İran Devrim Muhafızları istihbarat savaşı yürütüyor

Ankara ve Washington arasında yeni gerginlik

Bakü’de Kafkasya Sempozyumu var

Rus senatör: Çavuşoğlu onayladı, Washington ise anlayamıyor

İmamoğlu var, amma çözüm yox” – İstanbul müəmması davam edir

Gündem 19 Nisan 2019
98

Politoloq Həsən Oktay: “Hökumət müxalif partiyadan olan namizədlərin İstanbul və Ankarada bələdiyyə sədri seçilməsini həzm edə bilmədi”
Aprelin 17-də İstanbul bələdiyyə sədri seçkiləri rəsmən başa çatdı. İstanbul Seçki Qurumu AKP-dən olan rəqibi Binəli Yıldırımı 13 min səslə geridə qoyan CHP namizədi Əkrəm İmamoğlunun sədr seçilməsini təsdiqlədi. Elə həmin gün də bələdiyyə sədri vəsiqəsi İmamoğluna verildi və o, axşam saatlarında vəzifəsini təhvil aldı.

Ancaq hakim partiya hələ də İstanbul seçkilərinin nəticələrinin dəyişməsi ilə bağlı prosesi davam etdirir. Aprelin 17-də Yüksək Seçki Qurumuna (YSK) müraciət edən hakim AKP 3 məqamı əsas gətirərək seçkilərin bütünlüklə nəticələrinin ləğv olunması və yeni seçki keçirilməsini tələb edib.

Qeyd olunan 3 detaldan birincisi, ilk dəfə Böyük Çəkməcə rayonunda gündəmə gətirilən qanunsuz seçici qeydiyyatı iddiasıdır. İddia olunur ki, bələdiyyə işçisi 8 min nəfərin adını qanunsuz olaraq seçici kimi qeydiyyata alıb.

İkinci iddia bir sıra məntəqə seçki komissiyasına üzvlərin qanunsuz şəkildə və mövcud qaydalara uyğun gəlməyən şəxslərin təyin olunmasıdır.

AKP-nin seçkinin nəticələrini ləğv etmək üçün əsas gətirdiyi 3-cü səbəb isə səsvermə hüququ olmayan şəxslərin qanunsuz olaraq seçkiyə buraxılması ilə bağlıdır. Türkiyə qanunlarına görə, həbsxanalarda, eləcə də sərhəddə, cəbhə xəttində xidmət edən hərbçilər və nəhayət, əngəlli şəxslər səs verə bilməz.

Hazırda AKP-nin müraciəti YSK-da araşdırılır və Türkiyə Seçki Qanununun 130-cu maddəsinə əsasən, etiraz müraciətlərinə 7 gün ərzində baxılır. Türkiyə təcrübəsində bu günə qədər YSK bir neçə bələdiyyədə seçkinin nəticəsini ləğv edib və sədr vəsiqəsini geri alıb. Eyni zamanda qarşıdakı 7 gün ərzində YSK İstanbul seçkilərinin nəticələrini ləğv edərsə, o zaman İmamoğlunun sədrliyi geri alınacaq və yeni seçki təyin olunacaq. Və yaxud da qəyyum təyin oluna bilər.

Qeyd edək ki, qəyyum Türkiyədə çox populyar olan bir termindir, xüsusən də son illərdə PKK əleyhinə əməliyyatlar zamanı bir sıra kürd vilayətlərində HDP-nin seçildiyi bələdiyyələrin sədrləri vəzifədən azad edilib, onların yerinə isə qəyyum təyin olunub. Ərəbcə söz olan qəyyum hüquqi termin olaraq “Müəyyən bir malın idarə olunması, ya da bəlli bir işin həyata keçirilməsi üçün təyin olunan şəxs” deməkdir. Əsasən qanunsuz fəaliyyətləri üzə çıxan və dövlətin müsadirə etdiyi şirkətlərə təyin etdiyi idarəçilərdir. Qəyyum məhkəmə tərəfindən təyin olunur və müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Eyni zamanda cinayətə yol verməkdə ittiham olunan şirkətlər, insan ticarəti, narkotik satışı, qumar və sair ağır cinayətlərdə iştirak edən şirkətlərə dövlət əl qoya və qəyyum təyin edə bilər.

Bundan başqa iflas edən şirkətlərə də qəyyum təyin oluna bilər. Bu, şirkətin əmlakının nəzarətə götürülməsi, payçıların haqlarının qorunması məqsədilə edilir. Bundan başqa, əmlakın varisi tapılmadığı təqdirdə dövlət əmlakın idarə olunması üçün qəyyum təyin edə bilər.

“Kafkassam” Strateji Araşdırmaları Mərkəzinin sədri, politoloq Həsən Oktay deyir ki, İstanbul bələdiyyə seçkiləri rəsmən başa çatsa da, həm iqtidar, həm də müxalifət bu prosesə həddən artıq diqqət göstərdi və üzərinə məna yüklədi: “Halbuki bu, sıradan bir bələdiyyə sədri seçkisi idi. Hökumət müxalif partiyadan olan namizədlərin İstanbul və Ankarada bələdiyyə sədri seçilməsini həzm edə bilmədi. Ancaq bu bir demokratiya qaydasıdır. Demokratik seçki sistemlərinin olduğu ölkələrdə xalqa daha çox xitab edən, xalq dəstəyini alan seçilərək iqtidara gəlir”.

H.Oktay deyir ki, Əkrəm İmamoğlunun seçkilərdə qalib gəlməsindən sonra hökumətin seçkiləri ləğv etməsi və ya bələdiyyəyə qəyyum təyin etməsi demokratik bir addım olmamaqla yanaşı, çox rast gəlinməyən bir haldır. Ancaq ekspert hökumətin bu addıma gedəcəyinə ümid etmir: “Lakin əgər bunu edərlərsə, çox fərqli nəticələr ortaya çıxa bilər. Bunlardan biri Türkiyənin antidemokratik ölkə olduğu, diktatura tərəfindən idarə olunmağa yönəldiyi qənaəti doğura bilər. Bu isə Türkiyənin maraqları baxımından çox sıxıntılı bir vəziyyət olar. Demokratik sistemlərdə vəzifəyə seçki ilə gəlib, seçki ilə gedirlər”.

“Kafkassam” sədri hesab edir ki, İstanbulun yeni meri hökumətin də təzyiqlərini nəzərə alaraq daha demokratik və şəffaf bir idarəçilik həyata keçirməyə məcbur olacaq. Çünki indi əsas məsələ qarşıdakı 4-5 il ərzində şəffaf şəkildə çalışıb xalqın pullarını israf etmədən xidmət etməkdir.

Xatırladaq ki, Türkiyədə xüsusən də 15 iyul 2016-cı il hərbi qiyam cəhdindən sonra bir çox bələdiyyələrə Fövqəladə Vəziyyət rejimində hökumət tərəfindən qəyyum təyin olunub. 2016-cı il sentyabrın 1-də verilmiş “Qanun Hökmündə Qərarnamə” (KHK) ilə 4 AKP, 1 MHP və 94- HDP-dən olan bələdiyyə sədri postuna qəyyum təyin olunub. Daha sonra bu icraat qanuna daxil edilib və hökumət bir sıra bələdiyyələri, xüsusən də sədrləri PKK-ya yaxın olan HDP-dən olan bələdiyyələrə qəyyum təyin edib. Türkiyədə Fövqəladə Vəziyyət rejimi 2018-ci il 18 iyulda başa çatsa da, Diyarbəkr bələdiyyəsi də daxil olmaqla, qeyd olunan bələdiyyələrdə qəyyum idarəçiliyi davam edir.

Qeyd edək ki, qanuna əsasən 7 gün ərzində (xüsusi vəziyyətlərdə daha gec də ola bilər – K.R.) YSK İstanbul seçkiləri ilə bağlı etirazları araşdırıb yekun qərarını elan edəcək. Əgər nəticələr ləğv edilərsə, İmamoğlunun sənədi alınacaq və iyunun 2-də yeni seçkilər təyin olunacaq. Beləliklə, CHP-nin “İmamoğlu varsa, çözüm var” şüarına “İstanbulda İmamoğlu var, amma hələ də çözüm yox” da demək mümkündür.

Kənan RÖVŞƏNOĞLU
“Yeni Müsavat”

Yorumlar