KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İran ətrafında nə baş verir – ekspertdən maraqlı açıqlamalar

İran ətrafında nə baş verir – ekspertdən maraqlı açıqlamalar

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
296 0

Həsən Oktay: “ABŞ İrana qarşı hərbi əməliyyatlar deyil, daha çox embarqo və sanksiyalarla mübarizə aparmağı düşünür”
Yəmən husilərinin şənbə günü Səudiyyə Ərəbistanına məxsus neft terminalını vurması bölgədə gərginliyi yenidən yüksəldib. Ərəbistanın “Aramco” dövlət şirkətinə məxsus Abqaiq neft terminalları ölkənin şərqində, Fars körfəzi sahillərinə yaxın bölgədə yerləşir.

Abqaiq Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisəsidir. Burada gündəlik olaraq təxminən 7 milyon barel kükürdlü xam neft emal olunaraq ixraca hazırlanır. Yəmən husilərinin şənbə günü təxminən 10 silahlı dronla həyata keçirdiyi hücum nəticəsində Abqaiq terminalında yanğın törədilib. Nəticədə terminalın işi dayanıb və ölkənin neft istehsalı gündəlik 5,7 milyon barelə düşüb. Bu isə Səudiyyə Ərəbistanının gündəlik istehsalının yarıya qədəri deməkdir. Bu həm də dünyadakı neft istehsalının 5 faizi deməkdir. Nəticədə bazarda neftin qiymətləri kəskin yüksəlib. Brent neft 19 faiz bahalaşaraq 72 dollara, ABŞ nefti isə 15 faiz bahalaşaraq 63 dollara yüksəlib. İkinci hücum isə ölkənin ikinci böyük neft terminalı olan Xuraisə edilib. 2009-cu ildən fəaliyyət göstərən Xurais neft terminalında 1,5 milyon barel neft istehsal olunur. Bu yataqda ümumilikdə 20 milyard barel neft olduğu güman edilir.

Əvvəlcə Səudiyyə rəsmiləri istehsalın iki gün əvvəlki vəziyyətinə qayıda biləcəyini desə də, sonradan məlum olub ki, neft ixracatının əvvəlki vəziyyətinə gəlməsi üçün bir həftə lazım olacaq. Bu isə dünya neft bazarına ciddi təsir edib. Baxmayaraq ki, Səudiyyə Neft Nazirliyi rezervlər vasitəsilə yaranmış boşluğu dolduracağını elan edib.

İranın hücumu?

Ancaq indi bu hadisə iqtisadiyyatdan çox siyasi gərginliyə səbəb olub. Məsələ ondadır ki, ABŞ və Səudiyyə rəsmiləri dron hücumuna görə husiləri deyil, İranı ittiham edir. Daha dəqiqi, həm Ər-Riyad rəsmiləri, həm də ABŞ hökuməti hücumun İran və ya İraq ərazisindən həyata keçirildiyini iddia edir.

Üstəlik, amerikalılara görə, hücum dronlar vasitəsilə deyil, birbaşa raketlər vasitəsilə həyata keçirilib. ABŞ dövlət katibi Pompeo deyib ki, hücumun husilər tərəfindən həyata keçirilməsinə dair “heç bir dəlil yoxdur”. Eyni zamanda o, dünya ölkələrinə müraciət edərək İranı qınamağa çağırıb.

İran isə iddiaları rədd edib. Xarici işlər naziri Cavad Zərif deyib ki, Pompeonun “maksimum təzyiq siyasəti” nəticə vermədiyi üçün “maksimum yalan siyasətinə” baş vurub.

Prezident Tramp isə neftin qiymətini aşağıda saxlamaq siyasətinin iflas olması səbəbindən xeyli qəzəblənib. Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışan Tramp “tweet” yazaraq günahkar bildiklərini, ancaq sonrakı addımlar üçün dəqiqləşdirməyə ehtiyac olduğunu qeyd edib.

ABŞ prezidentinin bu açıqlaması İrana qarşı güc tətbiq olunacağı ilə bağlı ehtimallara səbəb olub. Hətta Tramp telefon danışığı zamanı vəliəhdə Səudiyyə Ərəbistanını mümkün hücumlardan qorumağı təklif edib.

İran tərəfi isə okeanın o tayından gələn təhdidlərə qarşı “müharibəyə hazırıq” bəyanatı ilə cavab verib. İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) aviasiya və kosmik qüvvələr komandanı Əmir Əli Hacızadə deyib ki, hər kəs 2 min kilometr məsafədə bütün Amerika hərbi bazalarının, təyyarədaşıyan gəmilərinin hədəfimiz daxilində olduğunu bilsin.

Ancaq rəsmi Ər-Riyaddan İranı birbaşa ittiham edən rəsmi açıqlama gəlməyib. Müstəqil mənbələr isə Ər-Riyadın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması üçün təzyiq etdiyini yazır. Eyni zamanda iddialara görə, ABŞ İranın Yaxın Şərqdəki bazaları və dəstək güclərinə qarşı hərbi əməliyyatlara hazırlaşır. Söhbət Yəmən, İraq, Livan, Suriya kimi ölkələrdəki silahlı qruplaşmalardan gedir. İran hərbi hava və kosmik qüvvələri komandanının açıqlaması da onu göstərir ki, Tehran belə bir variantın ola biləcəyini nəzərə alır.

Aydın məsələdir ki, həm Yəmən husiləri, həm də İraq, Livan və Suriyadakı qüvvələr İran tərəfindən dəstəklənir, silahlandırılır. Bu qüvvələr ABŞ və müttəfiqləri üçün başağrısıdır. Digər tərəfdən, husilər faktiki olaraq 5 ildir ki, Yəməndə hakimiyyəti ələ keçirib. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin 2015-ci ilin martından husilərə qarşı başlatdığı əməliyyat nəticə verməyib. Husilər hələ də paytaxt Səna şəhərini əllərində saxlayır.

Vaşinqton düşünür ki, 4 ildən çoxdur faktiki olaraq mühasirədə olan və hər gün havadan bombalanan husilərin min kilometrə qədər uçub ən yüksək səviyyədə qorunan neft terminallarını vurması mümkün deyil. Bu, İranın həyata keçirdiyi və ya İran ordusunun təmin etdiyi silahlar vasitəsilə olub. Bu mənada proseslərin gərginləşməsi İranla hər hansı formada toqquşma riskini yüksəldir.

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli analitik Həsən Oktayın fikrincə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalı azdır. Ekspertə görə, ABŞ prezidenti İranı iqtisadi sanksiyalarla sıxışdırmaq istəyir: “ABŞ-ın İrana qarşı hücumu bugünkü sammitdən (sentyabrın 16-da Ankarada keçirilən üçlü zirvə qəsd olunur – K.R.) sonra aşağı-yuxarı məlum olacaq. Amma fikrimcə, ABŞ İrana qarşı hərbi əməliyyatlar deyil, daha çox embarqo və sanksiyalarla mübarizə aparmağı düşünür. Vaşinqtonun hazırda əsas hədəfi İran deyil, Çindir. Ancaq Çinə qarşı genişmiqyaslı əməliyyatda İranı da əsas maneələrdən biri olaraq gördüyü üçün Çin əməliyyat öncəsi Şimali Koreya, Venesuela kimi təhdidləri ortadan qaldırmaq istəyir”.

H.Oktayın fikrincə, Vaşinqton indiki şərtlərdə İrana hücum etməklə Tehranı tamamilə itirmək istəmir. “Üstəlik, Türkiyə və Rusiya vasitəsilə İranla anlaşa biləcəyinə ümid edir”, – deyə ekspert düşünür: “Keçən həftə prezident Trampın ”lazım gəlsə İrana qarşı iqtisadi yardım edərik” deməsi Tehrana qarşı hərbi deyil, danışıqlar yolu ilə anlaşmağa çalışacağını göstərir. Bu mənada Ankarada keçirilən liderlərin toplantısında hər nə qədər əsas gündəm Suriya olsa da, güman edirəm ki, İran məsələsi də müzakirə olunacaq. Türkiyə və Rusiya ABŞ-İran münasibətlərini müharibə deyil, müzakirələr yolu ilə normallaşması üçün çalışacaq. Bu məsələdə son nöqtə isə BMT Baş Assambleyasının toplantısında təşkil olunacaq danışıqlarla qoyulacaq”.

“Kafkassam” sədri düşünür ki, bu məsələnin arxasında Pekinin siyasəti dayana bilər: “Çin bu prosesi izlədiyi üçün İranda cəbhə açaraq İran-ABŞ toqquşması ilə bir formada Vaşinqtona qarşı ikinci ”Çin səddi” yaratmaq istəyir. Lakin düşünürəm ki, ABŞ-ın artıq Yaxın Şərqdən çıxıb Asiya-Sakit Okean bölgəsinə yönəlməsi qaçılmaz olacaq. Türkiyə Suriyada bir tərəfdən ABŞ-la Fəratın şərq sahili və Suriya siyasətini müzakirə edir. Digər tərəfdən isə İran və Rusiya ilə Suriyanın gələcək siyasətini, xüsusi olaraq İdlibi müzakirə edir”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir