СЛОВА ПОЗДРАВЛЕНИЯ МУФТИЮ

World’s Smallest Island-Nation May Lose US Aid Over Georgia’s Breakaways

Armenia – Russia։ Strange Bromance

Səfəviçiliyə qarşı Nadir Şahın avşarçılıq paradiqması

İmadəddin Nəsimi- 650

Gündem 23 Kasım 2019
95

Bu il bütün ölkədə klassik ədəbiyyatımızın dahi nümayəndəsi, Azərbaycan dilli poeziyanın banisi Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilir. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan etmişdir.
Seyid Əli ibn Seyid Məhəmməd (1369, Şamaxı, Azərbaycan – 1417, Hələb, Suriya) İmadəddin Nəsimi adı ilə məşhurdur. İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində Seyid Məhəmmədin ailəsində dünyaya göz açmışdır. Nəsimi gənc yaşlarından elmə böyük həvəs göstərmiş, ədəbiyyat, astronomiya, məntiq elmlərini dərindən mənimsəmişdir. Orta əsrlərdə Şamaxıda zəmanəsinə görə qüvvətli təhsil verən mədrəsələr var idi. Nəsimi bu mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa, ərəb və fars dillərini, riyaziyyat, astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. Klassik Şərq fəlsəfəsini, İslamın əsaslarını, Quranı-Kərimi dərindən mənimsəmişdir. Dini dərindən öyrəndiyi və mənimsədiyi üçün Seyid Əliyə İmadəddin, yəni Dinin dayağı ləqəbi verilmişdir. Dövrün Yaxın Şərq ədəbiyyatını və həmçinin klassik ərəb, fars, türk ədəbiyyatını dərindən öyrənən Nəsimi yunan filosofları ilə yanaşı Cəlaləddin Rumi, Şəms Təbrizi, Şeyx Mahmud Şəbüstəri, Fəridəddin Əttar, İbn Sina, Muhiyyəddin Ərəbi və s. məşhur filosof və alimlərin əsərlərini də mütaliə etmişdir.
Nəsimi dini biliklərinin nəticəsi olaraq təriqətlərə maraq göstərmişdir. O, xüsusilə sufi cərayanına maraq göstərmiş, məşhur mütəfəkkir, sufi şeyxi Həllac Mənsur Hüseyninin fəlsəfi görüşlərinə rəğbət bəsləmişdir. Bu cərəyanın təsiri ilə o, Seyid Hüseyni, Seyid, Hüseyni təxəllüsləri ilə şeirlər yazmışdır. Nəsimi təriqət axtarışlarını davam etdirmiş, gənc yaşlarında Bakıya gəlmiş və hürufilik təliminin başçısı Fəzlullah Nəimi ilə görüşmüşdür. Bu görüşün təsiri ilə Nəsimi hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Bu tanışlıqdan sonra şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir. Bundan sonra onun adına uyğun olaraq Nəsimi təxəllüsü ilə şeirlər yazmağa başlamışdır.
Qısa müddətdə Nəsiminin şairiliyi və dini-fəlsəfi görüşlər haqqında fikirləri hürufilər arasında böyük əks səda doğurmuş və ona böyük şöhrət gətirmişdir. O, sufizm və hürufiliyin təsirinə qapılmış, bunun nəticəsində şairiliyini və filosofluğunu daha da inkişaf etdirmiş və formalaşdırmışdır. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə Nəimini Naxçıvanda, Əlincə qalasının yaxınlığında edam etdirmişdir. Nəimi ölümündən əvvəl yazdığı Vəsiyyətnamədə Nəsimini öz davamçısı elan etmişdir.
Bu vəsiyyətə görə Nəsimi Təbrizə, oradan da Anadolu torpaqlarına getmişdir. Nəsimi həmişə dərviş həyatı keçirmiş, şerlərində də bunu dilə gətirmiş, daimi yaşayış yerinin adını çəkməmişdir. Osmanlı dövlətində də I Sultan Muradın zamanında siyasi təqiblərə məruz qalan şair hürufiliyi təbliğ etdiyi üçün dəfələrlə həbs olunmuşdur. Ona görə də Nəsimi Anadoluda çox qala bilməmiş və Hələbə getmişdir. Hələb şəhərində hürufilik ideyalarını yaymağa başlayan şair burada da zindana atılmışdır.
Nəsiminin şeirlərinin onun həyatı üçün təhlükə törətdiyini bilən və bundan qorxan qardaşı Şahı Xəndan ona belə bir beyt yazıb göndərmişdir:

Gəl bu sirri kimsəyə faş eyləmə,
Xanü xası aməyə aş eyləmə.

Lakin öz məfkurəsindən və ideallarından dönməyən şair qardaşına cavab olaraq yazmışdır:

Dəryayi-mühit cuşə gəldi,
Kövnilə məkan хüruşə gəldi.
Sirri-əzəl oldu aşikara,
Arif nеcə еyləsin müdara?

Nəsimi şeirlərinə və təriqət təlimlərinə görə Misir məmlükləri tərəfindən dinsizlikdə günahlandırılaraq zindana salınmış və Misir sultanı tərəfindən edamına fərman verilmişdir. Fərman yerinə yetirilmiş, Nəsimi 1417-ci ildə Hələb qalası ətrafında edam olunmuşdur. İmadəddin Nəsiminin məzarı Hələb şəhərində, bu gün onun adını daşıyan küçədədir.
Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin təməlini qoymuş, klassik şeirimizi həm forma, həm də məzmunca zənginləşdirmiş, sonrakı nəsillər üçün böyük ədəbi məktəb qoymuşdur. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar siyasi, ictimai mövzularda şeirlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoymuşdur. Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Onun şeirləri klassik Şərq poeziyasına güçlü təsir göstərmiş və şairin sağlığında sevilmişdir.
Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmışdır. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, o cümlədən Füzuli, Nəvai, Niyazi və başqa böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Bundan başqa Həbibi, Kişvəri, Həqiqi, Şah İsmayıl Xətai kimi şairlərin yaradıcılığında öz əksini tapan sufi-hürufi inam və düşüncələri də şairin şeirlərinin təsiri ilə əlaqədardır.
Şeirlərində insan gözəlliyini, insan əxlaqının tərənnüm edən şair insanı həyatın yaradıcısı, bəşəri gözəlliklərin mayası olaraq göstərmişdir. O, şeirlərində kamil insan obrazı yaratmış və ona duymaq və sevmək xüsusiyyətləri vemişdir. Onun təbliğ etdiyi insan nəfsini tərbiyə etmiş, ilahi eşq yolununda kamala çatımışdır:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm.
Gör bu əsrarı nə müğləq söylərəm,
Sadiqəm qövlümdə, səddəq söylərəm.

Nəsimi yaradıcılığı dilçilik, xüsusilə, Azərbaycan türkcəsinin tarixi inkişafı yolunu öyrənmək cəhətindən də çox əhəmiyyətlidir. Zəngin və orijinal dil imkanlarına malik olan Nəsimi canlı xalq danışıq dilindən bacarıqla istifadə etmişdir. Nəsimi Azərbaycan tarixi poeziyasının forma xüsusiyyətlərinin inkişaf etdirilməsində mühüm rol oynamış, əruz vəzninin bəhrlərini heca vəzninə uyğunlaşdırmağa çalışmışdır. “Ağrımaz”, “Məndə sığar iki cahan…”, “Dəryayi mühit cuşa gəldi…”, “Mərhaba…”, “Dilbəra, mən səndən ayrı…”, “Əzəldən nur idim, şimdi həq oldum…”, “Dün gecə bir dilbər ilə”, “Ey könül, şad ol…”, “Etməgil…”, “Firqətin yandırdı bağrım…”, “Üzün günündən eyqəmər”, “Hardasan” və s. qəzəlləri Nəsimi irsinin parlaq nümunələrindəndir.
Nəsiminin əsərləri ilk dəfə 1844, 1871 və 1880-ci illərdə İstanbulda nəşr еdilmişdir. Azərbaycanda ilk dəfə 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının 1-ci nömrəsində “Ey cənnətin xəndan gülü…”, “Firqətin dərdindən ey can…”, “Dəryayi mühit cuşa gəldi…”, “Məndə sığar iki cahan…” və s. şeirləri çap olunmuşdur. 1925-ci ildə isə Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabında şairin bir sıra qəzəlini çap etmişdir. Nəsiminin qəzəllərini kitab halında isə ilk dəfə 1926-cı ildə ədəbiyyatşünas alim Salman Mümtaz “Seçilmiş şeirlər” və “Şeirlər” adı ilə nəşr еtdirmişdir.
Nəsimi haqqında ədəbiyyatşünas alim, akademik Həmid Araslı məqalələr yazmış, şairin həyat və yaradıcılığının qaranlıq məqamlarına işıq tutmuş, Azərbaycan oxususuna onu, şeirlərinin məzmunu, ideyası verdiyi mesajlar, dil gözəllikləri və s. cəhətdən təqdim etmişdir. Şairin ana dilində divanının еlmi-tənqidi mətnini ilk dəfə professor Cahangir Qəhrəmanov nəşrə hazırlamışdır. O, 1973-cü ildə Bakı, Leninqrad və İrəvan əlyazmaları fondlarında saxlanılan beş nüsxəni İstanbul və Bakı nəşrləri ilə müqayisə edərək Nəsiminin ana dilində əsərlərinin ilk elmi tənqidi mətnini ərəb əlifbası ilə çap etdirmişdir.
1973-cü ildə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxal miqyasda qeyd olunmuşdur. 1973-cü ildə Azərbaycanda da şairin həm orijinal, həm də başqa dillərə tərcümə edilmiş kitabları, haqqında elmi tədqiqat əsərlər, biblioqrafiyası işıq üzü görmüşdür. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra əsərlər (İ.Hüseynovun “Məhşər” romanı, R.Rzanın “Son gecə” poeması, Qabilin “Nəsimi” poeması, Ə.Kərimin “Şəhidliyin zirvəsi” və Ə.Kürçaylının “Nəsimi” şeirləri, F.Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması, C.Cahangirovun “Nəsimi” kantatası, A.Rzayevin “Nəsimi” simfonik poeması, M.Abdullayev tərəfindən çəkilmiş portret, “Nəsimi” filmi (tammetrajlı)) həsr olunmuş, şeirlərinə musiqi bəstələnmiş, poçt markası buraxılmışdır.
1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılmış (heykəltəraşlar T.Məmmədov, İ.Zeynalov), Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna, Bakının ən böyük rayonlarından birinə və metro stansiyasına onun adı verilmişdir.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə “Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı” təntənəli şəkildə keçirilmişdir. Festivalın keçirildiyi dörd gün ərzində Bakı və Şamaxıda Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş müxtəlif tədbirlər – sərgilər, ədəbi-bədii gecələr, musiqili kompozisiyalar, simpoziumlar, mühazirələr, seminarlar və s. təşkil olunmuşdur
Doç. Dr. Naile Asker

Yorumlar