Ukrayna’da, Poroşenko devlet başkanlığı koltuğunu kaybetti

ZELENSKİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ NECƏ OLACAQ?

Sri Lanka’da terör Kimin işi

Birleşik Arap Emirlikleri’nde ilk Hindu tapınağının temel atma töreni düzenleniyor

İran dini liderinin 95 milyardlıq sərvəti iddiası nə qədər realdır?

Gündem, İran 23 Ocak 2019
114

İran dini liderinin dəbdəbəli həyatı barədə ən səs-küylü iddiaları iranlı rejissor Məhməlbaf irəli sürüb; ABŞ dövlət katibi Mayk Pompeo Kaliforniyada keçirilən “İranlıların səsinə dəstək” adlı seminarda…
İranın ali dini lideri, bu il 80 yaşını qeyd edəcək Ayətullah Seyid Əli Xameneyi haqqında səs-küylü iddialar zaman-zaman mediaya yol tapır. Bu dəfə Rusiya mediası növbəti dəfə İranın ali dini liderinin zənginliyi və dəbdəbəli həyatı barədə materiallar yayıb.

Rusiya mediasına yol tapan, daha sonra Azərbaycan mediasında da yayılan məlumatlarda İran dini liderinin bahalı qəlyan kolleksiyasına sahib olması, hər biri 40-50 min dollar dəyərində üzüklər taxması, eləcə də İranın bəzi bölgələrində özəl toxunan parçalardan tikilmiş 40 min dollar dəyərində əba (dini geyim – K.R.) geyinməsi, atlara xüsusi həvəs göstərməsi və 7 milyon dollar dəyərində atlara sahib olması kimi məlumatlar yer alır. Bütün bu kimi xəbərləri isə bir qayda olaraq dini liderin yaşadığı dəbdəbəli sarayların fotoları müşayiət edir.

İran dini lideri barədə bu cür iddialar sadəcə mediada yer almır, həm də siyasi xadimlərin dilindən səslənir. Ən son olaraq ötən ilin yayında ABŞ dövlət katibi Mayk Pompeo Kaliforniyada keçirilən “İranlıların səsinə dəstək” adlı seminarda çıxışı zamanı deyib ki, Xameneinin “Setad” adı altında fəaliyyət göstərən və büdcəsi 95 milyard dollara çatan qeyri-qanuni investisiya qoyuluşu həyata keçirən fondu var. Bu fond vergidən yayındırılıb.

Ayətullah Xameneyinin 95 milyard dollar sərvətinin olması haqda iddialar isə Pompeonun çıxışından 6 il əvvələ aiddir. Hələ 2013-cü ildə “Röyters” Agentliyi İranın ali dini lideri ayətullah Əli Xameneyinin nəzarətindəki aktivlərin ümumi dəyərinin 95 milyard dollara çatdığı haqda özünün araşdırmasını yayımlayıb.

Araşdırmada qeyd olunub ki, Xameneyinin aktivləri “Setad” kompaniyası tərəfindən idarə olunur. Bu qurum İran iqtisadiyyatında, o cümlədən kommunikasiya, maliyyə, neft və səhiyyə sferalarında müxtəlif müəssisələrə sahibdir. Qurumun daşınmaz əmlaka aid aktivləri təxminən 52 milyard dollar dəyərində qiymətləndirilir. 43 milyard dollar isə İran müəssisələrinin payına düşür. Sonuncu rəqəm ölkənin 2012-ci ildə 67.4 milyard həcmində qiymətləndirilən neft ixracından təxminən 40 faiz çoxdur.

“Setad”ın çiçəklənməsinin səbəbi kimi 1979-cu ildə inqilabdan sonra ölkəni tərk edən, həmçinin məhkəmə hökmü ilə hüquqlarından mərhum edilən iranlıların müsadirə edilən əmlakları göstərilir. Qurum mərhum dini lider Xomeyninin təklifi ilə bu adı alıb. “Öncə təşkilatın məqsədi xeyriyyəçilik olub. İndi də bu fəaliyyəti davam etdirir. Lakin bu sahədə fəaliyyətin miqyası məlum deyil”, – deyə agentlik bildirir.

Qeyd edək ki, İran dini liderinin dəbdəbəli həyatı barədə ən səs-küylü iddiaları iranlı rejissor Məhməlbaf irəli sürüb.

2009-cu il “Yaşıl inqilb” hadisələri zamanı hökumətə qarşı etirazları dəstəkləyən Məhməlbaf sonradan dini lider barəsində ağılasığmaz iddiaları ilə məşhurlaşıb. Onun dini lideriin üzük, qəlyan kolleksiyası, Rəştdən hər gün təzə qara kürü gətirilməsi barədə iddiaları uzun zaman mediada yer alıb.

Ancaq İranın ali dini liderinin yaxınları onun həddən artıq sadə bir həyat sürdüyünü deyirlər. Hətta bir neçə dəfə saytlara yol tapan fotolarda dini liderin nimdaş geyimi, cırıq ayaqqabıları maraq doğurub. Ayətullah Xameneyinin indi də Tehranda 3 otaqlı evdə yaşadığı bildirilir. O zaman bu sərvət iddialarının kökü hara bağlanır?

Məsələ ondadır ki, xüsusən də şiə üləması, mərcəyi-təqlid müctəhidləri muxtar institut kimi fəaliyyət göstərir. Onlar dini məhkəmələr təyin edir, cümə namazları qıldırır və ən əsası müqəllidlərinin (ona təqlid edən dindarlar –K.R.) şəri vergilərini – xüms və zəkatları – toplayır. Bu isə müctəhid institutunu müstəqil maliyyə mənbəyi olan mərkəzə çevirir. Bu vəsaitlər toplanaraq dini təbliğatın (İslam maarifi – K.R.), dini təhsil, təbliğat, məscidlərin, mədrəsələrin saxlanması və sair kimi dini fəaliyyətlərə xərclənir. Təbii ki, bu vergilər sayəsində müctəhidlər böyük maliyyələrə sahib olur. Müsəlman Şərqində bir neçə milyard dollar büdcəsi olan dini vəqflər, müctəhid mərkəzləri var. Hətta din alimlərinə vəqf edilən neft yataqları, otellər, sənaye və ticarət mərkəzləri mövcuddur.

Bu mənada (hazırda şiə aləmində ən çox müqəllidi olan müctəhidlərdən biri kimi) Ayətullah Əli Xameneyinin çoxsaylı müqəllidlərinin böyük miqdarda vergilər ödəməsi tamamilə realdır. Digər tərəfdən, hazırkı İran qanunlarına əsasən vəliyyi-əmr tituluna sahib olan Ayətullah Xameneyi hüquqi baxımdan İranın bütün dövlət və yarı-dövlət bünyadları (İranda vəqflər “bünyad” adlanır və hazırda ölkə iqtisadiyyatında bünyadların ciddi rolu var – K.R.) üzərində üstün hüquqa sahibdir. Yəni “Setad” və bənzər qurumlar, o cümlədən İran büdcəsi bu mənada formal olaraq ali dini liderin nəzarətindədir. Amma bu daha çox formal məsələdir. Üstəlik, qeyd etdiyimiz kimi, bir müctəhid mərcəyi-təqlid olaraq Ayətullah Xameneyiyə müqəllidləri tərəfindən şəri vergilər ödənilir. Yəni nəzəri baxımdan Xameneyinin 95 milyardlıq büdcəyə sərəncam verə bilməsi mümkündür.

Mediaya yol tapan iddiaların əsas səbəbi məhz Ayətullah Xameneyinin müctəhid kimi sahib olduqları imkanlardır. Lakin məsələ ondadır ki, şiə üləması adətən dəbdəbəli həyatdan uzaq durur, həddən artıq kasıb deyiləcək qədər sadə yaşayırlar. İlk növbədə özünü din xadimi və zaman-zaman inqilabçı adlandıran Ayətullah Xameneyinin dəbdəbəli həyat sürməsi inandırıcı deyil.

Kənan Rövşənoğlu

Yorumlar