Osetler ve Çeçen-Kistler Gürcistan’ı Anayurt olarak Tanımlıyor

Առաջին ձնծաղիկները Բաքվից. Հրճված են Փաշինյանի ելույթից

Çin ABD savaşının ayak sesleri

İran’a karşı havuç, sopa ve silah politikası

İbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinat

Gündem, İran 10 Mart 2019
54

Seyid Əli Xameneyi prezidentliyə keçmiş namizəd və dini liderliyə iddialılar siyahısında olan şəxsi məhkəmə sisteminə rəhbər təyin etdi

Məşhəd İmam Rza (ə) hərəminin müdiri və prezidentliyə keçmiş namizəd Höccətülislam İbrahim Rəisi İran məhkəmə sisteminin rəhbəri təyin olunub. Bu barədə əmri ölkənin ali dini lideri Ayətullah Əli Xameneyi martın 9-da imzalayıb.

Qeyd edək ki, İran məhkəmə sisteminin sədri Ayətullah Sadiq Amuli Laricani (İran parlamentinin spikeri Əli Laricaninin qardaşı – K.R.) ötən il ölkənin ən nüfuzlu qurumlarından biri hesab olunan Sistemin Məsələhətini Müəyyən edən Şuranın sədri Ayətullah Haşimi Şahrudinin ölümündən sonra onun yerinə təyin olunub. Məhkəmə sədri postu isə bu müddətdə boş olub. İndi isə dini lider bu posta ən güclü və perspektivli kadrlardan biri hesab olunan Rəisini təyin edib. Rəisi İslam Respublikasının 6-cı məhkəmə sədridir.

İbrahim Rəisi İran ədliyyə sisteminə yad adam deyil. İslam inqilabından sonra bir müddət inqilab məhkəməsinin üzvü olan Rəisi əks-inqilab fəaliyyətlərinə qarşı edam hökmləri verən 3 nəfərlik məhkəmə heyətində olub. Məhz buna görə Avropa Birliyi tərəfindən sanksiyalılar siyahısına daxil edilib.

Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində anadan olub. Dini təhsilini Məşhəd və Qum şəhərlərində alıb. 1980-ci illərdə hələ gəncikən məhkəmə sistemində çalışmağa başlayıb. İslam hüququ üzrə doktorluq dərəcəsi olan Rəisi 25 yaşında Tehran prokurorunun müavini vəzifəsinə yüksəlib.

İbrahim Rəisi inqilabın yetişdirdiyi sadiq kadrlardan biri hesab olunur. Onun gənc yaşında dövlətin həssas yanaşdığı vəzifəni yerinə yetirməsi və sürətli yüksəlişi bunun bir örnəyidir. O, həm də hazırkı dini liderin yaxın kadrlarından hesab olunur. Çünki Ayətullah Xameneyinin dini lider seçilməsindən sonra Rəisi Tehran prokuroru təyin olunub və bunun ardınca vəzifə pillələrində yüksəlişi davam edib. 2004-14-cü illərdə dövlət nəzarət qurumuna rəhbərlik edib. 2014-2015-ci illərdə baş prokuror təyin olunan Rəisi 2016-cı ildən ölkənin ən mühüm dini mərkəzi hesab olunan Məşhəd İmam Rza ziyarətgahının (Astane Qudsi Rezevi) rəhbəri təyin olunub. İbrahim Rəisi 2012-ci ildən etibarən Ruhanilərin Xüsusi Məhkəməsinin prokurorudur. İranda ruhanilər xüsusi məhkəmələrdə mühakimə olunduğu üçün onlar üçün ayrıca məhkəmələr var.

İbrahim Rəisi eyni zamanda İranda ruhanilər məclisi olan “Xubreqanın” (83 nəfərdən ibarət seçkilərlə formalaşan ali ruhani məclisi – K.R.) İdarə Heyətinin və əsas ideoloji-siyasi təşkilat olan “Mübariz Ruhanilər Cəmiyyətinin” üzvüdür.

Yeri gəlmişkən, İbrahim Rəisinin qaynatası Məşhəd şəhərinin imam-cüməsi Ayətullah Aləmulhudadır. Bu da məhkəmə sisteminin yeni rəhbərinin dini elita içərisindəki gücünün başqa bir nümunəsidir.

Ancaq İbrahim Rəisi haqda iddiaların ən mühümü onun ölkənin növbəti dini lideri ola biləcəyi ilə bağlı iddialardır. Bəzi dairələrə görə, Rəisinin 2017-ci ildə gözlənilmədən prezidentliyə iddiasını ortaya qoyması bununla bağlıdır. Çünki prezident vəzifəsi ali dini liderdən sonra ikinci əsas postdur və ölkənin növbəti dini liderinin prezident olması lazımdır. Bu, həm təcrübə, həm də təyinatın daha rahat baş tutması üçün uyğundur. Çünki daha öncəki, yəni hazırkı dini lider də bu görəvə prezident postundan gəlib.

Doğrudur, İbrahim Rəisi 2017-ci il seçkilərində hazırkı prezident Ruhaniyə uduzdu. Ancaq seçkilər göstərdi ki, Rəisi sıradan namizəd deyil. Seçkilərin rəsmi nəticələrinə əsasən 25 milyon seçki bülletenindən 14 milyonu Ruhani, 10 milyonu isə Rəisiyə verilən səslərdən ibarət olub.

Bu isə mühafizəkar kəsimin bütövlükdə Rəisini dəstəklədiyini göstərirdi. İbrahim Rəisinin seçkilərdən iki il sonra İranın ən nüfuzlu qurumlarından birinə rəhbər gətirilməsi onun hələ də perspektivli kadrlar sırasında olduğunu göstərir. Ən pis halda Rəisi gələcək İran iqtidarının ən yüksək məqamında olmağa iddialı şəxslər siyahısında qalır.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar