Əgər Bakı-İrəvan arasında sülh prosesində irəliləyiş olarsa, paralel olaraq Ankara-İrəvan əlaqələri də inkişaf edəcək
“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib. O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb: “Türkiyə ilə diplomatik əlaqələr qurmalı və quru yolunun açılışını həyata keçirməliyik. Böyük olmasa da, Türkiyə ilə müzakirələrdə müəyyən dəyişiklik var. Bu məsələdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin danışıqları böyük əhəmiyyət kəsb edir, hələlik ciddi nəticələr əldə olunmayıb, amma iki ölkənin təmasda olması vacibdir”.
Türkiyəli professor, “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay “Sherg.az”a deyib ki, Türkiyə 1991-ci ildə sovet ittifaqının dağılmasından sonra Cənubi Qafqazda müstəqilliyini elan edən üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanı tanıdı, sərhəd qapılarını açdı. Ankara Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu, lakin Ermənistanla diplomatik əlaqələr qurulmadı. Professorun sözlərinə görə, 1993-cü il aprelin 2-də Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən sonra Türkiyə Ermənistanla sərhədlərini bağladı:
“Artıq münaqişə başa çatıb və Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Lakin Türkiyə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan Ermənistanla sərhədlərini açmayacağını bəyan etdi. Cənubi Qafqazda sülhə nail olmaq üçün “altılıq” formatı təklif edən Türkiyə Ermənistanla xüsusi nümayəndələr müstəvisində danışıqlara başladı. Ancaq bunun Azərbaycanla Ermənistan arasında sülhə müsbət təsir etməyəcəyini nəzərə alaraq, prosesi ləngitdi. Cənubi Qafqazda vəziyyət gərgindir. Fransa, İran, Rusiya bölgədə sabitliyi, sülhü istəmir. Türkiyə isə bəyan edir ki, Ermənistan və Azərbaycan arasında sülh vasitəçisiz reallaşdırılsın ki, regionla bağlı planları olan dövlətlər kənarda qalsın. Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Vyanada keçirilən son görüşündə Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına qərar verildi. Əgər Bakı-İrəvan arasında sülh prosesində irəliləyiş olarsa, paralel olaraq Ankara-İrəvan əlaqələri də inkişaf edəcək. Türkiyənin əsas qayəsi Türkiyə-Ermənistan-Azərbaycan arasında üçlü sülhə nail olmaqdır”.
Professorun fikrincə, Qərbin məqsədi Ermənistan-Azərbaycan gərginliyinin davam etməsi və Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Moskva da Qərbi regiona buraxmamağa çalışır:
“Zəngəzur dəhlizi ilə bağlı İran-Rusiya arasında yaşanan gərginlik Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülhün qarşısını almaq, diqqəti başqa tərəfə yönəltmək məqsədi güdür. Rusiya və İranın Zəngəzur dəhlizindən gözləntiləri fərqli olduğu üçün üçtərəfli sülh yolu ilə irəliləmək daha mümkün və məqsədyönlü görünür”.
İsmayıl Qocayev
https://sherg.az/aktual/274193