KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İran-ABŞ münasibətlərinin gərginləşməsi Azərbaycanın önəmini artıracaq

İran-ABŞ münasibətlərinin gərginləşməsi Azərbaycanın önəmini artıracaq

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
315 0

BBC-nin məlumatına görə, prezident Trampın anlaşmadan dəstəyini çəkməsi ABŞ-ın müqavilədən çıxması mənasına gəlmir. Çünki bunun üçün Konqres qarşıdakı 60 gün ərzində İrana qarşı embarqoları yenidən tətbiq edib-etməməklə bağlı qərar verməlidir. ABŞ rəsmiləri, o cümlədən hökumət içində “şahinlər” qrupundan olan müdafiə naziri Devid Mattis də bu ayın əvvəlində Senatda keçirilən dinləmələrdə İranla nüvə anlaşmasından çəkilmənin Amerikanın maraqlarına uyğun olmadığını demişdi. Avropa ölkələri də İranla anlaşmanın davamında maraqlıdır. Yeri gəlmişkən, Beynəlxalq Atom Enerjisi Agentliyi də Tehranın nüvə anlaşmasına riayət etdiyini açıqlayıb.

ABŞ-ın İranla nüvə anlaşmasından çıxması və Tehrana qarşı embarqoları bərpa etməsi yalnız İran deyil, bütövlükdə bölgədə gərginliyi artıra bilər. Çünki Vaşinqtonun İrana qarşı yeni raket sınaqları ilə əlaqədar sanksiyalar tətbiq etməsi və İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmaqla bağlı qərarı regionda 10 il əvvəlki gərgin situasiyanın bərpa olunmasına gətirəcək. Artıq İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a, bu qurumun terrorçu təşkilatlar siyahısına salmaması üçün xəbərdarlıq edib. Korpus komandiri bildirib ki, ona qarşı sanksiyalar elan edilsə, keşikçilər də ABŞ hərbiyyəsini hədəfə alacaqlar.

SEPAH hazırkı İranın əsas hərbi gücü hesab olunur və inqilab qvardiyası kimi xüsusi statusa malikdir. Ali dini liderə tabe olan bu ordunun bütün sahələrdə – hava, dəniz, quru – döyüş birlikləri var. Bundan başqa İranın ölkə xaricində əməliyyatları da bu qurum vasitəsilə aparılır.

SEPAH komandiri general İbrahim Cəfəri SEPAH Strateji Şurasının toplantısında ABŞ hökumətinin İnqilab Keşikçilərini terror təşkilatına salmasına sərt etiraz edib. Cəfəri deyib ki, ABŞ-ın sanksiyaların vaxtını uzatmaqdan imtinası nüvə anlaşmasından birtərəfli şəkildə çəkilməsi mənasına gəlir. Eyni zamanda bildirib ki, SEPAHA-a qarşı embarqo tətbiq olunacağı halda Vaşinqton bölgədəki bazalarını İran raketləri mənzilindən – 2 min km – uzağa daşıması lazım gələcək. O deyib ki, sanksiya tətbiq olunacağı halda İnqilab Keşikçiləri Yaxın Şərq başda olmaqla, bütün dünyada ABŞ ordusunu İŞİD-ə bərabər tutub, analoji münasibət göstərəcəklərini deyib.

Rəsmi Tehran da bəyan edib ki, SEPAH-ın terror təşkilatı siyahısına salınmasına İranın cavabı ciddi və sərt olacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib ki, İran Amerikanın hakim dairələrinin bu strateji və önəmli səhvi etməyəcəyinə ümid edir: “Onlar bu işi görmüş olsalar, İranın cavabı ciddi, ağır və sərt olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin”.

ABŞ-ın nüvə anlaşmasından çıxması regiona, xüsusən də Azərbaycana hansı təsiri göstərə bilər? Qeyd edək ki, Azərbaycan 5 il əvvələ qədər ABŞ-İran gərginliyindən ən çox təsirlənən ölkələrdən biri olub. İki ölkə arasında soyuqluq müşahidə olunub, hətta bir neçə dəfə İrana hava zərbələri zamanı Azərbaycan ərazilərindən istifadə olunacağı ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb. Azərbaycan hökuməti ən yüksək səviyyədə ölkə ərazilərinin 3-cü dövlətə qarşı istifadəsinə icazə verilməyəcəyi barədə açıqlama verdi. İndi isə ABŞ-ın indiki rəhbərliyi İranla qarşıdurma xəttini seçir. Yuxarıda qeyd etdiyimiz açıqlamalara rəğmən, prezident Tramp deyib ki, İran “anlaşmanın ruhuna uyğun davranmır”.

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktaya görə, ABŞ prezidentinin yaxın dövrdə Vaşinqtonun xarici siyasəti ilə bağlı kəskin addımlar atması gözləniləndir. Ekspertə görə, ABŞ-ın Suriya münaqişəsi ilə bağlı Türkiyə ilə rəqabətə girməsi indi Vaşinqtonun maraqlarına zərbə vurur: “Daha əvvəl Amerika xalqı prezidentin verdiyi qərarlardan o qədər də təsirlənməyib. Ancaq indi artıq ABŞ-ın siyasi rəqabəti sıravi amerikalıların özlərinə də zərbə vurur. Bu mənada Tramp İranla bağlı atacağı addımları ciddi şəkildə ölçüb-biçib, Türkiyə ilə münasibətlərdəki gərginliyi də nəzərə alaraq sərt qarşıdurmaya getməyə bilər. Xüsusən də Şimali İraq mövzusu Amerikanın yolunda ciddi mənada sıxıntı yaradır. Bu mənada indi Vaşinqton həm İranı, həm də Türkiyəni qarşısına almaqla bağlı qərar verməli olacaq”.

H.Oktay deyir ki, Trampın İrana qarşı embarqo tətbiq etməsi Türkiyə və İranı daha da yaxınlaşdıracaq və eyni zamanda Suriya, eləcə də İraq siyasətində Amerika üçün ciddi başağrıları yaradacaq. Azərbaycana gəlincə, “Kafkassam” başqanı hesab edir ki, Azərbaycan regional siyasət baxımından xarici təsirə açıq bir ölkədir: “Rusiya-Türkiyə əlaqələri və ya ABŞ-Rusiya münasibətləri Azərbaycana müsbət, yaxud da mənfi təsir göstərir. Azərbaycan regional siyasət baxımından özünəməxsus strategiya formalaşdırmağa çalışarkən Türkiyənin dəstəyini alması onun üçün faydalı olacaq. Bu mənada həm də İrana qarşı tətbiq olunacaq sanksiyalar Azərbaycanın regional önəmini artıracaq. ABŞ rəhbərliyi İrana qarşı embarqonu bərpa edərsə iki dövlətlə, yəni İran və Türkiyə ilə rəqabət edəcək. Əks təqdirdə, Türkiyə qarşısında İranla ittifaq qurmuş olacaq”.

KƏNAN Rosşenoğlu musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir