Şimdi yükleniyor

Hasan Oktay: Şuşa Bəyannaməsi hərbi müqavilə deyil”

İyunun 15-i Şuşa Bəyannaməsinin imzalanmasının 3 ili tamam olur.

TNS xatırladır ki, sənəd 2021-ci ildə Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Artıq hər iki ölkənin parlamenti və dövlət başçıları sənədi təsdiqləyib.

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay TNS-ə Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb.

Onun fikrincə, “Şuşa Bəyannaməsi dostluq, qardaşlıq müqaviləsidir” başlıqlarının seçilməsi sənədlə bağlı “təhlükəsizlik müqaviləsi” və ya “hərbi müqavilə” kimi yanlış şərhləri aradan qaldırmaq məqsədi daşıyır. Çünki belə bir yanlışlıq beynəlxalq münasibətlərdə sazişin tərəfləri olan Azərbaycan və Türkiyəyə qarşı ittihamlar irəli sürülməsinə yol aça bilər.

“Şuşa Bəyannaməsinin mahiyyətini izah etməzdən əvvəl müqavilənin iştirakçısı olan Azərbaycanın hər hansı hərbi ittifaqa daxil olma ehtimalını araşdırmaq yerinə düşərdi. Əvvəla, Azərbaycan 2011-ci ildən 1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatının üzvüdür. Bu quruma üzv ölkələrin heç bir hərbi ittifaq və ya bloka qoşulması mümkün deyil. Azərbaycan Qoşulmama Hərəkatında iştirak etməklə dolayısı ilə göstərdi ki, heç bir hərbi ittifaqda olmayacaq. Bununla belə, Qoşulmama Hərəkatı üzv dövlətlərə özünümüdafiə hüququndan istifadəni qadağan etmir. Əslində onun belə bir gücü də yoxdur. Başqa sözlə, özünümüdafiə hüququ hansısa müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq, dövlətlərin malik olduğu təməl hüquqdur. Azərbaycanın da özünümüdafiə hüququ var. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə səbəb Ermənistanın hücumları oldu. Bundan sonra Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində əks tədbirlər gördü”, -politoloq qeyd edib.

Hasan Oktay bildirib ki, 2010-cu il dekabrın 21-də qüvvəyə minmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin 2-ci maddəsinə nəzər salmaq yerinə düşər: “Həmin maddəyə əsasən, üçüncü dövlət və ya dövlətlər tərəfindən iştirakçı dövlətlərdən biri silahlı basqın və ya hərbi hücuma məruz qaldıqda, digər tərəfin hücuma məruz qalan dövlətə fərdi və ya hərbi əməliyyatlar çərçivəsində yardım göstərməsi mümkündür.

Məlumdur ki, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Sənəddə bütün sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Mədəniyyət, iqtisadiyyat, elm və təhsil, təhlükəsizlik, terrorçuluqla mübarizə və digər sahələri əhatə edən Şuşa Bəyannaməsinin məqsədi iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsində davam etdirilməsinə nail olmaqdır. Yəni Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni səviyyəyə yüksəldən müttəfiqlik müqaviləsidir. Sənədin “hərbi müqavilə” olduğunu demək böyük yanlışdır”.
https://tns.az/gundem/51900-shusha-beyannamesi-herbi-muqavile-deyil/

Share this content:

Yorum gönder