İran-ABD çatışması için seçenekler

Gürcistan Pandora Kutusunu mu Açmış?

Gürcistan’a uçuş yasak

VAŞİNQTON GÖRÜŞÜ NƏ İLƏ NƏTİCƏLƏNDİ?

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

İran 22 Mart 2019
67

Dronlar artıq müasir savaşların ən effektiv silahlarından birinə çevrilməkdədir. Hazırda davam edən müharibələrdə ən çox istifadə olunan silahlardan biri də pilotsuzlardır. Kəşfiyyat fəaliyyətləri, terrorçuların izlənməsi və “nöqtə atışları” ilə məhv edilməsi dronlar vasitəsilə həyata keçirilir.

ABŞ-la ciddi gərginlik yaşayan İslam Respublikası indi həm də pilotsuz təyyarələrin istehsalında Vaşinqtonla “əzələ yarışdırmağa” çalışır. İran ordusunun bu həftə keçirdiyi hərbi təlimlərdə diqqət çəkən əsas özəllik pilotsuz uçuş aparatlarının istifadə edilməsi olub.

“Beyt əl-Makdis” (Qüdsdə yerləşən “Beyt əl-Müqəddəs”in qədim adı – K.R.) adı verilən hərbi təlimlərdə İran silahlı qüvvələrinin 50-dək dronu iştirak edib. Bunlardan ən məşhuru isə iranlıların 2011-ci ildə ABŞ ordusuna məxsus olan və havada ələ kçeirilərək qaçırılan RQ-170 adlı pilotsuz aparatın “Sentinel” adı verilən “iranlı variantı” olub.

Manevrlərdə iştirak edən dronlar arasında yalnız kəşfiyyat xidməti görən aparatlarla yanaşı silahlı dronlar da olub. Bəzi aparatların isə 1000 kilometr məsafəyə uça bildiyi qeyd olunur.

Məsələ ondadır ki, qəribə də olsa hazırda dünyanın əsas silahlarından birinə çevrilməkdə olan pilotsuz uçuş aparatları iranlıların diqqətini hələ uzun illər əvvəl çəkib. İlk dəfə İran ordusu İraqla müharibə zamanı Sovet RPQ qumbaraatanları mərmiləri ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarından istifadə edib. Sonrakı illərdə bu sahəni daha da inkişaf etdiriblər. Ancaq o qədər də diqqət cəlb etmədən. İranlıların dron işindəki bacarığı bir də 2011-ci ildə ABŞ-ın o dövrdə ən müasir texnologiyalarından biri hesab olunan RQ-170 pilotsuz uçuş aparatını ələ keçirib, öz ərazilərinə endirmələri oldu. Çox keçmədən məlum oldu ki, İran ordusu ABŞ dronunun oxşarını “Saəqəh” (İldırım) adı ilə yaradıb. Bu qurğuların Amerika variantı öz dövrünün ən mükəmməli, radarların tuta bilmədiyi kəşfiyyat qurğusu hesab olunur.

Ancaq bundan sonra Yaxın Şərqdə müharibələr alovlandı və Suriyada, İraqda, Yəməndə baş verən savaşlarda İran dronları tez-tez görünməyə başladı. “Muhacir-4”, “Şahid-129”, “Yasir”. “Eyyub”, “Mirsad-1”, “Ebabil” və sair marka və modeldə pilotsuz aparatlar son illərdə İraq, Suriya, Livan, İsrail, Yəmən səmalarında görünüb. Gələcəyin silahları olan dronlar sui-qəsd maşını və kəşfiyyat məlumatlarının toplanmasında əvəzssiz rola malikdir. İnsan itkisini minimuma endirən bu silahlar müasir müharibələrin vacib elementinə çevrilib. Ən son olaraq İran dronları Fars körfəzində ABŞ gəmilərini izləyərkən qeydə alınıb. Bundan başqa iranlılar İraqdakı Amerika dronlarına sızaraq onların görüntülərini də əldə edə biliblər. Bu isə Tehranın bu sahədə ciddi məsafə qət etdiyinə işarədir. Lakin o da var ki, iranlılar bu texnikaları həm də bir qayda olaraq təbliğat vasitəsi kimi istifadə edir.

İran hökuməti anlayır ki, ABŞ və İsrail kimi güclü düşmən qarşısında dayana bilmək üçün müasir texnika və silahlara sahib olmaq lazımdır. İrana isə çox az ölkə silah satır. Bu səbəbdən də yerli dron sənayesinin olması vacibdir. Doğrudur, İslam Respublikası buna qədər Rusiya, Belarus kimi ölkələrdən dron texnologiyaları alıb, ancaq indi iranlılar yerli dronları ilə amerikalılara meydan oxumağa çalışır. Doğrudur, hələlik İran dronları ABŞ-ın “Predator”, “Reaper” kimi güclü zərbə qüvvələri və uçuş imkanlarına malik pilotsuzları ilə yarışmaq iqtidarında deyil, lakin görünən odur ki, Tehran gələcəyin silahı yarışında nə zamansa qarşılaşa biləcəyi ölkələrdən geri qalmamaq üçün çalışır.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar