KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. İran prezidentinin Rusiya səfəri nələri dəyişəcək

İran prezidentinin Rusiya səfəri nələri dəyişəcək

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
321 0

Regionda proseslərə təsirini göstərəcək səfər bu həftə gerçəkləşir
Bu həftə İran prezidenti İbrahim Rəisi Moskvaya səfərə gedəcək. Hər iki ölkə Azərbaycanın qonşusudur. Ona görə də İran-Rusiya münasibətləri bizi də maraqlandırmaya bilməz.

Müharibədən sonra yaradılması təklif edilən “Altılıq formatı”nın əsas açar ölkələri Rusiya və İrandır. İran bu ideyaya bir az ehtiyatlı yanaşdı. Rusiyanın münasibəti İranın mövqeyində dəyişilik edə bilərmi?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İran-Rusiya münasibətlərinin necə olması regionda gedən proseslərdə çox ciddi təsirə malikdir. Bu münasibətlərin hər zaman Azərbaycana da müəyyən təsirləri olur: “Azərbaycanla yanaşı, regionun kiçik dövlətləri Gürcüstana, Ermənistana da Rusiya-İran münasibətləri öz təsirini göstərir. O baxımdan İran prezidentinin Rusiyaya səfəri maraq doğurur. Çünki İranın yeni seçilmiş prezidenti əvvəlki hakimiyyət dönəmindən daha fərqli siyasət yürüdüləcəyini qeyd edir. Onun hakimiyyətinin ilk aylarında İranla Azərbaycan arasında müəyyən sıxıntılar yaşandı, sonradan bu sıxıntılar aradan qaldırılmağa başlandı.

O ki qaldı “Altılıq formatı”na İran təbii ki, bu formata əvvəllər çox da isti yanaşmırdı, müəyyən ehtiyatlılıq göstərirdi. İran bölgədə yaranmış yeni reallıqları çətinliklə qəbul edə bildi. Bu prosesdə Türkiyənin və Rusiyanın da rolu oldu ki, İran yaranmış reallıqları qəbul etsin. İran xarici işlər nazirinin ötən il oktyabr ayında Rusiyaya səfəri zamanı orada ona açıq şəkildə İranın gərginliklərdən qaçması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsinə son qoyulması və ən yaxşı əməkdaşlıq formatı kimi regionda altılıq formatının işləyə biləcəyi barədə mesajlar verildi. Bundan sonra İranın mövqeyində dəyişiklik yarandı. Ona görə də hesab edirəm ki, bu tipli məsələlərdə Rusiyanın İrana təsir etmək imkanları var. Eyni zamanda İran və Rusiya sanksiyalara məruz qalan ölkələr kimi regiondakı ölkələrlə münasibətləri qaydada saxlamaq istəyir. O baxımdan “Altılıq formatı”nda əməkdaşlığın formalaşması üçün proseslərdə irəliləyiş başlaya bilər. Hesab edirəm ki, İran prezidentinin səfərinin bölgə üçün əhəmiyyəti olacaq. İran bölgədə əməkdaşlıq və sabitlik mühitinin yaranmasında maraqlı olduğunu ifadə edir. Xüsusilə də Türkiyə və Azərbaycanla olan anlaşılmazlıqların geridə qaldığı bəyan edilib. Əməkdaşlıq perspektivləri daha cəlbedici görünməyə başlayıb. Ona görə də hesab edirəm ki, bundan sonra geriyə dönüş yox, irəliyə baxmaq yolu seçiləcək”.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, İran prezidentinin Rusiyaya səfəri regionda çox ciddi geosiyasi proseslərin, ciddi hadisələrin baş verdiyi dövrdə gerçəkləşir. Qazaxıstan hadisələrindən, Türkiyə ilə Ermənistan arasında ilk danışıqlardan sonra belə bir səfərin həyata keçməsi diqqətdən qaçmamalıdır. İran prezidentinin rusiyalı həmkarı ilə bu və digər prosesləri müzakirə edəcəyi şübhəsizdir: “Rusiyanın ilk vaxtdan ”Altılıq formatı”ına müsbət reaksiya verdiyi və dəstəklədiyi məlumdur. İran öncə bir qədər tərəddüdlü davransa da sonradan elə məhz daha çox Rusiyanın tövsiyələrini dinləyərək bu formata qoşuldu və ilk danışıqlarda iştirak etdi. İranın bu formata münasibətində dönüş eyni zamanda bu ölkədə hakimiyyətə yeni şəxsin, yeni komandanın gəlməsindən sonra baş verdi. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra İranın o dövrkü xarici işlər naziri Məhəmməd Cavad Zərif regionun beş ölkəsinə səfər etdi. Bu səfər Azərbaycanla başlamışdı. İran o zamanlar yeni əməkdaşlıq formatına dəstək göstərirdi. Sonradan İbrahim Rəisinin rəhbərlik etdiyi mühafizəkarların İranda hakimiyyətə gəlməyindən sonra həm altılıq formatına münasibət mənfiyə dəyişdi, həm də İranın Azərbaycanla münasibətlərində soyuqluq yarandı. Lakin artıq münasibətlər normallaşıb. Azərbaycan-İran münasibətlərinin yeni müsbət məcraya daxil olması İranın “Altılıq formatı”na münasibətini də müsbətə dəyişdi.

Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiya və İranın alternativ iqtisadi və siyasi marşrutlar, nəqliyyat dəhlizlərinə ehtiyacı var. Bu baxımdan “Altılıq formatı” onların hər ikisinin xeyrinə olan əməkdaşlıq formatıdır. Tehran artıq bunu özü üçün tam dəqiqləşdirib. Ona görə də hesab edirəm ki, İbrahim Rəisinin səfərində bu iki ölkənin “Altılıq formatı”na münasibətində fərqli mövqelər ortaya çıxmayacaq. Əksinə, bu formatın praktiki işləməsi üçün addımlar atılması barədə razılıq əldə oluna bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir