KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İlham Əliyevin varis planı işə düşdü

İlham Əliyevin varis planı işə düşdü

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
442 0

Azərbaycan prezidenti İlham Əliyevin Mehriban Əliyevanı vitse-prezident təyin etməsi gözlənilən qərarlardan biri idi. Çünki, Mehriban Əliyeva prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır.

Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb. Mehriban Əliyeva ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır. Birinci xanımın bu və ya digər məsələlərə konkret münasibəti haqqında məlumat az olsa da, ancaq o da bəllidir ki, Mehriban Əliyevanın müəyyən istiqamətlər üzrə siyasətin korrektəsində və bəzi təyinatlarda rolu olub. Doğrudur, Mehriban Əliyeva bugünə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, əfv fərmanlarının verilməsi və digər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək.

Mehriban Əliyevanın birinci vitse-prezident təyinatında iki əsas səbəb mühüm rol oynaya bilər.

Birinci səbəb odur ki, prezident ətrafındakı fiqurların çoxuna etibar etmir. Həmin fiqurlardan hər hansı birinin birinci vitse-prezident təyinatı hakimiyyət içində onunla rəqabətdə olan qrup arasında münaqişənin artmasına şərait yaradacaqdı. Mehriban Əliyevanın birinci vitse-prezidentliyi isə hakimiyyət içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.

İkinci səbəb isə odur ki, böyük ehtimalla dövlət başçısı artıq indidən gələcək varisi haqqında düşünür. Məsələ burasındadır ki, Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək prezidentin kimliyini də müəyyənləşdirdi.

Mehriban Əliyeva ictimaiyyət arasında populyardır, hətta müxalifət belə onun fəaliyyəti haqqında kəskin tənqidi fikirlər səsləndirmir. Ancaq bundan sonra birinci vitse-prezident müxtəlif istiqamətlərdən tənqidlərə də hazır olmalıdır və həmin tənqidlərə əsaslandırımış cavablar vermək məcburiyyətindədir.

Digər mühüm məsələ prezidentin birinci-vitse prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir. Bunlardan biri səhiyyə sahəsindəki islahatların sürətləndirilməsi ola bilər. Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətləndiyi sahələrdən biridir səhiyyə. Mehriban Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər.

Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda da lazımi təcrübəsi var. Onu dünyada prezidentdən az tanımırlar. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin tikintisi və həmin məktəblərin texniki avadanlıqla təhcizi, Fransa və Vatikanda muzeylərin təmiri və s. addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması ona çətin olmayacaq.

Beləliklə, Mehriban Əliyeva ölkədə ikinci fiqura çevrildi. Bu hakimiyyət daxilində yaşlaşan baş nazir Artur Rəsizadənin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi fiqurların arxa plana keçməsini və gənclərin irəli çəkilməsi prosesini də sürətləndirə bilər. Onsuz da bəzi xəbərlərə görə, hakimiyyət içində bəzi gənclərin nazir postlarına cəlb edilməsində Mehriban Əliyevanın da rolu olub. İndi birinci vitse-prezident olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir