Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay isə bildirib ki, Türkiyə sosial və demokratik bir ölkədir:
“Ona görə də Türkiyənin idarəedici orqanından kənarda adı çəkilməyən “dərin dövlət” idarəçiliyi tərzi və ya sistemi anlayışı yoxdur. Təəssüf ki, bu, “Kurtlar Vadisi” adlanan serialın türk millətinin şüuraltına yerləşdirdiyi bir bombadır. “Dərin dövlət” anlayışı Türkiyənin dövlət mexanizmini anlamaq və izah etmək üçün yetərli deyil. Amerikalıların Böyük Yaxın Şərq layihəsi ola bilər, gücü və ağlı olan hər kəsin mütləq hər coğrafiya ilə bağlı layihələri var, amma burada önəmli olan türklərin dünyaya deyəcək bir sözü olub-olmaması və bu sözün eşidilməsidir.
Osmanlı İmperiyasından Cümhuriyyətə keçid dövründə 1918-1923-cü illər arasındakı mübarizəyə nəzər saldıqda, Anadolu coğrafiyasında qurulan dövlətin adı Türkiyə Cümhuriyyətidir. Onun nə adını, nə də xüsusiyyətlərini dəyişdirmək mümkündür. Bundan əlavə, Türkiyə NATO ölkəsidir və ABŞ-la münasibətləri keçmişlə müqayisədə kifayət qədər yaxşıdır. Türkiyə həm Rusiyaya, həm də NATO kontekstində Amerikaya Soyuq müharibənin bitdiyini açıq şəkildə bəyan edərək özünəməxsus mövqe nümayiş etdirib”.
Politoloqun sözlərinə görə, Türkiyənin əsl problemi bölünmə və ya parçalanma qorxusu deyil, idarəçilərinin dövlət anlayışını anlamamasıdır ki, bu da bəzən mənfi təsirlərini ortaya qoyur:
“Dövləti idarə etmək bir ideal və iradə tələb edən incə məsələdir. Siz dövlət vasitəsilə varlanmağı qarşınıza məqsəd qoysanız, hamı sizin üzərinizdən iş çevirər, amma qətiyyətli, barışmaz bir ölkə və iradə ortaya qoyduğunuzda milli mübarizə timsalında olduğu kimi, dövlət ayağa qalxacaq. 23 ildir Ədalət və İnkişaf Partiyasının idarə etdiyi Türkiyədə dövlət quruculuğu dəyərləri ilə bağlı problemi olanlar hökumət komissiyasında olsalar da, nə Cümhuriyyətin quruculuq dəyərlərindən bir pay, nə də əldə etdikləri sərvətləri qorumaqla bağlı zəmanət və ya təminat ala bilmişlər. Amerika Türkiyədəki idarəçilərə aktivləri üzərindən yanaşdığı üçün onları istədikləri kimi idarə edə bilir”.
Ekspert hesab edir ki, ABŞ-ın Yaxın Şərqdə Türkiyəsiz siyasət aparmaq kimi şansı yoxdur:
“Türkiyə başda İraq olmaqla İran, Suriya, Livan və hətta İsrail üçün nümunə ola biləcək bir mövqe və vəziyyətdədir. Türkiyədə Doğu Perinçek millətçiliyinin təlqin etdiyi “bölünürük”, “parçalanırıq” qorxusu ilə dövləti idarə etmək mümkün deyil. Ədalət və İnkişaf Partiyasının sosial bazası siyasi islamçılıqdan təsirləndiyi üçün onlar da anladılar ki, sistemlə bağlı tənqidləri indiki məqamda aktuallıq kəsb etmir və milli imic formalaşdırmaq vaxtıdır.
Türkiyə bölgədəki məqsəd və hədəflərini ortaya qoymalıdır. Ankara sonra İran, İraq, Suriya, Livan və İsrail üçün bir model kimi Böyük Yaxın Şərq layihəsini deyil, Həzrət İbrahimin övladlarının yaratdığı xaosa qarşı Həzrət Oğuzun övladları türklərin yaratdığı nizamı görəcəyik”.
Gülnar Səlimova
Globalinfo.az
https://globalinfo.az/turkiye-ucun-qorxunc-bop-plani-olke-bolunur-yeni-dovlet-yaranir-ekspertler-sirleri-acdi/