KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə Montrö ilə Qara dənizdə kimi boğacaq?

Hasan Oktay: Türkiyə Montrö ilə Qara dənizdə kimi boğacaq?

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
443 0

Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişə Türkiyənin də bərk narahatlığına səbəb olub. Bu narahatlığa əsas səbəb isə Türkiyəni hər iki ölkə ilə əlaqələndirən Qara dənizdən gedir.

1936-cı il Montrö Konvensiyasına əsasən, Türkiyə Mərmərə boğazından keçən gəmilərin Qara dənizə girib-çıxmasını tənzimləməkdən məsuldur və lazım gəldikdə keçid boğazını hərbi gəmilərə bağlamaq səlahiyyətinə malikdir. Buna baxmayaraq, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə apardığı balanslı siyasət səbəbindən neytrallığını qoruyub saxlamağa çalışır.

Bundan əlavə, konvensiyaya görə, Qara dəniz ölkələrinə məxsus döyüş gəmiləri, o cümlədən sualtı qayıqları boğazdan keçərkən Türkiyəni 8 gün əvvəl, digər dövlətlərə məxsus döyüş gəmiləri isə 15 gün əvvəl xəbərdar etməlidir. Gəmilərin bloklanması qərarı hazırda Aralıq dənizində, bəziləri Qara dəniz donanmasının bir hissəsi olan təxminən 16 Rusiya hərbi gəmisi və sualtı qayıqlarının aqibətini sual altında qoyub. Digər tərəfdən də qərarın icrasına ürəkdən yanaşmayan, yəni Rusiya ilə əlaqələrini birdəfəlik kəsmək istəməyən Türkiyə çətin bir seçim qarşısında qalıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Nazirlər Kabinetinin iclasını toplayaraq Türkiyənin Qara dənizə çıxışı məhdudlaşdırmaq üçün əlində olan səlahiyyətindən istifadə edəcəyini bəyan edib. Türkiyənin bunu hansı formada icra edəcəyi isə hələki məlum deyil. Məsələdən belə görünür ki, Türkiyə Rusiyanı müttəfiqi deyil, sadəcə regionda ən yaxın və böyük qonşusu kimi qəbul edir.

Rusiya isə Ankaranın neytrallığını xoş görmür. Xüsusən də rəsmi Moskva Ankaranın Ukraynaya hərbi ixracatını, o cümlədən son həftə ərzində Rusiya konvoylarına və qoşun birləşmələrinə hücum edən TB-2 Bayraktar pilotsuz təyyarələrinin tədarükünü də kəskin tənqid edib.

Buna baxmayaraq, ortadakı münasibətlər Türkiyənin Rusiya ilə danışıqları davam etdirməsinə mane olmayıb. Həftə sonu Çavuşoğlu və Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyadakı həmkarları ilə gərginliyin azaldılmasını təşviq etmək üçün danışıq aparıblar. Eyni zamanda, Türkiyəyə ən yaxın müttəfiq olan Azərbaycanın Prezidenti İlham Əliyev Moskvaya səfəri zamanı Putini münaqişənin həllində Türkiyə-Azərbaycan vasitəçiliyi məsələsini nəzərdən keçirməyə təşviq edib. Bu səylər həm də Türkiyə, Ukrayna və Qərb arasında koordinasiyaya paraleldir.

Türkiyəli siyasi ekspert, KAFKASSAM-ın rəhbəri Həsən Oqtay Ednews-a açıqlaması zamanı Türkiyənin Montrö müqaviləsini hansı formada icra edəcəyi barədə fikir bildirib. O, qeyd edib ki, Ukraynada davam edən böhran və gərginliyin adı hələ açıqlanmayıb.

Hasan Oktay: Turkic world can become third or fourth global

“Müharibə və ya münaqişə, keçmiş SSRİ-nin daxili işləri, yoxsa Rusiyanın iddia etdiyi kimi, neonasist qüvvələrin Rusiya ərazisinə hücumu təhlükəsinin qarşısını almaq üçün Donbass əməliyyatı… Fikrimizcə, adı çəkilməsə belə, bu, Rusiyanın Ukraynaya qarşı panika içində apardığı müharibədir. Hesab edirəm, Türkiyə Qara dəniz üzərində həm Ukrayna, həm də Rusiya Federasiyası ilə qonşu olduğu və hər ikisi ilə strateji və ticari əlaqələri çox yüksək olduğu üçün Türkiyə bu münaqişəni dayandırmaq üçün böyük səy göstərir. Montrö müqaviləsinin bütün maddələri aydındır və həm Rusiya, həm də Ukrayna bunları çox gözəl bilir. Bu səbəbdən də Türkiyə bu maddələri Ukrayna və ya Rusiyanın xeyrinə deyil, qərəzsiz və bərabər şəkildə tətbiq edəcək. Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədən Rusiyaya boğaz keçidini birtərəfli qaydada bağlamağı xahiş edib. Bu tələb normal olsa da, Türkiyə belə bir şey etməyəcək. Çünki bu münaqişə müvəqqəti xarakter daşıyır və Qara dəniz üzərindən qonşuluq davam edəcək. Türkiyə Suriya və Aralıq dənizindəki, lakin rəsmi olaraq Qara dəniz limanı ilə bağlı olduğu bilinən hərbi gəmilərin Qara dənizə qayıtmasına icazə verir. Eynilə, Ukraynanın Qara dənizdən kənarda hərbi gəmiləri varsa, onların geri qayıtmasına da şərait yaradır. Burada yalnız Ukrayna və Rusiyanın Qara dənizə aid olan hərbi gəmilərinin çıxması istisna təşkil edir. Türkiyə buna hər iki tərəf üçün izin verməyəcək”.

Ekspert bundan əlavə, Türkiyə ilə Azərbaycanın dövlət başçılarının Rusiya ilə münaqişənin həllində vasitəçilik məsələsinə də toxunub. Eyni zamanda, Azərbaycanla Türkiyənin münaqişənin həllində birgə vasitəçiliyin nəticələri barədə fikir bildirib.

“Putin Ukraynada hər gün çətin günlər yaşayır. Eynilə Ukrayna da torpaqlarını işğala qarşı müdafiə edir. Adı hələlik qarşıdurma olan bu silahlı çəkişmə tezliklə dünya tarixində “müharibə” statusunu alacaq.

Rusiya hazırda bu müharibəni daha aqressiv şəkildə aparmaqla Zelenskinin ölkəni tərk edəcəyini xəyal edir. Lakin Rusiya hər keçən dəqiqənin onun əleyhinə işlədiyini çox gözəl bilir. Ukrayna da öz növbəsində Putini sanksiyalara dəstək verməklə dayandırmağa çalışacaq. Məhz bu məqamda Əliyev və Ərdoğanın vasitəçilik təklifi Rusiya üçün can damarı olacaq. Putin bu müharibəni uduzsa, o, sanki bir rus ruleti oynayan macəraçı kimi intihar edib öz məzarını hazırlamış olacaq. Bu səbəbdən də ən azı uduzmamaq üçün ona Azərbaycan və Türkiyə kimi vasitəçilər lazımdır”.

Həsən Oqtay Türkiyənin Rusiya və Qərb arasındakı nüfuzu barəsində də söz açıb. O, ortaq danışıq yaratmaq cəhətdən Türkiyənin həm Qərblə, həm də Rusiya ilə eyni səviyyədə olduğunu vurğulayıb.

“Türkiyə NATO ölkəsidir və soyuq müharibə zamanı ən çox əziyyət çəkənlərdən biri olub. Türkiyə Soyuq Müharibədən sonra Qərblə münasibətlərini davam etdirdiyi halda, son 20 ildə Rusiya ilə ən yaxşı münasibətlər qura bilib.

Bu gün Türkiyə həm NATO üzvü, həm də Qərblə müttəfiq olduğu halda, Rusiya ilə münasibət qura və hətta Qərblə müəyyən məslələrdə hesablaşmaya da bilir. Buna görə də həm Qərb tərəfi, həm də Rusiya Türkiyənin obyektiv siyasətinə hörmət etməli və ona müəyyən məsələlərdə güvənməlidir. Çünki hazırki gedişatda Ukrayna böhranında kimin uduzan tərəf olacağını birlikdə görmək mümkündür”.

Elnur Ənvəroğlu

https://ednews.net/az/news/analytical-wing/506326-turkiye-montro-ile-qara-denizde#.Yh5UbIgkUo0.whatsapp

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir