Seçkinin favoriti indiki prezident olsa da, əsas iddiaçılardan olan Rəisinin də şansı yüksəkdir
Mayın 19-da İranda növbəti, 12-ci prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, seçkilərdə 6 namizəd qeydə alınıb. Namizədlər hazırkı prezident Həsən Ruhani, vitse-prezident İshaq Cahangiri, Tehran şəhərinin meri, keçmiş hərbçi Məhəmmədbaqir Qalibaf, Məsləhət Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim, Məşhəd İmam Rza (ə) ziyarətgah kompleksinin direktoru, keçmiş inqilab məhkəməsi hakimi Seyid İbrahim Rəisi və İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitebadır.
Növbəti prezidentin kimliyi artıq bir müddətdir dünya mediasının əsas gündəmini təşkil edir. İranda dövlətin ən üst məqamı ali dini lider postu hesab olunsa da, bir qayda olaraq prezident vəzifəsi ikinci dərəcəli hesab olunur, dövlətin əsas qərarverici şəxsi hesab olunmur. Ancaq hər nə qədər dini rəhbər ən üst və son qərarverici olsa da, İranda prezidentin çox ciddi səlahiyyətləri var. Prezident hökuməti formalaşdırır, daxili siyasəti, iqtisadiyyatı, xarici siyasəti yürüdür. Təbii ki, İran kimi inqilab ideyalarına söykənən ölkələrdə xarici siyasət dövlət idarəçiliyinin əsas istiqaməti hesab olunur və bu mövzularda ali dini liderin mövqeyi və tövsiyələri hökumət üçün əsas istiqamətverici amildir.
Qeyd edək ki, keçirilən son teledebatların nəticələrinə əsasən hazırda seçki yarışının favoriti indiki prezident Həsən Ruhanidir. “İslahat” qanadının əsas şəxsi olan Ruhani son 4 ili ölkəni idarə edib, eyni zamanda nüvə məsələsində Qərblə anlaşma əldə edib, İran üzərindəki bir sıra sanksiyaların götürülməsinə nail olub. Eyni zamanda təcrübəli Ruhaninin qarşıdakı seçkilərdə üstünlüyü açıq-aşkardır.
19 may seçkilərinin ikinci favorit namizədi Məşhəd İmam Rza (ə) ziyarət kompleksinin direktoru, İran İnqilab məhkəməsinin keçmiş hakimi, ruhani Seyid İbrahim Rəisidir. Rəisi “mühafizəkarlar” camiəsinin əsas namizədi hesab olunur. İranda gələcək hakimiyyət üçün yetişdirilən kadrlardan hesab olunan Rəisi ali dini liderə sadiq camiənin üzərində dayandığı şəxsdir. Hətta bir ara ərəb mediası onun ali dini lider postuna hazırlandığını yazırdı. Bir mənada Rəisinin bu seçkilərdə irəli verilməsi onun üçün siyasi məşq, eləcə də seçilərsə, dövlət idarəçiliyi təcrübəsi olacaq.
Ancaq sirr deyil ki, İranda sistemdaxili demokratiya var. Bir qayda olaraq namizədliyi “Nəzarət Şurası” tərəfindən təsdiqlənərək seçkilərə buraxılan şəxslər dövlətin gələcək prezident olaraq qəbul etdiyi siyasilər olur. Bu mənada namizədlərin yarışı ədalətli olur. Ancaq bəzi siyasi analitiklər bu seçkilərin müəyyən mənada fərqləndiyini yazır. Bu fərqli situasiya isə “dərin dövlətin” müdaxiləsi və “daha uyğun” şəxsin seçilməsinə şərait yaradılmasını şərtləndirir. Bu amillər isə bir neçədir.
