Hulisi Akar Gürcistan’da

İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran prezidentinin qəfil Bağdad səfərində əsas hədəf

İran 12 Mart 2019
67

3 günlük səfər imamların ziyarətgahından başladı, gündəmdə isə çoxlu sayda mövzular var…
İran prezidenti Həsən Ruhani martın 11-də İraqa səfər edib. Bağdada səhər saatlarında gələn Həsən Ruhani rəsmi qarşılanma mərasimindən əvvəl bu şəhərdə yerləşən Kazimeyn məntəqəsində 7-ci imam Musa əl-Kazim və nəvəsi, 9-cu imam Məhəmməd Təqinin məzarını ziyarət edib.

Ziyarətdən sonra İran prezidenti Bağdaddakı prezident iqamətgahına gəlib və burada rəsmi mərasimlə qarşılanıb. Həsən Ruhanini İraq səfərində hökumət komandasının yüksək vəzifəli şəxsləri, əsas iqtisadi komandanın üzvləri müşayiət edib. İran mətbuatının yazdığına görə, səfərdə əsasən iki ölkə arasında iqtisadi əlaqələr, birgə sənaye mərkəzlərinin qurulması, İran-İraq dəmir yolu xəttinin tikintisi, eləcə də ekoloji problemlər, toz buludlarının yaratdığı fəsadlar, səhiyyə, turizm, tranzit və təhlükəsizlik kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, İraq hökumətinin dəvəti ilə baş tutan rəsmi səfər 3 gün davam edəcək. Ruhaninin İraq prezidentinin Bərham Salehi, baş nazir Adil Əbdülmehdi, parlamentin sədri Məhəmməd əl-Halbusi ilə görüşməsi planlaşdırılıb.

Bu, Həsən Ruhaninin İraqa ilk səfəridir. Onun İraqda müqəddəs ziyarətgahların yerləşdiyi Nəcəf və Kərbəla şəhərlərinə səfər etməsi və nüfuzlu din xadimi Ayətullah əl-uzma Seyid Əli Sistani ilə görüşməsi gözlənilir.

Səfərdən öncə Tehran Mehrabad hava limanında verdiyi açıqlamada Ruhani ötən ilin sonunda ABŞ prezidenti Donald Trampın İraqa gizli səfərini tənqid edib. Ruhani deyib ki, amerikalıların İraq, Suriya və digər bölgə ölkələrinə atdığı bombalar unudulmayacaq. Eyni zamanda deyib ki, İran-İraq münasibətləri həqiqi qardaşlıq təməlləri üzərində qurulub və hər iki xalq üçün faydalıdır.

İraq İranın ən vacib qonşularından biridir. İki ölkə arasında böyük və eyni zamanda riskli sərhəd xətti mövcuddur. Şimala doğru bu sərhədlər kürdlərin yaşadığı bölgələrdən keçir, cənubda isə İranın etnik ərəblər yaşayan Xuzistan vilayəti ilə sərhəddir. Hər iki ərazi İranda potensial silahlı separatizm mənbələrindən hesab olunur. Bu səbəbdən də İran üçün indi ən həssas nöqtələrdən biri məhz İraqdır. Digər tərəfdən, hazırda İraq ərazisində 5 min ABŞ hərbçisi var və eyni zamanda Vaşinqton İran hakimiyyətinə qarşı əsas silah hesab olunan “Xalqın Mücahidləri” qruplaşmasını yenidən İraqa yerləşdirməyə çalışır. Bu isə o deməkdir ki, əgər bu, baş versə, İranda silahlı hücumlar və terror güclənəcək. Bu səbəbdən də Tehran Bağdadla indi “saatlarını tutuşdurmağa” ehtiyac duyur. İrana qarşı ABŞ hökuməti hərtərəfli təzyiqləri artırıb. Bunun qarşısında İranın xüsusən də qonşularla əlaqələrini gücləndirməsinə ehtiyac var.

Hər nə qədər dini-məzhəbi baxımdan yaxın ölkələr olsa da, İraqda İrana qarşı fəaliyyətlər çox güclüdür. Ötən ilin payızında İraqın cənubunda, şiələrin sıx yaşadığı Bəsrə şəhərində baş verən etirazlar daha sonra İranın bu şəhərdəki konsulluğuna hücuma çevrilmişdi. Çünki daha əvvəl sosial vəziyyət, eləcə də elektrik və su qıtlığına etiraz olaraq keçirilən etirazlar daha sonra İrandan verilən suyun zəhərli olması iddialarının təsiri ilə İrana qarşı çevrilib.

Nümayişçilər İranın Bəsrədəki konsulluğuna, həmçinin Bəsrədəki şiə siyasi partiyalarının, həmçinin yerli telekanalların və eləcə də “Həşdi Şabi” ordu birliyinin, həmçinin bura daxil olan ayrı-ayrı silahlı qrupların yerli ofislərinə hücum edib. İranın Bəsrədəki konsulluğuna hücum edənlər konsulluq binasını tamamən dağıdıb, həmçinin İran bayrağını yandırıblar.

Tehran baş verənlərə sərt reaksiya verib. Əvvəlcə İraqın Tehrandakı səfiri XİN-ə dəvət olunub, ardınca isə İran-İraq sərhədində əsas keçid nöqtələrindən biri olan Sələmçə Nəzarət Buraxılış Məntəqəsi müvəqqəti olaraq bağlanıb. Ancaq aydın məsələdir ki, bu vəziyyət uzun müddət davam etməyib, tezliklə vəziyyət nəzarət altına alınsa da, bu hadisələr iki ölkə arasındakı münasibətlərdə olan gizli çatları üzə çıxardı.

Daha bir həssas mövzu son illərdə İraqda ərəb millətçiliyi fikirlərinin güclənməsidir. Xüsusən də İranın regiondakı əsas rəqibi olan Səudiyyə Ərəbistanı İraqla əlaqələrini gücləndirir. Son iki ildə İraq baş naziri Səudiyyə Ərəbistanına səfər edib, bundan başqa, ötən ilin mayında keçirilən seçkilərdə qələbə qazanan siyasi ittifaqın lideri, din adamı Müqtəda əs-Sədr ər-Riyada səfər edərək vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşdü. Detallar açıqlanmasa da, əsas məqsədin iki ölkə arasında yaxınlaşma olduğu məlumdur. Səudiyyə Ərəbistanı regionun əsas dövlətlərindən biri olan və məzhəb baxımından İrana ən yaxın ərəb ölkələrindən biri olan İraqda təsirini gücləndirmək istəyir. Bunun üçün hətta iraqlıların Həcc səfəri zamanı bir sıra güzəştlər tətbiq olunur. Təbii ki, bütün bunları İranda da müşahidə edirlər.

Əlbəttə ki, sanksiyaların gücləndiyi bir zamanda İrana İraqla münasibətləri qaydaya salmaq vacibdir. Bunu qismən də olsa bazar ertəsi günü Bağdad səfəri öncəsi Həsən Ruhani özü də etiraf edib. İran prezidenti deyib ki, indi onun ölkəsi bir çox ehtiyaclarını İraq vasitəsilə təmin edə bilər. Xüsusən də tranzit yük daşımaçılığı kimi sahələrin inkişaf etdirilməsi gündəmdədir. Hazırda İran və İraq arasında ticarət dövriyyəsi 12 milyard dollar həcmində qiymətləndirilir. Ancaq İran tərəfi Ruhaninin səfərindən sonra əldə olunacaq razılaşmalar sayəsində ticarət dövriyyəsini 20 milyard dollara qədər artırmağı düşünür.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar