KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “Vaşinqton Ankaradan istədiyini ala bilməyəcək”

Hasan Oktay: “Vaşinqton Ankaradan istədiyini ala bilməyəcək”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
325 0

“Amerikanın bölgədə Türkiyəyə ehtiyacı var…”
ABŞ və Türkiyə arasında gərginlik hər keçən gün daha da yüksəlir. 2016-cı il 15 iyul qiyamından sonra Vaşinqton və Ankara arasında bir neçə ildir davam edən soyuqluq daha da qabarıq hiss olunmağa başlayıb. Ankara FETÖ lideri Fətullah Gülənin Türkiyəyə verilməsini tələb edir, həmçinin bəzi ABŞ rəsmilərini qiyama dəstək verməkdə ittiham edir.

Daha sonra Türkiyənin Rusiya ilə yaxınlaşması, eləcə də Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması müqaviləsi Ankara-Vaşinqton xəttində ciddi narazılıq doğurub. Türkiyə hakimiyyətinin İzmirdə yaşayan amerikalı rahib Bronsonu 15 iyul qiyamında iştirakda ittiham edərək həbs etməsi Vaşinqtonda Ankaraya qarşı qəzəbi daha da artırıb. Rahib Bransonun ötən həftə həbsdən azad edilərək ev dustaqlığına buraxılması gözlənildiyinin əksinə olaraq, Vaşinqtonu razı salmayıb. Amerikalı yetkililər qərarı razılıqla qarşılasalar da, rahibin azad edilməli olduğunu bildiriblər. ABŞ vitse-prezidenti Mayk Pens isə bəyan edib ki, rahib Bransonu azad edənə qədər Türkiyəyə embarqolar daha da artırıla bilər.

Türkiyə-ABŞ münasibətləri iyulun 30-da Türkiyənin ali dövlət orqanı olan Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısında da əsas müzakirə mövzusu olub. Türkiyənin prezident idarəçilik sisteminə keçidindən və bəzi dəyişikliklərdən sonra ilk dəfə keçirilən MTŞ toplantısı 5,5 saat davam edib. Toplantıda həmçinin Türkiyə dövlətinin Suriya siyasəti, FETÖ, PYD, YPG ilə mübarizə məsələləri də müzakirə olunub. Toplantıdan sonra yayılan rəsmi açıqlamada qeyd olunur ki, Türkiyə Birləşmiş Ştatların təhdid dilini qəbul etmir. Rəsmi Vaşinqtonun bu cür davranışı ölkələr arasındakı müttəfiqlik münasibətlərinə uyğun deyil. Sitat: “ABŞ tərəfindən Türkiyənin ünvanına istifadə edilən təhdid dili hörmətsizlikdir və bu, tamamilə yolverilməzdir”.

Prezident Ərdoğan isə Afrika səfəri zamanı Amerikanın sanksiya təhdidlərinin onları narahat etmədiyini bildirib. Ancaq vəziyyətin bu həddə çatması ciddi narahatlıq doğurur. Türkiyədə milli valyutanın sürətlə dəyərdən düşməsi, hətta Bransonun ev dustaqlığına buraxılmasından sonra müəyyən qədər dəyər dayansa da, maliyyə bazarında təlatümlər yenə gözlənilir. Vaşinqton isə açıq şəkildə sanksiya silahından istifadə edəcəyini bəyan edir.

Türkiyəli politoloq, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Oktay deyir ki, münasibətlərin bu həddə çatması Vaşinqtonun hazırkı rəhbərliyinin qeyri-stabil siyasəti ilə əlaqədardır: “Prezident-hökumət sistemində ilk dəfə toplanan Milli Təhlükəsizlik Şurası 5 saat yarım davam edib. Əsas müzakirə mövzuları sırasında ABŞ-ın xüsusən də Suriya mövzusunda Türkiyə ilə yaranmış fikir ayrılıqları, həmçinin Türkiyənin Rusiyadan almağı planlaşdırdığı S-400 sistemləri mövzusu Amerikada ehtiyatla qarşılanıb və belə anlaşılır ki, Vaşinqtonun Türkiyəyə qarşı siyasətini yenidən gözdən keçirməsinə səbəb ola bilər. Xüsusən də prezident olduqdan sonra İran məsələsində qeyri-sabit və nizamsız yanaşması ilə seçilən Donald Trampın İrana qarşı həyata keçiriləcək mümkün əməliyyatda Türkiyənin qeydsiz-şərtsiz Amerikanın yanında olmasını istəyir və Ankaranın buna razı olmaması Vaşinqtonun hazırkı rəhbərliyini qəzəbləndirir. Nəticədə ortaya bu cür mənzərə çıxır”.

H.Oktayın sözlərinə görə, Vaşinqton rahib Branson işinə görə Ankaraya təzyiq etməyə başlayıb. Vəziyyət hətta diplomatik nəzakət qaydalarını ötüb: “Xüsusən də xristian din adamının həbsinə görə Türkiyə-ABŞ əlaqələri son dərəcə kəskinləşib və hətta diplomatik üsluba yaraşmayan açıqlamalar verilib. Bu anlamda Türkiyəyə embarqo tətbiq oluna biləcəyi haqda açıqlamalar verildiyi üçün MTŞ-nin toplantısında Amerikanın bu diplomatik nəzakətdən uzaq mövqeyinə yumşaq bir formada cavab verilib. Açıqlamada ABŞ-la əlaqələri nəzərdə tutaraq, ”ABŞ-ın ölkəmizin hər cür öhdəliyini yerinə yetirdiyi müdafiə sənayesi layihələrini, beynəlxalq anlaşmalara zidd olan şərtlərə bağlayan açıqlama və qərarlarının, iki ölkə arasında strateji ortaqlıq və etimada bərpası mümkün olmayan zərərlər verəcəyi” vurğulanıb”.

Hasan Oktay deyir ki, Türkiyə ABŞ və Qərb müttəfiqləri ilə münasibətlərdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirən tərəf olub. Lakin başda Amerika olmaqla, Avropa Birliyi və digər müttəfiqlər əməkdaşlıq əlaqələri zamanı Türkiyə qarşı tərəfdən gözlədiyi diqqəti və münasibəti görməyib. Bunun əvəzinə davamlı olaraq təhdidlə qarşılaşıb. Ekspertə görə, Suriyadakı vəziyyət, İran ətrafında baş verənlər, həmçinin Rusiya-Türkiyə əlaqələri ABŞ-da xoş qarşılanmır. Və buna görə də Ankara ilə sərt ritorika ilə danışılır: “Bu səbəbdən də Türkiyəyə qarşı diplomatik nəzakətə uyğun gəlməyən bir dildə cavab verilir. Ancaq düşünürəm ki, Türkiyə 200 ildir davam edən qərbliləşmə siyasətindən imtina etməyəcəyi kimi, Qərbdən gələn təhdid ritorikasını da həzm etməyəcək”.

Ancaq “Kafkassam” başqanı ümid edir ki, münasibətlər yaxın zamanlarda qaydasına düşər: “Gərginləşən Türkiyə-Amerika əlaqələri yaxın bir zamanda təkrar normal vəziyyətinə qayıdar. Amerikanın bu bölgədə güvəndiyi yeganə müttəfiqi Türkiyədir. Türkiyə isə vəziyyəti obyektiv qiymətləndirdiyi üçün regional gücləri prosesə cəlb edərək, özünəməxsus bir ölçü formalaşdırmağa çalışır. Çünki Amerikanın bu günə qədər apardığı siyasət bölgədə istiqrarlı bir gələcək qurmaqdan daha çox, hər şeyi öz nəzarəti altına götürməyə xidmət edib. Bu siyasət isə Türkiyənin mənafeyi baxımından sağlam nəticələr verməyəcəyi üçün Türkiyə regional güc mərkəzlərini də nəzərə almaqla, xarici siyasət formalaşdırmağa çalışır”.

Hasan Oktay düşünür ki, Vaşinqtonun embarqoları Türkiyəyə ağır zərbə vura bilməz, ancaq bunun əvəzinə Vaşinqtonun özünün bu embarqoları uzun müddət davam etdirmək imkanları yoxdur: “Türkiyə Vaşinqtonun embarqolarından çox da təsirlənməyəcək, amma Vaşinqton da bu xətti uzun müddət davam etdirə bilməz. Yaxın zamanda Suriya və İran məsələsində gözləniləndən də artıq hadisələrin baş verməsi ehtimal ki, həm Amerikanı, həm də Türkiyəni həyəcanlandırır. Ancaq Vaşinqtonun istədiyini alacağını düşünmürəm. Çünki Türkiyə İrana qarşı hərbi müdaxiləyə imkan verməyəcək qədər dövlət ənənəsinə sahib bir ölkədir”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir