Qarabağ münaqişəsinin həllində yeni format
Hasan Oktay: “İndi danışılan mövzu Rusiya-İran-Türkiyə üçlüyünün həll prosesinə verə biləcəyi töhfədir” Məhəmməd Əsədullazadə: “Münaqişənin həlli istiqamətində isə Türkiyə-Rusiya formatı daha uğurludur”
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir. Bu təkliflə Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenko çıxış edib.
O bildirib ki, problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər: «Vəziyyətin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün qaçqınların qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir”.
Göründüyü kimi, adları çəkilən ölkələr regionda söz sahibi olan dövlətlərdir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Qarabağ probleminin uzun illər davam etməsinə baxmayaraq, həlli istiqamətində bir irəliləmə yoxdur: “İndi danışılan mövzu Rusiya-İran-Türkiyə üçlüyünün həll prosesinə verə biləcəyi töhfədir. İran baxımından bu prosesə daxil olmaq son dərəcə kritik bir qərardır.
İran bu an dünya ictimaiyyəti il əmünasibətlərində çətin günlər yaşayır. İranın keçmiş dövrdə xarici təzyiqlər səbəbindən Ermənistana ayaqda qalması üçün dəstək verirdi. İndi isə daxili və xarici inkişafı fonunda İran Qarabağ məsələsinin həm həllində aktiv tərəf olmağa və həm də Azərbaycanı dəstəkləməyə yönələcək. Rusiya problemin əsl sahibi kimi xatırlanır. Çar dövründən başlayaraq, SSRİ dövrünə qədər davam edən Qafqaz siyasətini qorxu və narahatlıq üzərində quran Rusiya federasiyaya çevrilərkən, bölgədə süni böhran yaradaraq onunla Qafqazda varlığını davam etdirmək istəyir. Nəticə etibarilə Qarabağda görünüşcə separatçı hərəkat, amma əsasında Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün hərəkətə keçən erməni separatçıları Qarabağı işğal etdilər. Bu işğalı heç kim qanunla tanımadı. Avropa və ABŞ isə bu səhvlərinin nə anlama gəldiyini Ukraynada başa düşdü. Qarabağda səs çıxartmadıqları və hətta altdan-altdan sevindikləri separatçı hərəkat bu dəfə eyni üsul və məqsədlə Ukraynada qarşılarına çıxdı. Aİ və ABŞ-ın Qarabağ mövzusundakı mövqeyi problemin həlli üçün yetərli deyil.
Bölgədə gücü olan İran, Rusiya və Türkiyə həll üçün bir razılığa gələrlərsə, Aİ və ABŞ buna qarşı səs çıxara bilməz. Çünki bu həll eyni zamanda Ukrayna üçün də bir yol xəritəsi ola bilər. İran da ona qarşı ediləcək əməliyyatların qarşısını almış olur. Rusiya isə bölgədə problem yaradan yox, problemi həll edən bir dövlət olaraq varlığını davam etdirir. Həllsizlik hər nə qədər bölgədə Rusiyaya sərf edir kimi görünsə də, burada yaranacaq bir qığılcım rus coğrafiyasına mənfi təsir edəcək”.
Politoloq əlavə etdi ki, Qarabağda yekun həll diplomatiya ilə olmalıdır: “Həm Ermənistan, həm də Azərbaycan diplomatiya üsullarını açıq tutmalıdırlar. Döyüş hər şey bitdikdən, iş tamamilə cığırından çıxdıqdan sonra dövriyəyə girər. Amma bölgədə hər hansısa savaş yaranarsa, bundan başda İran olmaqla bir çox dövlətlər mənfi təsir görəcək. İran bu vəziyyəti ən yaxşı qabaqlayacaq dövlətdir. Keçən dövr ərzində Ermenistana verdiyi dəstəyi indi Azərbaycana verəcək. Bu incə məqam Azərbaycan diplomatları tərəfindən İrana izah edilməlidir. Türkiyə həmişə bölgədə qalıcı sülhün təsis edilməsinin tərəfində olub. Ermənistan isə kürəyindəki böyük bir yükü – Qarabağı çox daşıyamayacaq. Məqbul və aydın bir razılaşma Ermənistanın da işinə yarayar. Savaş ən son çarədir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Dağlıq Qarabağı münaqişəsinin həlli istiqamətində 20 ildən artıqdır hansısa ciddi irəliləyişə nail olunmayıb: “Burada həmsdər dövlətlərin regional maraqlarının toqquşması da mühüm amildir. Buna baxmayaraq, son iki ildir münaqişə ətrafında söz sahibi Rusiyadır.
Rəsmi Kreml daha çox Ermənistana təzyiq rıçaqlarına malikdir. Münaqişənin həlli istiqamətində isə Türkiyə-Rusiya formatı daha uğurludur, nəinki İran faktoru. İran Dağlıq Qarabağ münaqişəsini tormozlayan və işğalçıya dəstək verən əsas dövlətlərdən biridir. Onun münaqişənin həllində üçlük ittifaqında olması Ermənistanın maraqlarına uyğundur. Belə bir formatın yaradılması, Rusiyanın regionda ABŞ və Fransanın sıxışdırılmasına hesablanıb.
Təbii ki, burada proseslər həm də Türkiyə və Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda siyasi ortaq məxrəcindən aslıdır. Ümumiyyətlə, hazırkı regional və geosiyasi gedişat Türkiyə-Rusiya uzlaşmasının uzaq perspektivli olmadığına dəlalət edir”.
Mübariz BAYRAMOV