KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İran kim kazanacak ermenistan mı azerbaycan mı

İran kim kazanacak ermenistan mı azerbaycan mı

Hasan Oktay Hasan Oktay - - 11 dk okuma süresi
405 0

İranı kim “qazanacaq”: Azərbaycan, yoxsa Ermənistan?

İlham Əliyevin Tehrana budəfəki səfəri keçmiş illərdə İrana həyata keçirdiyi səfərlərdən xeyli fərqlənirdi. Çünki Azərbaycan və Ermənistan “İranı qazanmaq” uğrunda yarışa başlayıblar. İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə ilə iqtisadi və ticarət əlaqələri, ən önəmlisi də ortaq nəqliyyat və enerji xətlərinin tikintisi və icrası xeyli cazibədar görünür. Qərbin iri şirkətləri İranla iqtisadi və enerji sahəsindəki əlaqələrə maraq göstərirlər.

Sanksiyalar götürüldükdən sonra İran hakimiyyəti Cənubi Qafqaz ölkələrindən ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət etdi. Azərbaycanın hazır infrasturkturu, Avropaya çıxan nəqliyyat və boru xətləri var. Bu ilk baxışdan Tehran üçün cazibədar görünməlidir, həm də İran Ermənistanla iqtisadi əməkdaşlıqdan nə qazana bilər ki?

Buna baxmayaraq, Tehran “fərqli dəyərlərdən” çıxış edib bəzi məsələlərdə üstünlüyü Ermənistana da verə bilər. Məsələn, İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki iqtisadi məntiq İranın bu layihədə Azərbaycana üstünlük verməsini diqtə edir. İran-Ermənistan-Gürcüstan qaz layihəsi reallaşarsa Azərbaycan həm müttəfiqi Gürcüstandan zərbə alacaq və iki ölkə arasındakı münasibətlər daha əvvəlki kimi isti olmayacaq, həm də rəsmi Bakının Ermənistanı enerji blokadasında saxlaması siyasətində çat əmələ gələcək.

Ona görə də böyük ehtimalla İlham Əliyev Tehrandakı görüşləri sırasında ilk olaraq İran qazının Gürcüstana və Avropaya hansı marşurtla çatdırılması məsələsinə aydınlıq gətirmək istəyib. Azərbaycan və İran prezidentlərinin mətbuata verdikləri açıqlamadan Tehranın qazın ixracatında üstünlüyü Azərbaycana verəcəyini söyləmək çətindir.

İlham Əliyevi Tehranda bir başqa suala cavab da maraqlandırırdı: Tehran Rusiya-Azərbaycan-İran dəmiryolunun reallaşmasında nə dərəcədə maraqlıdır? İlham Əliyev Həsən Ruhani ilə görüşdən sonra söylədi ki, Azərbaycan ilin sonuna qədər öz dəmir yolunu İran xəttinə birləşdirəcək. Buna cavab olaraq Həsən Ruhani cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin olacağını bildirdi.

Faktiki oxşar fikirlərdir. Bu o deməkdir ki, Gürcüstana ötürüləcək qazdan fərqli olaraq Rusiya ilə dəmiryolu əlaqəsində İran Azərbaycana üstünlük verir. Bu hər 3 dövlətin xeyrinədir. Əlbəttə, bəlkə də Moskva və Tehran iki ölkəni birləşdirən dəmiryolunun Ermənistan keçməsini istəyərdilər. Ancaq Azərbaycanla İranı birləşdirən dəmir yolu faktiki hazırdır, Ermənistandan isə dağların içi ilə yeni və bahalı dəmir yolu tikilməlidir. Ona görə də sonda Moskva və Tehran Azərbaycanı seçdilər.

İran Azərbaycanla sərhədyanı ticarəti də inkişaf etdirməkdə maraqlıdır. Bu məqsədlə İran sərhəddə bir neçə azad ticarət zonası yaradıb. Ancaq Azərbaycan şirkətlərinin hələ ki, həmin zonalarda geniş fəaliyyəti hiss olunmur. Çünki Tehran Ermənistan şirkətləri də həmin zonada fəaliyyətə dəvət edib. Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığa başlamayacaq. Rəsmi Bakının İran vətəndaşları üçün viza rejimini ortadan qaldırmamasının səbəblərindən biri də budur. İlham Əliyevin Tehrana səfəri öncəsində sadəcə açıqlama verildi ki, rəsmi Bakı İran vətəndaşları üçün viza rejimini yumşaldacaq. Ancaq bu yumşalmanın özünü nədə biruzə verəcəyi məlum deyil.

Tehrandakı görüşlərdə Azərbaycanla İranın Xəzərdə enerji resurslarının birgə istifadəsi də müzakirə olunub. İlham Əliyev deyib ki, Azərbaycan enerji sahəsində yaxşı işlər görüb, İranın, o cümlədən başqa qonşu ölkələrin bu layihələrə qoşulmasıyla bunlar regional və transmilli layihələrə çevriləcəklər. Həsən Ruhani İlham Əliyevin bu mövzudakı geniş açıqlamasına cavab olaraq qısaca onu deyib ki, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi ilə bağlı konstruktiv danışıqlar aparıblar.

Aydındır ki, Xəzərdə İranla Azərbaycanın birgə çalışması qısa zamanda mümkün görünmür. Çünki 25 ildə iki ölkə arasındakı ziddiyətlər o qədər dərinləşib ki, bu məsələlərin qısa müddətdə həlli problematikdir.

Birincisi, İran və Azərbaycanın Xəzərdə birgə neft yataqlarını çalışdırması üçün hər iki ölkənin Xəzərin statusyla bağlı ortaq mövqeyi olmalıdır. Bu mövqe yoxdur, əksinə hər iki tərəf diametral baxışlara malikdir.

İkincisi, iki dövlət ortaq çalışmalara başlamadan öncə Xəzərdəki “Alov” yatağına aydınlıq gətirməlidirlər. Bu yataq Azərbaycan ərazisindədir və vaxtilə azərbaycanlı neftçilər tərəfindən kəşf olunub. Ancaq Azərbaycan öz yatağını işlədə bilmir. Çünki İranın hərbi katerləri buna imkan vermir. Əslində iki ölkənin birgə “Alov” yatağını işlətməyə başlaması Xəzərdə əməkdaşlıq üçün yaxşı zəmin olardı.

Verilən açıqlamalardan görünür ki, Tehranda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb. İran rəsmiləri son zamanlar yenə də Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəklərinə dair açıqlamalar verirlər. Ancaq İranın vasitəçiliyində nə Bakı, nə də İrəvan maraqlıdır.

Həsən Ruhani İlham Əliyevlə mətbuata birgə açıqlamasında bircə dəfə də “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” və ya “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq” ifadəsini işlətmədi. Bu yoxdursa, bütün digər sahələrdə iki ölkə arasındakı əməkdaşlığın yüksəlişə keçəcəyini gözləmək çətindir.

İlham Əliyev və Həsən Ruhani Suriyadakı müharibədən danışıblar. Azərbaycan prezidenti ABŞ-la Rusiyanın Suriyada atəşkəsə nail olmaları haqqında razılaşmanı müsbət qarşıladığını deyib. İlham Əliyev deyib ki, ölkələr biri-birilərinin daxili işlərinə müdaxilə etməməli, Suriya xalqı gələcək taleyini özü müəyyənləşdirməlidir. Bu açıqlama İranın da maraqlarına uyğundur.

İlham Əliyevin Suriya ilə bağlı Tehrandakı açıqlamasından çıxış edərək söyləmək olar ki, Rəsmi Bakı Səudiyyə Ərəbistanının formalaşdırdığı və Türkiyənin də yer aldığı “İslam koalisiyasına” qoşulmayacaq. Onsuz da ABŞ və Rusiya Suriyada atəşkəsə nail olarlarsa hazırki mərhələdə “islam koalisiyasına” ehtiyac qalmayacaq. Rəsmi Bakı “İslam koalisiyası” mövzusunun arxa plana keçməsində maraqlıdır. Çünki Azərbaycan hakimiyyəti Suriyaya görə Türkiyə + Səudiyyə Ərəbistan siyasi və hərbi bloku ilə Rusiya + İran siyasi və hərbi bloku arasında seçim etmək istəmir. Azərbaycan Suriya probleminin həllində yalnız müxtəlif qütblərin yer alacağı böyük koalisiyada iştirak edə bilər.

İlham Əliyevin İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə də maraqlı fikir mübadiləsi olub. İlham Əliyev və Seyid Əli Xamenei iki xalq arasındakı qardaşlıq əlaqələrindən danışarkən məzhəb faktoruna diqqət çəkiblər. İlham Əliyev iki xalqın dini və məzhəb oxşarlıqların olduğunu bildirib. Bu fikri ali dini lider bu sözlərlə təsdiqləyib: “İran və Azərbaycan xalqları arasında məzhəb bağları var”. İlham Əliyev bu mövzunun davamı kimi daha bir fikir söyləyib: “Azərbaycan xalqı İslam və şiəçiliyə hörmətlə yanaşır”.

İlham Əliyev üçün məzhəb bağlılığının vurğulanmasının arxasında o amil dayanır ki, İran ərazi bütövlüyü və işğal altındakl torpaqların boşaldılması məsələsində Azərbaycanın mövqeyini sözdə və əməldə dəstəkləməlidir.

Seyid Əli Xamenei üçün məzhəb bağlılığının vurğulanmasının arxasında isə o amil dayanır ki, Azərbaycan bölgədə İranın maraqlarını nəzərə almalıdır və sələfiliyin yayılmasına imkan verməməlidir.

Tehranı narahat edən odur ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə sıx münasibətlərə malikdir və Ər-Riyad Azərbaycandakı sələfilərin dayağı sayılır. Rəsmi Bakı radikal qruplarla mübarizə aparmasına baxmayaraq Tehranın istəyi ilə Ər-Riyadla münasibətləri zəiflədə bilməz. Ən azı ona görə ki, Tehrandan fərqli olaraq Ə-Riyad Azərbaycanın ərazi bütövlüyünü həm sözdə, həm də əməldə dəstəkləyir, Ermənistanla diplomatik münasibətləri yoxdur.

Azərbaycan İranla müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdır. Ancaq rəsmi Bakı bu əməkdaşlıq zamanı Tehranın Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Əgər Tehran bu şərtə əməl edərsə, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi mümkündür, əks halda qarşılıqlı səfərlərin münasibətlərin inkişafına təkan verəcəyini söyləmək problematikdir.

Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir