KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İran üçün çətin dönəm başladı – sanksiyalar işə düşdü

İran üçün çətin dönəm başladı – sanksiyalar işə düşdü

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
266 0

ABŞ İrana qarşı planlarını sona çatdırmaqda, Tehran isə müqaviməti davam etdirməkdə israrlıdır
Avqustun 7-dən etibarən Amerika İrana qarşı sanksiyaları rəsmən bərpa etdi. Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bəyan edib ki, sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb.

Sanksiyalarla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyüter proqramlarının ticarəti dayandırılacaq. İranın enerji və bank sektorunu əhatə edəcək sanksiyaların ikinci mərhələsi 4 noyabrda qüvvəyə minəcək. Dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ İranı hərbi fəaliyyətdən geri çəkindirmək üçün sanksiyaları tam qüvvəsi ilə tətbiq etmək niyyətindədir.

Pensilvaniya Universitetinin siyasi elmlər professoru Yan Lastik “Amerikanın Səsi”nə bildirib ki, sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vuracaq. Bununla bərabər, o əlavə edib ki, bu, Rusiya və Çinə Tehranla daha yaxın əməkdaşlıq etmək imkanları yarada bilər.

Rəsmi Vaşinqtonun bu qərarının ardından əsas diqqətçəkən durum Avropa İttifaqı (Aİ) daxilində yaranıb. Bərpa edilən sanksiyalar birliyi iki hissəyə bölüb. Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini AB troykası adlandırılan üzv üç ölkənin xarici işlər nazirləri ilə birgə bəyanat verərək ABŞ-ın İrana yeni sanksiya tətbiqini səhv olaraq qiymətləndirib. Bəyanatda nüvə müqaviləsinin dünyada nüvə silahlarının yayılmasının qarşısının alınmasında “açar amil” olduğu bildirilib.

Bəyanatda həmçinin bu səbəbdən AB-nin yenilənən qadağa qanunu tətbiq edərək İranla ticarət edən firmaların ABŞ-ın sanksiyalarının təsirlərinə qarşı mühafizə altına alınacağı vurğulanıb.

Aİ avqustun 7-dən etibarən Avropa şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qoruyacaq. Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva bildirib. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırır. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb. Aİ daxilində yaranan ikitirəliyin rəsmi Tehranın vəziyyətini bir az yüngülləşdirəcəyi bildirilir.

Sanksiya qərarının ardından Ağ Ev rəhbəri Donald Tramp İrana qarşı sanksiyaların şərtlərinin pozulmasının qarşısını almaq məqsədilə yeni qərarnamə imzalayıb.

Yeni qərara görə, İranın ABŞ dolları və metallardan istifadəsinə imkan verilməyəcək. Həmçinin İranın energetika sektoruna, ABŞ-ın “qara siyahı”sındakı İran vətəndaşlarına, nəqliyyat və gəmi inşasına dəstək verənlər də sanksiyaya məruz qalacaqlar.

Bundan başqa, İranın avtomobil sənayesinə ehtiyat hissələri satan, xidmət göstərən, həmçinin İran məhsullarını daşıyanlar da cəzalandırılacaq.

5 noyabr 2018-ci ildən sonra İran Milli Neft Şirkəti, Naftiran Ticarət Şirkəti və İran Mərkəzi Bankına sponsorluq edən, maddi və texnoloji dəstək göstərənlərə də sanksiya tətbiq olunacaq.

Tramp bildirib ki, bir çox beynəlxalq şirkətin İrandan çıxacağı xəbəri onu olduqca məmnun edib: “Bəzi ölkələr İrandan xam neft idxalını azaldacaqlarını və ya tamamilə dayandıracaqlarını açıqlayıblar. Biz bütün dünyanı İranı iqtisadi blokadaya salacaq addımlar atmağa çağırırıq”.

Göründüyü kimi, ABŞ İrana qarşı tətbiq edilən bu qərarlarda iştirak etməyən, yaxud rəsmi Tehranla iqtisadi əlaqələri davam etdirəcək ölkələri və həmin ölkələrə məxsus şirkətləri dolayısı ilə təhdid edir. Bu da İranın yerləşdiyi region ölkələrinin hər birini, o cümlədən Azərbaycanı da yaxından narahat edir. Rusiya, qardaş Türkiyə kimi regionun güclü ölkələrinin İranla əlaqələri davam etdirəcəkləri şübhə doğurmur. Türkiyə bir müddət öncədən öz mövqeyini açıqlayıb. Rəsmi Bakının burada hansı siyasəti aparmalı olduğu barədə səslənən fikirlər isə birmənalı deyil.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova cənub qonşumuza qarşı sanksiyaların bərpası ilə beynəlxalq sistemdə yeni mərhələnin başlandığını düşünür: “6 avqust ABŞ-ın Xirosimaya atom bombası atdığı gündür. Lakin bu gün hər hansı bir ölkəni çökdürmək üçün atom bombası atmağa ehtiyac yoxdur. Ən güclü vasitə onun iqtisadiyyatını zəiflətməkdir. Prezident Trampın İrana qarşı Obama dövründə dondurulmuş sanksiyaları bərpa etməsi isə təkcə bu iki ölkə arasında deyil, bütövlükdə beynəlxalq sistemdə yeni bir mərhələnin başlanğıcıdır. Tramp may ayının 8-də ölkəsinin nüvə sazişini denonsasiya edərkən İrana qarşı yeni sanksiyaların qarşıdakı 90 gün ərzində qüvvəyə minəcəyini bəyan etmişdi və bu xəbər dünya üçün gözlənilməz olmadı. Tramp müqavilədən çıxdıqlarını bəyan edən günün səhəri-may ayının 9-da ölkənin Ali dini rəhbəri Ayətulla Xameneyi öz twitter səhifəsində yazmışdı ki, Tramp Yaxın Şərqə 7 trilyon pul sərf etdikləri barədə ərəb ölkələrinə 2 məktub göndərib və əvəzində onlardan ABŞ siyasətinə dəstək istəyir. İran tərəfi onlarda Trampın məxfi məktublarının surəti olmasını iddia edərək qeyd edirdi ki, Amerika alçaldılmış kölələr istəyir. Amerika mətbuatı da İran kəşfiyyatının əldə etdiyi iddia edilən məktublara oxşar məzmunda fikirlər yayaraq ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindən İrana qarşı fəal mövqe tələb etdiyi barədə məlumatlar yayıb. ABŞ-ın regionda ən sadiq müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.

Onların hər üçü sanksiyalar olmadan belə daima ABŞ-ın yanında yer alıblar. Lakin ABŞ-ın digər müttəfiqi-Avropa Birliyi ölkələri qətiyyətlə buna qarşı çıxır. Türkiyə və Rusiyanın da mövqeyi eynidir. Bu ölkələr özləri də ABŞ təzyiqləri ilə üzləşdikləri üçün İranla daha çox həmrəy olmağa və birlikdə fövqəldövlətin təsirlərinə müqavimət göstərməyə çalışırlar. Əlbəttə, Xameneyinin istinad etdiyi məktub olduqca vacibdir və əgər deyildiyi kimidirsə, bu, ABŞ-ın İranı bütün istiqamətlərdən mühasirəyə almağı hədəflədiyini göstərir. Böyük ehtimalla İran kəşfiyyatına və yaxud ölkənin ali rəhbərliyinə məktubu Küveyt, Qatar, Əman, İordaniya, yaxud Rusiya ötürmüş ola bilər. ABŞ İranın strateji sahələrini hədəfə götürüb. Bu sahələrə sanksiya tətbiq olunması İslam Respublikasının iqtisadiyyatını çökdürmək məqsədi daşıyır. Möhkəm valyutanın çatışmazlığı hədəflənib ki, bu səbəbdən də artıq qiymətli metalların dəyəri xeyli bahalaşıb. Ölkənin milli valyutası da ötən illə müqayisədə dollara nisbətdə 25 faiz ucuzlaşıb. Ölkədə qiymətli metallara, daşınan və daşınmaz əmlaka tələbat kəskin şəkildə artıb. Şiraz, Məşhəd, İsfahan, Tehran ətrafında əhalinin iğtişaşları getdikcə geniş vüsət almaqdadır. ABŞ-ın məqsədi İrana qarşı birbaşa hərbi müdaxilənin riskli olacağını, çox vaxt və böyük xərclər hesabına başa gələcəyini, ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirəcəyini nəzərə alaraq onu daxildən zəiflətmək, əhalinin sosial-iqtisadi vəziyyətini pisləşdirib onları hökumətə qarşı iğtişaşlara təhrik etməklə rejim dəyişikliyinə nail olmaqdır”.

Ekspertin qənaətinə görə, Aİ ciddi şəkildə ABŞ-ın bu qərarına müqavimət göstərə bilməyəcək: “Avropa Birliyi ölkələri ABŞ-ın bu qərarına qətiyyətlə etiraz etsələr də, çox böyük ehtimalla ona qarşı kəsərli şəkildə müqavimət göstərməkdə çətinlik çəkəcəklər. Avropa İnvestisiya Bankı Avropa müəssisələrinin İrandakı layihələrini dəstəkləməkdən imtina edib. Doğrudur, ABŞ və İran arasında ticarətin həcmi böyük deyil və 2017-ci ildə 20 milyard avro olub. Sanksiyalar hələ ki iki dalğadan ibarətdir. Birincisi, maliyyə transaksiyalarının bloklanmasını, ikinci noyabrda gələn dalğa isə İranın neft-qaz sektoruna olan sanksiyaları nəzərdə tutur. Lakin Avropa Birliyi ABŞ sanksiyalarının bloklanmasını nəzərdə tutan qərar qəbul etmişdi və qərar 7 avqustdan qüvvəyə minir. Sanksiyalarda iki əsas məqsəd var: İranın dövlət büdcəsinin gəlirlərini azaldaraq əhalinin maddi vəziyyətini ağırlaşdırmaqla onları hökumətə qarşı iğtişaşlara təhrik etmək və İranın Yaxın Şərqdə istilaçı xarici siyasət yeritməsinin qarşısını almaqla İsrail və digər ABŞ müttəfiqlərinin İranın yerini tutmasına kömək etmək. Türkiyə, Rusiya sanksiyalara qarşı çıxır. Azərbaycan da qonşuluqda gərginlik ocağı yaranmasını istəmir və hər zaman olduğu kimi, konstruktiv mövqeyindən geri çəkilmir. Görünür, ABŞ bu dəfə İrana dair planlarını sonadək yerinə yetirməmiş sanksiyaları dayandırmayacaq. Rejim dəyişikliyi, liberalların ölkədaxili siyasətdə üstün mövqeyə gətirilməsi, mühafizəkarların sıxışdırılması, İranın ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə törətməyəcək qədər zəifləməsi, yaxud güzəştlərə gedərək geri çəkilməsi ABŞ-ın minimum nail olmaq istədiyi hədəflərdir. Maksimum hədəflər isə onun Böyük Orta Şərq planına uyğun olaraq parçalanması ola bilər və bu, çox riskli plandır. İran hələ ki müqavimət göstərməkdə qərarlıdır. Yəqin ki, o, gücünün yetdiyi qədər ABŞ-ın təzyiqlərinə qarşı duruş gətirməyə çalışacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir