Türkiyənin 11-ci prezideni Abdullah Gülün yenidən siyasətə qatılacağı iddia edilir. Bildirilir ki, Demokratiya və Tərəqqi Partiyasının (DEVA) lideri Əli Babacan, Gələcək Partiyasının (GP) lideri Əhməd Davudoğlu və Səadət Partiyasının (SP) lideri Təməl Karamollaoğlu üç təşkilatı birləşdirəcək, yeni yaranan siyasi quruma Abdullah Gül rəhbərlik edəcək.
İddialarla bağlı TNS-ə açıqlama verən türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay bildirib ki, sonuncu bələdiyyə seçkilərindən sonra Türkiyədə siyasət tıxanıb. Belə olduğu üçün yeni axtarışlara başlanılıb: “İyunda SP sədri Temel Karamollaoğlu da vəzifəsindən ayrılacaq. Bu, mühafizəkar seçici təbəqəsində bir boşluq yarada bilər. Əli Babacan və Əhməd Davudoğlu siyasətdə gözləntiləri doğrultmadı. İndi üç partiya birləşmək niyyətindədir. Amma Abdullah Gül onlarla əlaqə qurub, müzakirə aparıbmı, bu barədə heç bir açıqlama yoxdur”.
Hasan Oktayın fikrincə, mühafizəkar kəsimdə nə zaman daralma olsa, Abdullah Gülün adı hallanır. Politoloq Gülün daha çox hazır və güclü təşkilata rəhbərlik etmək istəyəcəyini diqqətə çatdırıb: “Onu deyim ki, Abdullah Gül belə kiçik qrupları birləşdirib, onlara başçılıq etməklə siyasi mübarizə aparmaz. O, proseslərə topdan və bütün yanaşdığı üçün seçim riskinə girməz, mübarizənin çətinliklərinə dözməz. Daha çox hazır bir təşkilatı seçər, özünə daha böyük pay verilməsini istəyər. Məsələn, Ədalət və İnkişaf Partiyasına (AK Parti) rəhbərlik etmək kimi…”
Mərkəz rəhbəri xatırladıb ki, sonuncu seçkidə milliyyətçi-mühafizəkar seçicinin bir hissəsi Cümhuriyyət Xalq Partiyasına (CHP) səs verib: “Adı çəkilən üç partiyanın hazırda milliyyətçi-mühafizəkar seçici içərisində səsi 5 faiz belə deyil. Ona görə Abdullah Gül bu riskə girməz. O, daha hazır, böyük təşkilatın lideri olmaq istəyər. Hətta üç partiya Gülün rəhbərliyində birləşsə belə, uğur qazanmaq şansı çox azdır.
Hazırda solda CHP, sağda AK Parti daha ön plandadır. Mühafizəkar cinahda daralma müşahidə olunmaqdadır. Buna MHP sədri Dövlət Bağçalının, AK Parti başqanı Rəcəp Tayyip Ərdoğanın yaşlanması, səhhəti təsir edir. Gül ölkədə 60-65 faiz səsə sahib mühafizəkar-milliyyətçi kəsimin başına keçsə, daha təmkinli, soyuqqanlı siyasət yürüdər. Gərginlik atmosferini yumşaldar”.
KAFKASSAM rəhbəri onu da qeyd edib ki, bundan sonra Türkiyədə iqtidara kim gəlirsə, gəlsin, Azərbaycan və Türk dünyası ilə əlaqələri pozmaq, yavaşlatmaq, gerilətmək imkanı olmayacaq: “Çünki yeni reallıq bunu tələb edir. Türkiyə Türk dünyası ilə mövcud əlaqələri daha da inkişaf etdirmək məcburiyyətindədir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da TNS-ə deyib ki, Abdullah Gülün siyasətə qatılacağı barədə fikirlər illərdir, səslənir: “Hətta bir ara prezident seçkilərində müxalifətin vahid namizədi kimi adı hallanırdı. Amma müxalifət partiyaları bununla razılaşmadı. Hesab edirəm ki, Abdulla Gülün Türkiyə cəmiyyətində reytinqi yüksək deyil. Kiçik partiyalar olan DEVA, Gələcək, Səadət partiyaları onun siyasətə qayıtmağını istəyə bilər. Amma bu partiyaların da Türkiyədə elə böyük nüfuzu yoxdur. Bunu parlament seçkiləri də göstərdi.
Yəni ana müxalifət partiyası olan CHP yer ayırmasaydı, onlar parlamentdə mandat qazana bilməyəcəkdi. Son bələdiyyə seçkiləri göstərdi ki, CHP-nin DEVA, Səadət, Gələcək partiyalarına heç bir ehtiyacı yoxdur. Onlar olmadan CHP kifayət qədər səs qazana bilər. CHP Abdullah Gülün namizədliyini heç vaxt dəstəkləməz. Çünki prezident seçkilərində özlərinin namizədi olacaq. Bu, ya İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu, ya Ankara Böyük Şəhər Bələdiyyə başqanı Mansur yavaş, ya da CHP sədri Özgür Özəl ola bilər. Özgür Özəlin partiyanın başına 5-6 ay əvvəl keçməsinə baxmayaraq, Türkiyədə reytinqi xeyli yüksəkdir. Partiyasına bələdiyyə seçkilərində qələbə qazandırdı. Yəni bu 3 namizəd varkən, CHP başqa siyasətçinin namizədliyini dəstəkləməyəcək”.
https://tns.az/gundem/50377-turkiye-siyaseti-chalxalanir-onun-isteyi-erdoghanin-partiyasinin-bashina-kechmekdir/