rol oynaya bilər
4 həftədən sonra – mayın 19-da – İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. 1979-cu ildə İranda baş verən inqilabdan sonra İslam Respublikası qurulub və bu il sayca 12-ci prezident seçkiləri keçiriləcək. Artıq prezidentliyə namizədlər qeydə alınıb.

İslam Respublikası Konstitusiyaya Nəzarət Şurası (Şuraye Negahban) yüzlərlə iddiaçılar arasından yalnız 6 nəfərin prezidentliyə layiq ola biləcəyinə qərar verib. Qeyd edək ki, 12 nəfərdən ibarət olan Şura üzvlərinin yarısı Parlament, digər yarısı isə Ali dini lider tərəfindən təyin olunur və bu qurum qanunların, hüquqi aktların İslam qanunlarına uyğun olub olmadığına qərar verir. Beləliklə, Nəzarət Şurası hazırkı prezident Həsən Ruhani, vitse-prezident İshaq Cahangiri, Tehran şəhərinin meri, keçmiş hərbçi Məhəmmədbaqir Qalibaf, Məsləhət Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim, Məşhəd İmam Rza (ə) ziyarətgah kompleksinin direktoru, keçmiş inqilab məhkəməsi hakimi, Seyid İbrahim Rəisi və İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemiteba mayın 19-da seçkilərdə mübarizə aparmalarına icazə verib.

İranda dövlətin ən üst məqamında Ali dini lider dayandığı üçün bir qayda olaraq prezident vəzifəsi ikinci dərəcəli hesab olunur, dövlətin əsas qərar verici şəxsi hesab olunmur. Ancaq hər nə qədər dini rəhbər ən üst və son qərarverici mövqeyinə sahib olsa da, İranda prezidentin çox ciddi səlahiyyətləri var. Prezident hökuməti formalaşdırır, daxili siyasəti, iqtisadiyyatı, xarici siyasəti yürüdür. Təbii ki, İran kimi inqilab ideyalarına söykənən ölkələrdə xarici siyasət dövlət idarəçiliyinin əsas istiqaməti hesab olunur və bu mövzularda Ali dini liderin mövqeyi və tövsiyələri hökumət üçün əsas istiqamətverici amildir. Lakin buna baxmayaraq, prezident geniş səlahiyyətlərə malikdir.

Bu səbəbdən də İranda prezidentin kimliyi ölkənin gələcək 4 ilinin necə olacağı ilə bağlı qənaət formalaşdıra bilir. Məlum olduğu kimi, İranda iki əsas siyasi cərəyan arasında mübarizə gedir. “Mühafizəkar” adlanan qanad əsasən ordu, ədliyyə sistemi, eləcə də ruhaniyyət arasında ciddi dayaqları olan, İslam inqilabının ilk illərindən qatı Qərb əleyhdarı, inqilabçı ideyalara bağlı qüvvələrdir. “İslahatçılar” adlanan digər siyasi cərəyan isə daha çox siyasi, iqtisadi sahədə güclü dayaqları olan, eləcə də ruhanilər arasında da tərəfdarları olan, nisbətən yumşaq xəttin tərəfdarı, Qərblə anlaşmağa meylli, praqmatik siyasət tərəfdarlarıdır.

Ancaq qəribə də olsa, hər seçkilərdə mühafizəkar və islahat cəbhəsinin bir neçə namizədi olsa da, əsas iddiaçı bir şəxs olur. Daha da maraqlısı odur ki, İranda islahatçı və ya mühafizəkarlardan prezident seçilməsi daxili və xarici siyasi şərtlərə müvafiq olur. Məsələn, 2005-ci il seçkilərində Yaxın Şərqdə İraq və Əfqanıstanın işğalı, kəskin antiamerika ritorikasının mövcud olduğu bir zamanda seçkilərdə kəskin xətt tərəfdarı, mühafizəkar Mahmud Əhmədinejad prezident seçildi. Məhz onun zamanında İran sərt ritorikası ilə müsəlman dünyasında ciddi nüfuz qazandı. Lakin 2013-cü il seçkilərində isə daha çox Qərblə anlaşmaya meylli, güclü diplomatik təcrübəyə malik olan Həsən Ruhani prezident seçildi və seçkilərdə vəd etdiyi kimi, iki il ərzində Qərblə nüvə anlaşmasını əldə etdi, bir sıra embarqoların ləğvinə nail oldu.
İndi isə Yaxın Şərqdə 6 ildir sürən üzücü müharibənin davam etdiyi, bölgədə şərtlərin getdikcə daha da ağırlaşdığı, böhranların daha da dərinləşdiyi müşahidə olunur. İranın Yaxın Şərqdəki müttəfiqləri Suriya və İraq uzun sürən müharibələr nəticəsində dağıdılmış durumdadır, üstəlik Yəməndə davam edən müharibə nəticəsində İranın ərəb dünyası, xüsusən də körfəz ölkələri ilə münasibətlərində ciddi problemlər yaranıb.

Bu seçkilər həm də ona görə mühüm əhəmiyyət kəsb edir ki, yeni prezident həm Tramp kimi bir İran düşməni ilə mübarizə aparacaq, eyni zamanda Yaxın Şərqdə İranın maraqlarını müdafiə edəcək və daxili sosial-iqtisadi vəziyyəti yaxşılaşdıracaq, daxildə problemlərin yaranmasının qarşısını alacaq.

Bu mənada İranın yeni prezidentinin kimliyi təkcə İslam Respublikasının əhalisi üçün deyil, həm də bölgənin taleyi baxımından önəm daşıyır. Hazırkı prezident Həsən Ruhani bir sıra cəhətlərinə görə dünyada rəğbət görsə də, İranda siyasi konyuktur üçün hazırda o qədər də ideal variant deyil; ən azı belə düşünən güclü qruplar var. Necə deyərlər, Ruhani “dinc dövrün” prezidenti idi, indi isə qarşıda Tramp kimi qeyri-standart bir Amerika prezidenti var. Suriyaya atılan raketlər göstərdi ki, o, hər an savaş qərarı verə biləcək bir adamdır. Digər tərəfdən, Ruhani bacardığı işləri gördü və xarici siyasətdə daha fərqli nəticələr əldə etməsi mümkün görünmür.

Ancaq bununla belə, Həsən Ruhani 4 il vəzifədə olmuş prezident kimi böyük şanslara sahibdir. İslahat qanadının əsas namizədidir. Üstəlik, hazırda parlamentdə də islahatçılar üstünlük təşkil edir və bu da onların əlini gücləndirir.

Çox güman ki, Həsən Ruhaniyə qarşı əsas alternativ İbrahim Rəisi olacaq. İnqilabçı ruhanilərdən olan Rəisi Ali dini liderin varisləri sırasında adı çəkilən az saylı şəxslərdən biridir. Görünən odur ki, mühafizəkar camiə həm də bu səbəbdən Rəisini qarşıdakı dönəmdə ölkə başçısı postunda görmək istəyir. Çünki gələcəkdə ali dini lider olacaq şəxsin ikinci əsas post olan prezident vəzifəsində olması siyasi təcrübə toplaması baxımından mühümdür. İstənilən halda, bu seçimlər öncəkilər kimi, hətta onlardan da daha ciddi mübarizə şəraitində keçiriləcək.
İranın növbəti prezidenti kim seçilsə, onun üzərinə ciddi məsuliyyət düşəcək. Məsələ ondadır ki, həm İraq, həm də Suriyadakı savaşlar uzun müddətdir davam edir. Artıq yorucu və tükəndirici mahiyyət daşımağa başlayıb. Üstəlik, ABŞ-ın yeni prezidentinin davranışları regionda müharibə risklərini artırır.

Belə bir vəziyyətdə region ölkələrində İranla bağlı siyasət dəyişməyə başlayır. Son illərdə İranla münasibətlərdə ciddi siyasi-diplomatik böhran yaşayan Səudiyyə Ərəbistanı artıq Tehranla qarşıdurma xəttini yumşaltmağa meyllənir. Son olaraq ər-Riyad iranlıların həcc ziyarətinə getməsi ilə bağlı Tehranın irəli sürdüyü şərtləri qəbul etməyə razılaşıb.

Bundan başqa, Türkiyə hökuməti də hər nə qədər ümumi anti-İran kursunda davam etsə də, yaranmış yeni reallıqda İranla anlaşmaya meylli olduğunu nümayiş etdirir. “Əl-Cəzirə” telekanalı Türkiyədəki diplomatik qaynaqlara istinad edərək Ankaranın Suriya danışıqlarında İranın iştirakında israrçı olduğunu xəbər verir. Çünki Türkiyə üçün Suriyanın suverenliyi, ərazi bütövlüyü mühüm şərtdir. Məsələ ondadır ki, həm Vaşinqton, həm də Moskva Suriya kürdlərinin muxtariyyat və ya federal status almasına soyuq baxmır. Bu məsələdə yeganə narahat olan tərəf Ankaradır. Ankara isə indi danışıqlar masasında faktiki olaraq yalnızlaşır və əgər bu format davam edərsə, kürdlərin PYD liderliyində Suriyada muxtariyyət əldə etməsi qaçılmaz olacaq. Bu isə Ankara üçün ən uğursuz nəticə demək olardı. Suriyanın ərazi bütövlüyündə maraqlı və həssas olan digər ölkə İrandır. Bu səbəbdən indi Ankara Tehranın prosesdə olmasına çalışır.

Digər tərəfdən isə Tehran Suriyada həm birbaşa öz hərbi birləşmələri, həm də Hizbullah vasitəsilə ciddi hərbi gücə sahibdir. İranın prosesdən kənarda qalması faktiki olaraq prosesin nəticəsiz qalmasına səbəb ola bilər. Lakin əsas narahatlıq təbii ki, Suriyanın ərazi bütövlüyü, kürd separatizminin ayaq açmasıdır. Çünki kürd separatizmi indi olmasa da yaxın perspektivdə Türkiyə və İranı da təhdid edir. Lakin İraq məsələsində hələ də Ankara ilə Tehran arasında yumşalma müşahidə olunmur.

Bütün bu mürəkkəb proseslərin kölgəsində İslam Respublikası yeni prezidentini seçəcək. Təcrübəli İran siyasətinin qarşıdakı 4 ildə ölkənin idarəçiliyini kimə etibar edəcəyi maraq doğurur. Yeni prezidentin kimliyi yalnız İran deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyacaq.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir