Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü Moskvada keçirilməyəcək. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Xatırladaq ki, hər iki ölkə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada keçirilib. Növbəti təmaslarla bağlı razılıq əldə olunsa da, görüşün harada baş tutacağı ilə bağlı məlumat verilməyib. Ermənistanın “Politekonomia” tədqiqat institutunun direktoru Andranik Tevanyan iddia edib ki, Türkiyənin bütün ilkin şərtləri təmin edilib. Onun sözlərinə görə, “Ermənistan-Türkiyə dialoqu ilkin şərtsizdir” ifadəsi Türkiyə və Azərbaycanın ermənilərə istehzasıdır: “Ankara bütün tələblərini İrəvana qəbul etdirib”.
Rusiyanın “rosbalt.ru” nəşri isə Ermənistan-Türkiyə danışıqları kontekstində çoxlu ziddiyyətlərin olduğunu bildirib. “Niyə Rusiya “öz ziyanına olaraq” Ermənistan və Türkiyəni barışdırır?” başlıqlı məqalədə qeyd edib ki, son dərəcə vacib məsələlər üzrə danışıqlar aparan tərəflər arasında böyük keyfiyyət fərqi var: “Məsələ burasındadır ki, Ermənistanı parlament sədrinin heç bir diplomatik təcrübəsi olmayan 30 yaşlı müavini Ruben Rubinyan təmsil edir. Türkiyənin təmsilçisi isə xarici siyasət sahəsində təcrübəli şəxs, ölkənin ABŞ-dakı keçmiş səfiri olan Serdar Kılıçdır”. Nəşr iddia edib ki, erməni tərəfi diasporanın və ictimaiyyətin qəzəbinə tuş gələrək danışıqlar prosesini dayandırmalı olacaq: “İlkin şərtlər irəli sürməmək tezisi xüsusi bir aldatmadır”. Vurğulanır ki, Paşinyan hökuməti Türkiyə-Ermənistan danışıqları ilə bağlı daxili auditoriya ilə xarici ictimaiyyətə fərqli, bir-birinə zidd açıqlamalar verir. Yəni Ankara hökumətinin ilkin şərtləri İrəvanda qəbul olunsa da, etirazlardan ehtiyat edildiyi üçün gedişatla bağlı cəmiyyət məlumatlandırılmır.
Türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay “Şərq”ə açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına mane olmaq üçün təşəbbüslər olacaq. Professor xatırladıb ki, 2009-cu il oktyabrın 10-da Sürix protokolları imzalansa da, iki ölkə normallaşma istiqamətində yol qət edə bilmədi:
“O zaman Azərbaycan torpaqları işğal altında idi. Ermənistanla sərhədləri bağlayan, diplomatik əlaqələri kəsən Ankara hökuməti bəyan etmişdi ki, ermənilər Azərbaycan torpaqlarını işğaldan azad etmədiyi təqdirdə, hər hansı münasibət qurmaq qeyri-mümkündür. Ona görə də rəsmi Bakı Sürix protokollarına sərt şəkildə qarşı çıxmışdı. Qarabağ münaqişəsi Ermənistan-Türkiyə əlaqələrinin düzəlməsini istəməyən Rusiyanın əlində ən böyük “kozur” idi. Ankara-İrəvan münasibətlərinə birbaşa qarşı çıxa bilməyən Moskva Azərbaycanın narazılığı üzərindən prosesi sabotə edirdi. 44 günlük müharibə regiondakı reallıqları kökündən dəyişdi. İndi sadəcə Türkiyə deyil, Azərbaycan da qonşu Ermənistanla normal münasibətləri bərpa etmək niyyətindədir. Əslində Ankara və Bakının İrəvana yönəlik birgə addımları, Ermənistanı regional əməkdaşlığa cəlb etmək təşəbbüsləri zəruridir. 10 noyabr üçtərəfli bəyanatından bir ildən çox zaman keçsə də, hələ də Zəngəzur dəhlizi və digər kommunikasiya xətləri ilə bağlı məsələlər müzakirə müstəvisindədir. Rusiyanın yanaşması və sülhməramlıların Qarabağdakı mövcudluğu Türkiyəni konkret addımlar atmağa sövq edir”.
H.Oktay vurğulayıb ki, Türkiyə-Ermənistan xüsusi nümayəndələri arasında baş tutan ilk görüş və prosesin ilkin şərtlər olmadan davam etdirilməsi kənar güclərin əlini zəiflətdi:
“Armen Sarkisyanın prezidentlik kürsüsünü tərk etməsinin səbəbləri arasında bu məsələnin də yer aldığı deyilir. İddia edilir ki, Sarkisyan Paşinyan hökumətinin Türkiyə ilə əməkdaşlıq sazişinə imza atmaq istəmir. Ermənistandakı bəzi siyasi dairələrin Ankara ilə yaxınlıqdan narahat olduğu bəllidir. Onlar hər vəchlə prosesə mane olmağa cəhd göstərirlər. Nikol Paşinyan Qərbin etimadını doğrultmaq üçün Türkiyə ilə əməkdaşlığa ehtiyac duyur. Bu açılım bir çox güc mərkəzlərini narahat etdiyi üçün həm Ermənistan daxilində, həm də xaricdə prosesi baltalamaq istəyənlər mövcuddur. Ermənistanın Türkiyə və Azərbaycanla sülhə ehtiyacı var və bu prosesi üç ölkə özü reallaşdırmalıdır”.
İsmayıl Qocayev
https://sherg.az/aktual/187334?fbclid=IwAR1LhXrk0pI0XUMozUKtPJua1s-P3cQpjU4MZyO6KHLlHPxrfwgUWbo-yTE