Birincisi, Ruhani dönəmi, yəni “islahatçıların” hakimiyyətinin Qərblə yumşalma siyasəti artıq keçərli deyil. Amerikada Tramp kimi qeyri-standart prezident hakimiyyətə gəlib, Yaxın Şərqdə savaşın yenidən qızışması təhlükəsi var. Üstəlik, Həsən Ruhani komandasının nüvə danışıqları zamanı Qərb diplomatlarına qarşı “həddən artıq yumşaq” davranması İranda mühafizəkar dairələrdə narazılıqla qarşılanıb. Hətta bir neçə dəfə beynəlxalq danışıqlara dini liderin xüsusi təmsilçisi də qatılıb.
İndi isə artıq Obama yoxdur, onun yerində sərt, hər an ani qərarlar verə bilən Tramp var. Üstəlik, Yaxın Şərq böhranı daha da dərinləşir, İran və körfəz ölkələri arasında hərbi gərginlik sürətlə artır. Ərəb ölkələri İranı içəridən laxlatmağa çalışırlar. Belə bir periodda İrana daha sərt, qətiyyətli və beynəlxalq arenada özünü göstərəcək yeni sima lazımdır. Üçüncüsü, ali dini liderin səhhəti və yaşı ilə bağlı vəziyyətdir. Qarşıdakı illərdə İran yeni dini lider seçkilərinə gedə bilər. Yaşlı rəhbərin son illərdə bir neçə dəfə xəstələnməsi və yaşı ilə bağlı narahatlıqlar qarşıdakı dönəmdə sistemə daha çox bağlı olan şəxsin prezident olmasını şərtləndirir.
Belə bir şəxs isə hələlik Rəisidir. Amma bunun üçün İran seçicilərinin səsləri həlledici olacaq. Əgər Ruhani əzici və aşkar üstünlüklə seçkiləri yenidən qazanarsa, o zaman onun ikinci müddətə ölkəyə rəhbərlik etməsi qarşısında maneə olmayacaq. Amma seçkilərdə hansısa saxtakarlıq, yaxud hazırkı prezidentin xeyrinə nəticəyə təsir cəhdləri olarsa, o zaman 2009-cu il hadisələri təkrarlana bilər. Çünki ölkənin siyasi sisteminin əsas dayağı olan hərbi elita, xüsusən də SEPAH komandirləri indi Rəisini müdafiə edir. “Mühafizəkarlar”a yaxın mediada artıq Ruhaninin Qlzaqo (Şotlandiya) Universitetindəki doktorluq dissertasiyasının saxta olması ilə bağlı ciddi iddialar ortaya atılıb. Bütün bunlar seçkiqabağı siyasi kampaniya elementləri olsa da, sərt mübarizənin olacağını göstərir.
Ehtimal ki, bu dəfə ali dini lider nəticələrə təsir etməyə çalışmayacaq. Hər halda, bu günə qədər olan mövqeyi belə deməyə əsas verir. Amma seçki günü və sonra hansı olayların olacağını indidən demək çətindir. Seçki kampaniyası və debatlar zamanı Rəisi ciddi şəkildə fərqlənməsə də, ruhani, inqilabçı imici, daha əvvəl inqilaba xidmətləri, nəhayət, hərbi və siyasi elitanın dəstəyi Rəisinin şansını artırır. Yeri gəlmişkən, ötən günlərdə Azərbaycan bölgələrinə gələn Ruhani ciddi təpkilərlə qarşılanıb. Hətta mədən qəzası baş verən ərazidə fəhlələr Ruhaninin avtomobilinə ziyan vurublar. Bu isə əyalətlərdə Ruhaninin dəstəyinin o qədər də güclü olmadığını göstərir. Bütün bunlar indi seçkilərin nəticələri ilə bağlı qəti söz deməyə imkan vermir. Ancaq bir şey məlumdur ki, İran kimi dərin dövlətçilik ənənələri olan ölkələrdə prezidentlərin ümumi kursdan kənara çox çıxması faktiki olaraq mümkün deyil.
Kənan Rovşeenoğlu