KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Fransa ssenarisi baş tutmayacaq, Azərbaycan daha da güclənəcək

Hasan Oktay: Fransa ssenarisi baş tutmayacaq, Azərbaycan daha da güclənəcək

Hasan Oktay Hasan Oktay - - 14 dk okuma süresi
300 0

Bəlkə də Sinan Oğan qeyri-rəsmi olaraq Rəcəb Tayyib Ərdoğana bəzi məsələlərdə məsləhət verir və ya ondan fikirləri soruşulur”.

Bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq Həsən Oqtay KONKRET.az-a müsahibəsində deyib.

Geniş müsahibəni təqdim edirik:

– Həsən bəy, son vaxtlarda beynəlxalq təşkilatların Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən qərəzli bəyanatlar verdiyini görürük. Bütün bunlar qarşısında Türkiyənin mövqeyi necə olacaq?

– Beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı gözləntilər var. Xüsusilə, Ukrayna müharibəsindən sonra Avropanın enerji ehtiyaclarının Xəzər dənizi vasitəsilə Qərbə güvənli bir şəkildə çatdırılması baxımından böyük gözlənti mövcuddur. Lakin Rusiya əlində silah olaraq istifadə etdiyi enerjinin Avropaya öz meydanlarından başqa yerdən getməsini istəmir. Rəsmi Moskva öz enerjisini Qərbə sataraq pul qazanmaq və Avropanın başqa yerdən enerji əldə edərək Rusiyaya qarşı qələbə qazanmasını əngəlləməyi hədəfləyir. Yəni Kreml öz əlindəki qazı və nefti silah olaraq istifadə edir və Azərbaycanın Avropaya enerji satmasına da qarşı çıxmağa çalışır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi uğur və bu uğuru sülh danışıqlarına da yansıtmaq istəməsi Fransa və Avropanın bəzi dövlətləri tərəfindən müsbət qarşılanmır. Həmçinin, İran da Azərbaycanın uğurlarından narahat olur və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Bütün bunlara görə də dünya mediasında Azərbaycan əleyhində ciddi mənada mənfi rəy formalaşdırılmağa çalışılır.

Amma Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyə hər saniyə onun yanında olduğunu açıq bir şəkildə ifadə edib. Üstəlik, bu, təkcə sözdə deyil, əməldə də həyata keçirilib. Məsələn, İranla Azərbaycan arasında gərginlik olanda Türkiyənin qırıcıları Azərbaycan səmalarında İrana qarşı əzələ nümayiş etdirdi. Həmçinin, 44 günlük Vətən müharibəsində Türkiyənin bilinən və bilinməyən şəkildə Azərbaycana dəstək verməsi, beynəlxalq aləmdə Azərbaycan əleyhinə formalaşdırılan bütün gözləntilərin üstündən xətt çəkib. Rəsmi Ankara Azərbaycanın bölgədə daha güclü dövlət olması, regiona sülhün gəlməsi üçün əlindən gələni edir və buna da davam edəcək. Azərbaycan da Türkiyə ilə birlikdə hərəkət edərək, Türkiyəni və Türk Dövlətləri Təşkilatını arxasına alaraq gücünü və imkanlarını daha da artıracaq.
– Türkiyədə keçirilən prezident seçkilərindən sonra Sinan Oğana heç bir vəzifə verilməməsini necə dəyərləndirirsiniz? Çünki seçki ərəfəsində Sinan Oğanın müxtəlif vəzifələrə layiq görülə biləcəyinə dair çox sayda iddia var idi…

– Türkiyədə 28 mayda keçirilən prezident seçkilərində balansı dəyişmək baxımından çox önəmli bir vəziyyət yarandı. Həm iqtidar, həm də müxalifət Sinan Oğanla birlikdə hərəkət edərək, nəticə əldə etmək arzusunda idi. Çünki onun aldığı 5% səs önəmli idi. Amma seçkidən sonra Sinan Oğanın seçilərinin nə qədərinin iqtidara və ya müxalifətə səs verdiyi ciddi şəkildə müzakirə olunur. Sinan Oğanın 100 min imza toplayıb namizəd ola bilməsi üçün türk milliyətçiləri ona səs vermişdi. Məqsəd isə fərqli namizədlərin olması idi. Düşünürəm ki, türk milliyətçiləri özləri namizəd çıxarmadığı, yəni Milliyyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi üçün Sinan Oğanın alternativ namizəd olması üçün ona səs verərək iradə ortaya qoydular. Onların böyük əksəriyyəti MHP-nin Rəcəb Tayyib Ərdoğanla qurduğu ittifaqa etiraz edənlər idi. Dolayısı ilə Sinan Oğana səs verənlər iki namizəd arasında tərəfsiz qalanlar və ya daha çox müxalifətə yaxın olanlar idi.

Onsuz da Sinan Oğanın namizədliyini irəli sürən ATA İttifaqı da daha sonra müxalifəti dəstəklədi. Buna görə də Sinan Oğanın ona səs verənlərlə məsləhətləşmədən tələsik iqtidarı dəstəklədiyi ilə bağlı bir fikir formalaşdı. Hətta türk milliyətçiləri buna görə Sinan Oğana ciddi şəkildə təpki belə göstərirlər. Təbii ki, S.Oğan namizəd olanda və daha sonra Ərdoğanı dəstəkləyəndə bəzi gözləntiləri var idi. Onun nazir, prezident köməkçisi və ya başqa yüksək vəzifə alacağına dair yüksək gözləntilər formalaşdı. Seçkilər bitdikdən sonra Sinan Oğanı bir neçə açılışda və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində gördük. Ondan sonra isə onun adı unudulmağa başlayıb. Bəlkə də Sinan Oğan qeyri-rəsmi olaraq Rəcəb Tayyib Ərdoğana bəzi məsələlərdə məsləhət verir və ya ondan fikirləri soruşulur. Amma nəticə etibarilə Sinan Oğan fərd olaraq qaldı. Hazırda Oğanın seçicilərinin onu tərk etdiyi dilə gətirilir. Xüsusilə əvvəllər sosial şəbəkələrdə Oğanla bağlı müsbət paylaşımlar edənlər onun seçimindən sonra tamamilə əks mövqe bildirirlər. Demək olar ki, onun populyarlığı artıq bitib. Hazırda Sinan Oğan protokollarda ön sıralarda olsa da, rəsmi bir vəzifəsi yoxdur. Belə olduğu üçün də türk milliyətçiləri Sinan Oğanla bağlı sükuta qərq olublar.
– Bəs Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkilərində hansı partiyanın daha avantajlı olduğunu düşünürsünüz? Sizcə, Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul və Ankarada qazana bilərmi?

– Bildiyiniz kimi, ötən bələdiyyə seçkilərində müxalifət iqtidara qarşı ciddi mənada qələbə qazanmışdı. Yəni önəmli böyük şəhərləri “Millət İttifaqı” almışdı. O həyəcanla prezident seçkilərində hazırlandılar və Kamal Kılıçdaroğlu az bir fərqlə məğlub oldu. Təbii ki, məğlub olmağın gətirdiyi ruh düşkünlüyü CHP daxilində fikir ayrılıqlarını meydana çıxardı. Düşünürəm ki, müxalifət yenidən ittifaq qurmasa, AKP İstanbul və Ankara başda olmaqla bir çox böyük şəhəri geri ala bilər. Amma hələ bələdiyyə seçkilərinə 7-8 ay vaxt var. İYİ Partiya qurultaya getdi, CHP-də isə sədrin dəyişib-dəyişməyəcəyi ilə bağlı bir məsələ var. O da həll olsa, yenə böyük şəhərlərdə müxalifət qazana bilər.

Nəzərə almaq lazımdır ki, bu, həm də Rəcəb Tayyib Ərdoğanın son seçkisi olacaq. Yəni sonda bələdiyyə seçkilərini qələbə ilə taclandıra bilərlər. Və yaxud da əksinə olaraq, seçkilərdə məğlub olsalar, bundan sonrakı prezident seçkilərində imkanlarının zəifləmə ehtimalı ola bilər. Fikrimcə, müxalifət bələdiyyə seçkilərində uğura nail olsa, növbəti prezident seçkilərində yenidən mübarizə apararaq bu dəfə qalib də gələ bilər.

– Bəs günlərdir Fransada davam edən etiraz aksiyaları ilə bağlı nə düşünürsünüz?

– Fransada son 20 ildə bu və ya bənzər etiraz aksiyalarının zaman-zaman yaşandığını görürük. Xüsusilə şimali afrikalı qaçqınlar tərəfindən Fransa küçələrində etirazların yaşandığını və sonra birdən-birə olayların dayanması ilə qarşılaşırıq. Təbii ki, bunun psixoloji və siyasi səbəbləri var. Həmçinin, beynəlxalq sistemdəki rəqabətin və mübarizənin nəticəsində olduğunu söyləyənlər də mövcuddur. Fransa Şimali Afrika bölgəsindən ciddi mənada rəsmi və ya qeyri-rəsmi miqrant axını ilə qarşı-qarşıyadır. Üstəlik, onlar Fransada bir çox qanunsuz əməllərlə də məşğul olurlar. Bununla yanaşı, dövlətə tabe olmayan bu qruplaşamlar Afrikadakı həyat şərtlərini Fransaya daşıyaraq, ikili cəmiyyət yaradırlar. Yəni hazırda Fransada fransızlar və Afrikadan gələn miqrantlar yaşayır. Buna görə də onlar arasında zaman-zaman gərginlik yaşanır. Hətta bəzən dövlətin sərt müdaxiləsini görürük. Son olaraq 17 yaşlı bir gəncin öldürülməsi ilə partlayışa hazır Fransa cəmiyyətində ciddi bir hərəkətlənmə yaşandı. Paris hakimiyyəti qoruyur və etirazların pik səviyyəsi keçən kimi müdaxilə edir. Nəticədə isə etirazçıların bir qismi həbs olunur. Bununla da yaranan qorxu dairəsi vasitəsi ilə digər miqrant kütlələrini sistemə tabe etməyə çalışırlar.

Həmçinin, Fransa və Türkiyə Afrikada hakimiyyət uğrunda mübarizə aparırlar. Hətta bəzən Türkiyə Fransanın Afrikadakı mənfəətlərini ciddi şəkildə zədələyir. Bu isə fransızların orada ərazi itirməsinə gətirib çıxarır. Belə olduğu üçün Fransada Türkiyə əleyhinə kampaniyalar həyata keçirirlər. Bununla yanaşı, Türkiyə Qarabağ məsələsində Azərbaycanı tam şəkildə dəstəkləyir. Amma Fransa Rusiya ilə birlikdə Qarabağ məsələsində Türkiyə və Azərbaycanın qarşısında yer və rol almağa çalışır. Üstəlik, Fransa Rusiyaya yaxınlaşdığı üçün həm ABŞ, həm də Türkiyə narazılığını bildirir.
– Ötən həftə Rusiyada “Vaqner” üsyanı yaşandı. Sizcə, son baş verənlərdən sonra “Vaqner” artıq tamamilə ləğv oldu, yoxsa başqa proseslərin şahidi olacağıq?

– “Vaqner” məsələsi olduqca önəmlidir və bütün dünyanın yaxından izlədiyi bir mövzudur. “Vaqner”in Rusiyanın qeyri-rəsmi silahlı gücü olaraq fəaliyyət göstərən muzdlu qruplaşma olduğu bilinir. Qruplaşmanın rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu və böyük sərvətə sahib milyarderdir. Lakin son 6 aydır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimovla “Vaqner” arasında Ukrayna məsələsində ciddi gərginliklər olurdu. Bu gərginliklər dayanılmaz həddə gəldikdə Priqojin üsyana cəhd etdi. Ümumiyyətlə, “Vaqner” hər nə qədər güclü olsa da, nizami ordu ilə mübarizə aparması mümkün deyil. Yəni həmin üsyanın uğurlu olmasından söhbət belə gedə bilməzdi.

Amma Priqojin Şoyqu və Gerasimovu hədəf alan açıqlamaları ilə Moskvaya doğru irəliləməyə qərar verdi. Amma bu uğurla yekunlaşa bilməzdi. Onsuz da Kreml son 6 aydır ki, “Vaqner”i parçalamağa çalışırdı. Priqojinin də dediyi kimi, onlara silah və güllə verilmirdi və onların Müdafiə Nazirliyinin tabeliyinə verilməsi istənilirdi. Buna təpki olaraq belə bir üsyan baş verdi. Bununla da Putin həm Şoyqu və Gerasimovu, həm də Priqojini nəzarəti altına ala bildi. Putin Priqojini Belarusa göndərərək, “Vaqner”in Ukraynada etdiyi cinayətlərin Rusiya ilə əlaqəsinin olmadığını göstərməyə çalışdı. Kreml bir növ Putin barəsindəki ittihamları kənarlaşdırmağı hədəflədi.
Düşünürəm ki, “Vaqner” mövcudluğunu qeyri-rəsmi formada davam etdirməyə çalışacaq. Hətta “Vaqner”in Belarusda hərbi bazalar qurması Ukrayna-Belarus toqquşmalarına da səbəb ola bilər. Üstəlik, Polşanın da buna daxil olması gündəmə gələ bilər. Yəni “Vaqner” kriz yaratmağa davam edəcək. Bütün bunlara rəğmən, “Vaqner” hazırda qeyri-rəsmi bir qruplaşmadır və bu formada mövcud olma şansı çox azdır.

Məncə, Priqojinin üsyanı Rusiyada gələn il keçiriləcək prezident seçkilərinin nəticələrinə də təsir edə bilər. Düzdür, Rusiyadakı seçkilərin demokratik keçirilməsindən söhbət getmədiyi üçün Putin yenidən seçiləcək. Əgər Putin bir sui-qəsdə qurban getməsə və Ukrayanada məğlub olmasa yenidən namizəd olub prezident seçiləcək. Amma bu, beynəlxalq sistemin Rusiyanı təcrid etməyini əngəlləməz.

Elmir Kamal,

KONKRET.az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir