Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, son günlərdə Ermənistanda əhəmiyyətli dərəcədə dəyişikliklər olub: “Nikol Paşinyan küçə nümayişləri ilə baş nazir seçildi. O, hakimiyyətə gəldikdən sonra tezliklə hərəkətə keçdi və Serj Sarkisyandan gələ biləcək bütün riskləri nəzərətə aldı.
Robert Köçəryanın həbs edilməsi isə Paşinyan hökumətinin gücləndirilməsinə hesablanmış addımdır. Çünki keçmişdə Köçəryan seçkilərə müdaxilədə çox təsirli olub. Şahidlərin sözlərinə görə, o dövrlər müxalifət daha çox səs qazanmışdı. Lakin Köçəryan və onun komandası həm seçkilərə müdaxilə edib, həm də küçə nümayişlərinə müdaxilə edərək ölümlərə səbəb olub. Elə bu küçə nümayişlərindəki ölümlərə görə Köçəryan həbs olundu. O dövrdə Paşinyan küçə nümayişlərinə ciddi şəkildə cəlb edilmiş rəqib idi. İndi hakimiyyətə gəldikdə Köçəryana qarşı başladığı məhkəmə qərarının təmin edilməsinə nail oldu. Bu hərəkət Paşinyana bir tərəfdən güc qazandırarkən, digər tərəfin bəzi çətinliklərlə üzləşməsi üçün yol aça bilər. Bu gərginlik Ermənistanın xalqına da əks olunacaq. Belə ki, qeyri-sabitlik Ermənistan iqtisadiyyatını məhv edə bilər”.
Politoloq əlavə etdi ki, Qarabağ məsələsində bir inkişaf gözlənilir: “Lakin Azərbaycan bölgədə sülhün hakim olması üçün Türkiyə ilə birlikdə iş görməlidir. Qarabağ bəlkə də regionda sülhün bərpası üçün mühüm ərazi olmaqla yanaşı böyük regional müharibə mənbəyidir. Bu yaz Ermənistanda sosial-iqtisadi depressiyalar gözlənilir. Miqrasiya təhlükəsi regional balansa ciddi təsir göstərəcək”
Serj Sarkisyanın sədri olduğu Ermənistan RespublikaPartiyası (ERP) eks-prezident Robert Köçəryanın həbsi məsələsini beynəlxalq arenaya çıxarmaq niyyətindədir. Bu barədə partiyanın parlamentdəki fraksiyası məlumat yayıb. “Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”, – deyə məlumatda bildirilib.
Maraqlıdır ki, baş verənlər bu ölkədə ictimai-siyasi müstəvidə yeni parçalanmaya nə dərəcədə rəvac verə bilər?! Politoloq Zərdüşt Əlizadə bildirir ki, Serj Sarkisyan bu məsələni konkret hansı beynəlxalq tribunaya çıxardacaq?: “Onsuz da BMT, Avropa İttifaqı, Avropa Şurası və digərlərinin hamısında Robert Köçəryanın oğru və cani olmasını bilirdilər. Prezident olduğuna görə, heç nə edilmirdi. İndi də deyəcəklər ki, canini azad edin? Bundan başqa, beynəlxalq təşkilatlar ona heç nə edə bilməz. Beynəlxalq təşkilatların heç bir gücü yoxdur. Odur ki, bunlar boş-boş sözlərdir. Sadəcə, erməni xalqına deyəcəkləri söz yoxdur. Həqiqət odur ki, Robert Köçəryan erməni və Azərbaycan xalqına böyük bəlalar gətirib”.
Zərdüşt Əlizadə əlavə etdi ki, bu proseslər Ermənistan daxilində gərginliyi artırmayacaq: “Çünki, Serj Sarkisyanın devrilməsini erməni xalqı böyük bayram etdi. İndi də Paşinyanın arxasındadırlar və Robert Körçəryanın həbsinə sevinməkdə davam edirlər. Nəzərə alaq ki, Respublika Partiyasının erməni xalq arasında qara qəpik qədər hörməti yoxdur”.
Mübariz BAYRAMOV
http://www.movqe.az/news/siyaset/120400.html