Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatiya Forumunda çıxış edib. Türkiyə prezidenti çıxışı zamanı beynəlxalq cəmiyyətin qarşı-qarşıya qaldığı əsas problemlərə toxunub. Dövlət başçısının münasibət bildirdiyi məsələlərdən biri də ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı olub. O, bu məsələyə xüsusi diqqət çəkərək vurğulayıb:
“Türkiyə tamhüquqlu üzv statusu qazanaraq, ən qısa zamanda Avropa İttifaqında öz yerini tutmalıdır. Aİ-dən bu istiqamətdə konkret addımlar gözləyirik”.
Ümumiyyətlə, Türkiyə Aİ-yə niyə üzv qəbul edilmir? Qardaş ölkə ittifaqa tamhüquqlu daxil olsa, bunun hansı perspektivləri ola bilər?
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay Oxu.Az-a açıqlamasında deyib ki, Türkiyə Osmanlı İmperatorluğunun son illərində qərbə üz tutmağı qarşısına məqsəd qoyanda, Avropa ilə müharibə yox, sülh yolu ilə yaşamağın yollarını axtarmağa başladı:
“Lakin Qərb davamlı olaraq Osmanlı İmperiyası ilə mübarizə aparıb və onu parçalayaraq məhv etməyə çalışıb. Bu rəqabət və qarşılıqlı əlaqə bu günə qədər davam edib. Aİ yarandığı ilk gündən etibarən Türkiyə bu ittifaqa üzv olmaq üçün böyük səylər göstərib. Xüsusi ilə Ərdoğan hökuməti iqtidara gələndən sonra bu səylərini mütəmadi olaraq səsləndirsə də, Aİ hər fürsətdə Türkiyənin istəyinə etiraz edib. İndi isə Rusiya-Ukrayna böhranı və ABŞ-nin Ukrayna ilə bağlı hazırkı mövqeyi Avropa İttifaqı üçün yeni təhlükəsizlik axtarışlarına yol açıb və Türkiyənin ittifaq üçün mühüm müdafiə mexanizmi olduğu gündəmə gətirilib. Həm Avropa İttifaqı, həm də Türkiyə bu yeni prosesi qiymətləndirmək üçün əllərində olan vasitələri səfərbər ediblər”.
“Avropa İttifaqının yeni təhlükəsizlik alətləri Türkiyənin birliyə üzv olması üçün fürsət yaradıb, lakin Türkiyənin əvvəlcə Aİ ilə problemlərini həll etməsi, sonra isə imtiyazlı tərəfdaşlıq adı altında bu ittifaqa qoşulması mümkün ola bilər. Avropa İttifaqının təhlükəsizlik və sabitlik axtarışları və Amerikanın Ukrayna məsələsində Rusiya ilə razılığa gəlməyə çalışması birliyi çətin günlərə sürükləyib. Avropa İttifaqı Türkiyə ilə hərbi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq etmək istəyir. Bu, Avropa İttifaqı üçün son dərəcə vacib məsələdir”, – deyə müsahibimiz vurğulayıb.
Mərahim Nəsib
https://oxu.az/siyaset/turkiye-niye-avropa-ittifaqina-uzv-ola-bilmir-birliyin-indi-ankaraya-ehtiyaci-yaranib