KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İran parlamentində türk fraksiyası nəyə nail ola biləcək?

İran parlamentində türk fraksiyası nəyə nail ola biləcək?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
484 0

İran parlamentində türk fraksiyası nəyə nail ola biləcək?
100 deputatın iştirakı ilə təsis olunan fraksiyaya sabiq səhiyyə naziri rəhbərlik edir; Zəlimxan Məmmədli: “İlkin hədəf olaraq türk bölgələrinin problemlərinin gündəmə gətirilməsi qaçılmaz olacaq”
Oktyabrın 30-da İran Parlamentində (İslam Şurası Məclisi) Türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib.

Qeyd edək ki, fraksiyanın sədri Pezeşkiyan Sabiq səhiyyə naziridir. Təsis toplantısında həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin ediliblər. Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: “Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır”. Azvision.az-ın yaydığı məlumatlarda bildirilir ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncanəyalətlərindən olan deputatlardan başqa, İranın bir sıra digər əyalətlərinin deputatları, o cümlədən də Savucbulaq deputatı Mahmud Bəhməni, Tehrandan seçilən deputatlar İlyas Həzrəti və Behruz Neməti, Şirazdan olan deputat Əli Əkbəri, Qumdan olan deputat Əhməd ƏmirabadiFərahani və assurilərin deputatı YunatenBetKolya Türkdilli Deputatlar Fraksiyasının üzvləridir.

Azadlıq Radiosunun məlumatına görə, fraksiya türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”. Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər. Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə, fraksiyanın sözçüsü Zəhra Sai İSNA agentliyinə bildirib.

Qeyd edək ki, “Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri Amerikanın Səsinə müsahibədə 60-dan çox millət vəkilinin İran Məclisində türk fraksiyası yaratmasınınn önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək.Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra əsas diqqət çəkən mövzu da elə onun adı olub:“İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə ‘Türk’ adı inkar olunub yerinə qondarma ‘Azəri’ çıxarılmışdı. Bu gün İran məclisində, özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman yəni ‘Türk’ü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu ‘Azəri’ kəlməsindən qat-qat yaxşıdır”.

Əhməd Əlirza Beygi İran Parlamentində millət vəkillərinin dörddə birinin (təxminən 72 nəfər) türklərdən ibarət olduğunu deyir. Onun sözlərinə görə, türk millət vəkilləri 31 vilayətdən 19-da məclisə düşə biliblər.Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin həmçinin bir mesaj olduğunu vurğulayır.Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir.Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühavizəkar, həm də islahatçı millət vəkilləri daxildir.Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır.Onun sözlərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər.Əsgəri həmçinin deyib ki, “bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir.Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var…”, deyə o vurğulayıb.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Türk Fraksiyasının yaradılmasını mühüm hadisə sayır: “Bütün hallarda etnik kimliklə bağlı fraksiyanın yaradılmasını müsbət hadisə kimi dəyərləndirirəm. “Türk bölgələri fraksiyası” yeni olmaqla Güney Azərbaycan türkünün siyasi dünyagörüşündə pozitiv çalarların mövcudluğu və yeni mərhələnin başladığına işarədir. İlkin hədəf olaraq türk bölgələrinin problemlərinin gündəmə gətirilməsi gələcəkdə daha ciddi hüquqların əldə olunmasına şərait yaratması qaçılmaz olacaq. Ana dilində təhsil məncə, ən yaxın zamanda gündəmə gələ bilər. Fraksiyanın tərkibinin daha çox islahatçılardan ibarət olması da diqqətçəkəndir. Bu artıq siyasi komandaya işarədir”.

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı isə bunları bildirib: “Fraksiyanın fəaliyyətinin sonucunu gözləmədən, parlamentdə təmsil olunanların hansı filtrlərdən keçməsini belə nəzərə alaraq “Türk faktoru”nun daim məhdudiyyətlərə düçar olduğu İran gerçəyində ilkin dəyərləndirməm budur ki, bütünlükdə bu hadisə irəliyə doğru atılmış bir addımdır. İnanırıq ki, yaradılmış fraksiya öz fəaliyyətində Azərbaycan və ölkədəki bütün türklərin sorunlarının çözülməsində təsirli olsun”.

Cavid TURAN

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir