KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Türkiyə və Azərbaycanın vasitəçilik cəhdləri bir müddət sonra yaxşı nəticələr verə bilər

Hasan Oktay: Türkiyə və Azərbaycanın vasitəçilik cəhdləri bir müddət sonra yaxşı nəticələr verə bilər

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
334 0

Ankaradakı Kafkas Stratejik Araştırmalar Merkezi başqanı, Makedoniyadakı Beynəlxalq Vizyon universitetinin prorektoru, professor Hasan Oktayın Turan agentiliyinə müsahibəsi

Turan: Keçən il noyabrın ortalarından bəri Ukrayna məsələsi çərçivəsində Rusiya ilə ABŞ-NATO dozası vaxtaşırı yüksələn gərginliklər yaşanmaqdadır. Proseslərin pərdə arxasını necə dəyərləndirirsiniz?

Oktay: Rusiya və dövlət başçısı Putin keçmiş SSRİ ərazisində NATO-nun öz sıralarını genişləndirməsinə qarşı çıxır. Bu minvalla Putin həm cəmiyyətdəki reytinqinin aşağı düşməməsinə çalışır həm də Ukraynda yeni bir ideoloji hədəf göstərərək Rusiyanın gələcəyini təminat altına alır. Bolqarıstan və Rumıniyanın da NATO-dan çıxmasını gözləyən Putin, eyni zaman Ukrayna və Gürcüstanın bu sahədəki hədəflərinə qarşı təcavüzkar hərəkət edir. Hətta Lavrov-Blinken görüşündə də Ukraynanın NATO-ya üzv olmaması şərtinin irəli sürüldüyü bildirilir. Putinin və Rusiya Federasiyası dövlətinin Ukrayna xalqını rus millətinin bir hissəsi və Ukrayna dövlətini Rusiyanın bir parçası kimi görməsinə baxmayaraq, Ukrayna əhalisinin mühüm qismi artıq Ukrayna kimliyindən başqa bir kimlik tanımaq istəmir. Kilsəsini belə Rusiyadan ayıran Ukrayna Qərbə yaxınlaşmaq meylindədir. NATO ilə Rusiyanın arasında Ukrayna ərazisində yaşanan gərginliyin bir anda müharibəyə çevrilmə ehtimalı varkən sülh yaratmaq üçün bir neçə güclü dövlətin ciddi cəhdlər göstərdiyini görürük. Çin isə Rusiyaya müraciət edərək Ukrayna ilə müharibəyə qış olimpiadasından sonra başlamağı xahiş etmişdir. Ukraynanın taleyi Çin olimpiadasıyla bağlıdır. Çünki Ukraynada müharibə gözlənilərkən ABŞ ilə Rusiya razılığa gələ bilər, yeni hədəf Çin olar və diqqətlər oraya yönələr. Əslində NATO ilə Rusiya arasında yaşanan gərginlik Çin məsələsi ətrafındakı güc nümayişidir.

Turan: Qərb ilə Rusiya arasında gərginlik davam edərkən Qazaxıstanda ciddi çalxantılar oldu. KTTS silahlı qüvvələri ilk dəfə Qazaxıstana getdi. 6 ölkə əsgərlərinin Qazaxıstana getdikdən qısa müddətdən sonra oradan ayrılmasını necə təhlil etmişdiniz? Çünki 10 noyabr 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşən Rusiya Federasiyası əsgərlərinin qısa müddətdə çıxacaqlarına dair hər hansı əlamət görünmür. İki hadisə arasındakı fərq nədir?

Oktay: Əslində iki hadisə arasında fərq yoxdur ancaq Qarabağ məsələsiylə bağlı Türkiyəyə və dünyaya səhv məlumatlar verildi. Hər şeydən əvvəl, Qarabağ probleminin aradan qalxdığı bildirildi. Halbuki Dağlıq Qarabağda Rusiyanın de-facto işğalıyla üz-üzəyik, bu vəziyyəti bütün kürsülərdən səsləndirərək Qazaxıstanda olduğu kimi Rusiyanın Dağlıq Qarabağdan da çıxmasına nail olmalıyıq. Laçın dəhliziylə bağlı Zaxarovanın verdiyi açıqlamalara baxanda İrəvan ilə Xankəndi arasında kommunikasiyanın qəti şəkildə Rusiyanın nəzarəti altında qalacağını görürük. Ona görə Rusiya silahlı qüvvələrinin Qazaxıstandan sonra Dağlıq Qarabağdan da çıxacağını gözləmək sadəlövhlük olardı. Rusiya Qazxıstandan Qərbin qurduğu tələ nəticəsində çıxdı ancaq Putin bunun fərqinə varanda artıq iş işdən keçmişdi. Bizcə, ABŞ və NATO aqressiv hərəkətlər edən Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün 20 yanvarda Qazaxıstanda böyük xaos yaradacaqdı ancaq daha əvvəl hərəkət edərək ölkədə qarışıqlıq yaratdı. Daha sonra Rusiya ona qurulan tələnin fərqinə vararaq yenidən Ukraynaya yönəldi. Bu, Rusiya üçün yaxşı olmadı. Putinin yenidən SSRİ-ni canlandırmaq istədiyini başa düşən o biri ölkələrdə Rusiyaya qarşı mənfi reaksiyalar oldu.

Turan: Qazaxıstandan sonra Rusiya ilə Ukrayna arasındakı böhranda təzyiq yendiən artdı, Türkiyə prezidentinin “Putin ilə Zelenskini” görüşdürmə açıqlamasına Rusiyadan sərt reaksiya gəldi. Türkiyə bu böhranda nə edə bilər, gücü haraya qədərdir, nəticəyə təsir göstərə bilərmi?

Oktay: Bu böhranda Türkiyə vasitəçi olmaq istəyir, Erdoğan bunu tez-tez deyir. Onun bu təklifi Rusiya mətbuatında tənqidlərə məruz qalır. Əslində Qazaxıstandakı dövlət böhranı Rusiyada tərəddüdlərə səbəb oldu: bir tərəfdən, SSRİ-ni bərpa etmə xəyalına düşən Moskva o biri tərəfdən Rusiya Federasiyasının taleyindən narahat olmağa başladı. Qara dəniz sahilindəki iki qonşusunun müharibəyə başlaması istər-istəməz Türkiyəyə də mənfi təsir göstərəcək. Erdoğan “dostum” dediyi Putinlə münasibətinə xələl gətirmək istəməməklə yanaşı Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Azərbaycan prezienti İlham Əliyevin də Ukraynaya Rusiya və Türkiyəyə əvvəlcədən məlumat verərək getdiyi deyilir. Ukrayna böhranı bu və ya digər yolla başa çatandan sonra Putinin yanında Erdoğan və Əliyev bir az etibar qazanacaq ancaq Putinin Rusiyası artıq mübahisə mövzusuna çevrildi.

Turan: Rusiya ilə Ukrayna arasındakı problemləri həll etmək üçün Türkiyənin göstərdiyi təşəbbüslər Suriya məsəəsində Türkiyə-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?

Oktay: Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə problemli nöqtələr də var problemsiz nöqtələr də. İki ölkə arasında Suriya və Liviya məsələlərində problemlər var. NATO ölkəsi olmasına baxmayaraq, Atlantik İttifaqında Rusiya ilə münasibətlərini yüksək səviyyəyə qaldırmağa çalışan yeganə ölkə də Türkiyədir. Bir çox məsələdə Türkiyə ilə Rusiyanın da razılığa gələ bilmədiklərini görürük. Yəni, yeri gələndə Türkiyənin həm ABŞ-a və NATO-ya həm də Rusiyaya “yox” deməsi özəl bir durumdur və bunu əvvəl-axır ABŞ da Rusiya da qəbul edəcəkdir. Ukrayna böhranından sonra Putinin vəziyyəti ciddi şəkildə müzakirəyə açılanda Türkiyə bu gün atdığı addımların faydasını görəcək.

Turan: Keçən ilin noyabrında başqa bir mühüm hadisə də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması sahəsində yaşandı: diplomatik nümayəndələr təyin edildi, yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Bu proses davam edəcəkmi, yoxsa bir müddət sonra yenə nəticəsiz başa çatacaqmı? Bir müddət Türkiyəni də həyəcanda saxlayan Zəngəzur dəhlizi barədə Siz nə düşünürsünüz?

Oktay: Hər şeydən əvvəl, Zəngəzur dəhlizinin açılmayacağını demək istəyirəm. 10 noyabr 2020-ci il razılaşma protokolunda bu dəhlizin açılmasına dair qəti bir maddə yoxdur, 9-cu maddədə deyilir ki, açılsa belə, dəhlizə Rusiya kəşfiyyatının sərhəd xidməti nəzarət edəcək. Türkiyəyə bu məsələ ilə bağlı da səhv məlumat verildi. Bunun Türkiyə və Azərbaycana nə dərəcədə əlverişli olacağını özünüz düşünün. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üçün atılan yeni addımların tək nöqteyi-nəzərdən dəyərləndirilməsi düz olmazdı Sərhəd məntəqəsinin bağlamaq üçün Türkiyənin irəli sürdüyü səbəb Azərbaycan torpaqlarının mühüm hissəsinin azad edilməsindən sonra aradan qalxmışdır. Laçın dəhlizi və Dağlıq Qarabağ Rusiya silahlı qüvvələrinin nəzarəti altında ikən Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma cəhdləri Azərbaycana verilən mühüm bir dəstək olacaq. Yoxsa Dağlıq Qarabağ bölgəsinin vaxt keçdikcə Ukraynanın Donbass bölgəsinə çevrilməsi ehtimalı güclənə bilər. Münasibətlərin normallaşa bilməsi Ermənistan həm öz konstitusiyasında, həm Müstəqillik bəyannaməsində, həm də qanunlarında ciddi dəyişikliklər etməlidir. Azərbaycan da bu prosesdə konstruktiv də rol oynarsa, Türkiyə daha özünə arxayın hərəkət edə biləcək .Ermənistan və erməni diaspora təşkilatları Türkiyənin əleyhinə bu günə qədər yürütdükləri siyasətin səhv olduğunu görüb düşmənçilikdən vaz keçəcək.Yeni həmlə bu nöqtəyə varsa, bölgədə çox şey dəyişə bilər.

https://www.turan.az/ext/news/2022/1/free/Interview/az/769.htm/001?fbclid=IwAR0N3UAJBr3SjptHmnDeeC_1i6LuvjBPhAm4DmC-z9XLPUl5HnWAjtSKpns

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir