İlqar Gülabli: Azəri, yoxsa Azərbaycan türkü?
“Azəri” deyə bir millət yoxdur. Ümumiyyətlə, tarixdə “azəri” adlı bir millət heç vaxt mövcud olmayıb. Ərəblər Atropatenanı “Azərbaycan”, atropatenalıları isə qısaca “azərilər” adlandırıblar. Xatırladım ki, Qafqazda nə Atropatena olub, nə də atropatenalılar yaşayıb. Həmin dövrdə Qafqazda albanlar yaşayırdı və ölkənin adı Albaniya idi.
1918-ci ildə Qafqazda qurulan türk dövlətinin adı Azərbaycan qoyulduqdan sonra tarixdə ilk dəfə Qafqaz ərazisi “Azərbaycan” adlandırıldı. O vaxtdan etibarən Qafqaz türkləri ilə İranın Azərbaycan vilayətində yaşayan türklər ümumi adla Azərbaycan türkləri adlandırılmağa başlandı.
Bizə “azəri” demək türk kökümüzü inkar etmək, bizi irandilli atropatenalılara bağlamaq cəhdidir. Əgər biz atropatenalıyıqsa (yəni azəriyiksə), bəs albanlar necə oldu? Göyə uçdularmı?
İkinci məsələ ondan ibarətdir ki, “azəri” sözündəki “-i” şəkilçisi ərəb dilində mənsubiyyət bildirir. Məsələn: ərəb – ərəbi, fars – farsi, türk – türki, kürd – kürdi, rum – rumi və s. Bu baxımdan “azəri” bir millət adı ola bilməz. Əgər belə olsaydı, “azəri” yox, “azər” işlədilməli idi.
Türkiyədə bizə “azəri” deyilməsinin səbəbi İran əsilli Azərbaycan türklərinin Türkiyədə özlərini bu adla təqdim etməsidir. İranda isə türk düşmənləri türk adını unutdurmaq, bizim kökümüzü qədim İran tayfalarına bağlamaq və assimilyasiya məqsədilə “azəri” terminindən istifadə ediblər. Təəssüf ki, bu anlayış bu gün də bəzən işlədilir.
Sovet dövründə də pantürkizm təhlükə sayıldığı üçün bizim türk kökümüz üstüörtülü şəkildə inkar edilmiş, bəzən bizi qədim iranlılar kimi göstərmək məqsədilə “azəri” termini işlədilmişdir. Çünki qədim İran mədəniyyəti, ərəblərə qarşı mübarizə, Xürrəmilər hərəkatı, zərdüştlük dini və s. sosialist ideologiyasına daha uyğun hesab edilirdi. Türkçülük isə əvvəlcə sosializm tərəfindən dəstəklənsə də, sonradan təhlükə kimi qəbul edildi.
Nəticədə özünü türk adlandıran nə qədər ziyalımız vardısa, sosialist-kommunist olmalarına, SSRİ-yə sadiq qalmalarına baxmayaraq, 1937-ci ildə repressiyaya məruz qaldılar: kütləvi şəkildə edam edildilər, Sibirə sürgün olundular, həbsxanalarda işgəncə ilə öldürüldülər. Səbəb isə sadə idi — özlərinə türk deyirdilər və qondarma “azərbaycanlı milləti” anlayışını qəbul etmirdilər.
“Azərbaycanlı” millət adı deyil, vətəndaşlıq anlayışıdır. Məsələn, Azərbaycan vətəndaşı olan rus da azərbaycanlıdır. Bu gün Azərbaycan vətəndaşı olan ləzgi, avar, saxur, udi, hapıt, tat, talış, kürd, rus, yəhudi və digərləri vətəndaşlıq baxımından azərbaycanlıdır, lakin millət olaraq hər birinin öz adı var.
Bizim də vətəndaşlıq baxımından adımız azərbaycanlı, millət olaraq isə xüsusi adımız Azərbaycan türküdür.
İlqar Gülabli



Yorum gönder