“İran Azərbaycanında təbiətə ziyan dəyir və dövlət buna biganə yanaşır”
İran Azərbaycanında yüksək vəzifələrdə olan yerli siyasətçilər bəzi hallarda Azərbaycana qarşı tətbiq edilən ayrı-seçkiliklərə diqqət çəkirlər. Siyasi şərhçi Kərim Əsgəri Amerikanın Səsi ilə söhbətdə deyir ki, “yerli məsullar müəyyən bir həddə riayət edərək bu tənqidləri ortaya qoyurlar. O həddi aşdıqları təqdirdə mərkəzi hakimiyyət onları cəzalandırar.”
Son vaxtlar Şərqi Azərbaycanın Qaradağ meşələrində yüzlərlə hektar ərazinin külə dönməsinə səbəb olan yanğın zamanı vali Məhəmmədrza Purməhəmmədi daxil olmaqla, vilayətin bəzi məsulları mərkəzi dövlətin yardım tələblərinə zamanında cavab vermədiyini ifadə etdilər.
Kərim Əsgərinin sözlərinə görə, “Qaradağ meşələrində yanğın olayından öncə, orada ağacların kəsilməsi mövzusu var idi. Bu məsələ ilə bağlı istər vali, istər millət vəkilləri açıq şəkildə tənqidlərini və etirazlarını mərkəzi dövlətə bildirdilər.”
Siyasi şərhçi bu tənqidlərin fərqli məqsədlərlə ortaya qoyula biləcəyini ifadə edir:
“Birincisi, bu ki, onlar hər halda dövləti bölgədə təmsil edirlər və məcburdurlar məsələ ilə əlaqələnib, xalqa bir cavab versinlər. Çünki, toplumda bu məsələ ilə bağlı ciddi narazılıq var idi. Bir də ki, onlar nə qədər də sistemə bağlı olsalar, insandırlar və görürlər ki, orada təbiət pozulur və dövlət buna biganə yanaşır.”
Əsgəri deyir ki, yerli məsullar bu tənqidləri fərqli məqsədlərlə irəli sürə bilərlər, lakin müəyyən bir həddi də aşa bilməzlər.
Əhmədinejad dönəmində Qaradağda zəlzələ oldu və günümüzə qədər o zəlzələnin törəttdiyi problemlər davam edir.
“Bu məsullar ümumiyyətlə bir həddə qədər irəli gedə bilirlər. O həddi aşdıqları təqdirdə fərqli şəkildə cəzalandırıla bilərlər,” siyasi fəal qeyd edir.
Onun sözlərinə görə, “yerli məsulların tənqidlərini Azərbaycan Milli Hərəkatın söyləmi ilə əlaqələndirmək bir az çətin olar. O məsullar bu tənqidləri öz vəzifələri çərçivəsində irəli sürürlər. Bunu ya öz yerlərini bərkitmək üçün edirlər, ya da o bölgəyə ürək yandırırlar. Bunu aydın şəkildə bilmək mümkün deyil.”
Yanğın və daşqın kimi fəlakətlərin baş verdiyi zamanlarda, Kərim Əsgərinin sözlərinə görə, qeyri-fars bölgələrin məruz qaldığı ayrıseçkiliklər daha aydın şəkildə ortaya çıxır.
“Neçə ay əvvəl, Türkmənsəhrada və Şirazda təqribən eyni günlərdə daşıqlar baş verdi. Təbii ki can candır, heç fərqi yoxdur. Amma, Şirazda baş verən o sel fəlakəti haradasa bütün medianın diqqətini çəkdi və dövlət bütün imkanlarını oraya səfərbər etdi. Amma Türkmənsəhra bölgəsindəki yaralar indi də sarılmayıb, və ya Əhmədinejad dönəmində Qaradağda zəlzələ oldu və günümüzə qədər o zəlzələnin törətdiyi problemlər davam edir. Mərkəz belə durumlarda qeyri-fars bölgələrə diqqət yetirmir. Bu, açıq şəkildə ortadadır,” Əsgəri əlavə edir.
amerikaninsesi.org