“Türkiyədə keçirilən prezident və parlament seçkilərindən 1,5 ilə yaxın vaxt keçir. Bu ilin martında keçirilən bələdiyyə sədri seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdə birinci partiya kimi çıxış edib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik əsas müxalifət partiyası sayılan CHP sədri Özgür Özəlin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərə, habelə Türkiyədə kursantların məzuniyyət mərasimində rezonansa səbəb olan qılınc qaldırma hərəkətlərinə münasibət bildirib.
H. Oktay söyləyib ki, Türkiyədə həyata keçirilən prezident idarəetmə sistemində parlament çoxluğu hökumətin davamı üçün son dərəcə vacibdir:
“Seçkilərlə bağlı qərar vermək səlahiyyəti də parlamentin əlindədir. CHP bu bələdiyyə seçkilərində birinci partiya olması üstünlüyü ilə hökuməti daim təzyiq altında saxlamağa çalışır. Dünya miqyasında baş verən böyük iqtisadi böhranın Türkiyəyə də təsir etməsi və ictimaiyyətin hökumətin həyata keçirdiyi bəzi siyasətlərdən narahat olması ictimai rəydə ümumi fikir növbədənkənar seçki gözləntisini ortaya qoyur. Gələn il növbədənkənar seçkidən danışılan bu günlərdə CHP nizamnamə qurultayını keçirmək, bəzi yeni qərarlar qəbul etmək, daha çox iqtidara gəlmək istəyən partiya kimi ictimaiyyət qarşısına çıxmaq istəyir”.
Mütəxəssis diqqətə çatdırıb ki, Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə CHP-nin bu münasibəti qarşısında mümkün qədər gündəmi əlində saxlamaq üçün başlatdığı iqtisadi reformların nəticə verməsini gözləyir:
“Bu şəraitdə verilən erkən seçki qərarı mövcud hökumətin əleyhinə işləyəcəyi üçün CHP tez-tez erkən seçkiləri gündəmə gətirməyə çalışır. Ancaq təkcə parlament seçkiləri deyil, prezident seçkiləri də keçiriləcəyindən bu məqamda CHP-nin mümkün namizədi məsələsi iqtidaryönlü mətbuatda tez-tez gündəmə gəlir və CHP daxilində dilemma yaradılmağa çalışılır. Son seçkidə onlar sabiq CHP sədri Kemal Kılıçdaroğlunun namizədliyini irəli sürdülər və Rəcəb Tayyib Ərdoğana uduzdular. İndi hökumət daha çox qarşıdan gələn növbədənkənar və ya adi seçkilərdə CHP-nin namizədinin kim olacağı ilə maraqlanır. Hakimiyyət artıq CHP-ni bu mübahisəyə cəlb etməklə partiya daxilində parçalanma yaratmağa çalışır. İqtidar düşünür ki, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə Ankara bələdiyyə başqanı Mansur Yavaş arasında münaqişə yaranacaq və aralarındakı döyüş erkən seçki tələbini ləngidəcək. CHP-nin yeni lideri Özgür Özəl də Mansur Yavaş-Ekrem İmamoğlu mübarizəsindən qurtulmaq və özünü prezident etmək üçün əlini gücləndirməyə çalışır. Son nizamnamə konqresində Özgür Özəl bir az daha güclü başqan imicini cızmağa çalışdı”.
Onun sözlərinə görə, milliyyətçi mühafizəkar seqmentin Ərdoğan vasitəsilə hakimiyyətə gedən bu gedişi CHP-nin ənənəsinə uyğun olaraq Mansur Yavaşın yolunu açır:
“Son nizamnamə qurultayında bu vəziyyəti nəzərə alaraq, son anda söz növbəsinin Mansur Yavaşa verilməsi Əkrəm İmamoğlunun isə çıxışına icazə verilməsi Mansur Yavaşın CHP seçicilərinə özünü aydın ifadə edə bilməməsinə səbəb olub. AK Partiya İstanbuldan olan və İstanbul bələdiyyəsindən iqtidara gələn bir partiya olduğu halda, CHP-nin Ankarada yerləşən partiya olaraq iqtidara gəlmə şansı daha yüksəkdir və Ankara Böyükşəhər bələdiyyə sədri Mansur Yavaş isə daha çox şansa malikdir. Bundan əlavə, Mansur Yavaşın siyasi keçmişi və türk milliyyətçilərindən yüksək səs toplamaq qabiliyyəti onu prezident seçkilərində Əkrəm İmamoğlu qarşısında daha şanslı edir”.
Rafi Müslümov
https://yenicag.az/turkiyede-erken-seckilerle-bagli-muzakireler-chp-sedrinin-teklifi-rezonans-yaratdi/?fbclid=IwY2xjawFLvD5leHRuA2FlbQIxMAABHX1v_kynv_fsRcXKO6Y0R51A76a64khumA7QkdT3OkHZtEXYCvvrJs6A3A_aem_UPSKaF3xZs_GVd5NZ4kT3A