Bir çox dünya liderləri Birləşmiş Millətlər Təşkilatının 79-cu iclası üçün Amerikada bir araya gəliblər. Bundan başqa, maraqlı atmosferdə keçən görüşdən əvvəl liderlər müxtəlif mühitlərdə bir araya gələrək, dünya gündəmi ilə bağlı fikir mübadiləsi aparıblar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi fikirlərə, o cümlədən Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı mövcud rəyinə toxunub.
H. Oktay diqqətə çatdırıb ki, Prezident Ərdoğanın Nyu-Yorkda müxtəlif liderlərlə də təmasları olub:
“Ərdoğanın ötənilki görüşdə danışdığı mövzulardan sonra dünya siyasətində baş verənləri nəzərə alsaq, bu il 79-cu görüşdən sonra da dünyada maraqlı hadisələrin yaşana biləcəyini istisna etmirəm. Ərdoğanın ən diqqətçəkən görüşlərindən biri də Albaniya lideri, Almaniya kansleri və ən əsası Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş olub.
Albaniya prezidenti ilə görüşündə Amerikanın bektaşiliyi dinə çevirmək və Vatikana bənzər bir dövlət yaratmaq cəhdi ən çox diqqət çəkən məsələ oldu. Almaniya kansleri Olaf Şolz bu yaxınlarda Qazaxıstan və Özbəkistana səfər etmişdi. Bu səfərdən sonra Ərdoğanla görüş isə çox əhəmiyyətli idi”.
Onun sözlərinə görə, digər görüşlər arasında Ərdoğanın BMT tribunasından çıxışından sonra Paşinyanla görüşü də diqqətçəkən bir məqamdır:
“Ərdoğan çıxışında, əslində, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bir ipucu da verdi.
Paşinyanla görüşdə mətbuata heç bir məlumat verilməsə də, fikrimcə, Cənubi Qafqazda sülhün bərqərar olması müzakirə olunacaq əsas mövzulardan biri olub. Ona görə ki, Türkiyə Cənubi Qafqazda Ermənistan-Azərbaycan-Türkiyə arasında üçtərəfli sülhün bərqərar olması üçün səylər göstərir. Türkiyənin bu sülhün dərhal və heç bir ön şərt olmadan bağlanacağına dair gözləntiləri isə gündən-günə daha qabarıqlaşır”.
Rafi Müslümov
https://yenicag.az/erdogan-bmt-de-cixisinda-bir-ipucu-verdi-hasan-oktay/